Azərbaycan xalqına qarşı törədilmiş və uzun illər boyu öz siyasi-hüquqi qiymətini almamış 31 Mart soyqırımı tariximizin faciəli səhifələrindən biridir. 1918-ci ilin mart ayından etibarən Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan Şamaxı, Quba və digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmiş, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişdir.
1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.
Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çox sayda yeni faktlar və sənədlər toplanmışdır. Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilmişdir. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilmişdir. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilmiş, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınmışdır.
Azərbaycan xalqı və dövləti soyqırım qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı erməni faşizminin iç üzünü görmək üçün bu tarixi hadisələrdən ibrət götürməyə çağırır. 31 mart 2024-cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin dəstəyi və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Soyqırım hadisələrinin 106-cı ildönümü ilə əlaqədar olaraq Quba Soyqırımı Memorial Kompleksi ziyarət edilib.
Hər il 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş respublika səviyyəli tədbirlərdə aktiv iştirak edən gənc alim və mütəxəssislər abidənin üzərinə gül dəstələri qoyub, kompleks daxilində muzey və sərgini ziyarət ediblər.