Dünya şöhrətli alim, Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, ABŞ-ın Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru Əziz Sancar Molekulyar Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) olub.
Görüşdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, AMEA-nın vitse-prezidenti, MBBİ-nin direktoru akademik İradə Hüseynova, AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva, Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov, eləcə də MBBİ-nin əməkdaşları iştirak ediblər.
Əvvəlcə Nobel mükafatı laureatı Əziz Sancar institutun müasir avadanlıqlarla təchiz olunmuş Genomun quruluşu və ekspressiyası, Hüceyrənin membran sistemləri, Bioadaptasiya və Populyasiya genomiksi laboratoriyalarında aparılan elmi işlərlə, həmçinin akademik Cəlal Əliyevin kitabxanası və iş otağı ilə tanış olub.
Akademik İradə Hüseynova qonağa rəhbərlik etdiyi institutun yaranma və inkişaf tarixi, strukturu, burada aparılan tədqiqat işləri, əldə olunan uğurlar, hazırlanan kadr potensialı, müəssisənin beynəlxalq əlaqələri və qrant layihələrində iştirakı barədə məlumat verib. Bildirib ki, Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin yaranması və əsaslı inkişaf etdirilməsi akademik Cəlal Əliyevin adı ilə bağlıdır. Cəlal Əliyevin yaratdığı ənənəyə uyğun olaraq Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda gənclərin elmi fəaliyyəti və dünya elminə inteqrasiyası üçün bütün imkanlar yaradılıb.
İnstitut direktoru Əziz Sancar yaradıcılığının bu elm ocağında xüsusi yeri olduğunu vurğulayıb, dünya şöhrətli alimi MBBİ-də görməkdən böyük fəxr hissi keçirdiyini deyib.
MBBİ-də olmaqdan məmnunluğunu ifadə edən Nobel mükafatçısı institutun kadr potensialını, burada elmi-tədqiqat istiqamətində aparılan işləri yüksək qiymətləndirib, əməkdaşlara fəaliyyətlərində uğurlar arzulayıb.
O, Nobel mükafatını qazanmasına səbəb olan DNT təmiri sahəsindəki araşdırmaları və bioloji saatın tənzimlənməsinin əsaslarından danışıb. Əziz Sancar Nobel mükafatının əldə olunması istiqamətində təcrübələrini MBBİ alimləri ilə bölüşüb.
Sonda o, institutun “Xatirələr kitabı”na ürək sözlərini yazaraq, MBBİ-nin gənc əməkdaşlarının genetika sahəsindəki tədqiqatlarının Azərbaycanda və ümumilikdə Türk dünyasında insanlığa faydalı olacağına inamını bildirib.
Nobel mükafatçısı müəllifi olduğu “Hayatı və bilimi” adlı kitabını MBBİ-yə hədiyyə edib.
Qeyd edək ki, Türk dünyasının elm fədaisi Əziz Sancar Azərbaycana AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin dəvəti ilə gəlib. Alim iyunun 6-dək davam edəcək səfəri müddətində AMEA-nın Ümumi yığıncağının Xüsusi iclasında “Türk dünyası elm siyasəti: reallıqlar və çağırışlar” mövzusunda məruzə ilə çıxış edəcək, həmçinin bir sıra müəssisələrdə görüşlər keçirəcək.