sa sa 668
MBBİ-də Biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsi keçirilib + Foto İyn 25, 2024 | 16:34 / Mühüm hadisələr

İyunun 25-də ED 1.25 Dissertasiya Şurasında AR ETN Botanika İnstitutunun əməkdaşı Emil Şükürlü tərəfindən təqdim edilən “Azərbaycanda südləmə (lactuca L.) növlərinin bioloji fəal maddələrinin tədqiqi” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilib.

Dissertasiya işi 2017-2023-сü illər ərzində AR ETN Botanika İnstitutunun "Bitki ehtiyatları" şöbəsi, Mikrobiologiya İnstitutunun "Mikrobioloji biotexnologiya" laboratoriyası, Azərbaycan Tibb Universitetinin "Tibbi Mikrobiologiya və İmmunologiya" kafedrası, Anadolu Universiteti, Bitki, Dərman və Elmi Araşdırma və Tətbiq Mərkəzi və Anadolu Universiteti, Əczaçılıq fakultəsi "Farmakoqnoziya" kafedrasında yerinə yetirilib. İşin elmi rəhbərləri Əməkdar elm xadimi, kimya elmləri doktoru, professor mərhum Siracəddin Sərkərov və biologiya elmləri doktoru, dosent Ədilə Ələsgərovadır.

İddiaçı dissertasiyanın əsas müddəalarını geniş şərh edib. O qeyd edib ki, tədqiqat işində L. serriola və L. tatarica növlərinin tərkibində aşkar edilən kimyəvi birləşmələrdən tibbi praktikada əhəmiyyətli olanları müəyyən edilib və bu məlumatlar həmin birləşmələrin göstərilən növlərdən alınma metodologiyasının işlənib hazırlanması və əczaçılıq sənayesində tətbiqi ilə bağlı gələcək tədqiqatlar üçün yeni perspektivlər açır. Növlərin kimyəvi tərkibi və növ ehtiyatına aid əldə edilən məlumatlardan “Azərbaycan florası” kitabının yeni nəşrində, həmçinin “Azərbaycanın təbabət bitkiləri” əsərlərinin yazılmasında istifadə edilə bilər.

Rəsmi opponentlərin çıxışları dinlənildikdən sonra dissertasiya işi ətrafında geniş müzakirələr aparılıb. İddiaçı şura üzvlərinin suallarını cavablandırıb, opponentlərin tövsiyə və iradlarına öz münasibətini bildirib. İddiaçının yekun sözləri dinlənildikdən sonra səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, Emil Şükürlüyə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.