sa sa 418
“Qlobal iqlim dəyişkənliyi şəraitində bitkilərin zərərverən orqanizmləri və onların idarə edilməsi” mövzusunda respublika konfransı keçirilib + Foto Sen 26, 2024 | 15:20 / Konfranslar, iclaslar

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Gəncə şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəstək məqsədilə “Qlobal iqlim dəyişkənliyi şəraitində bitkilərin zərərverən orqanizmləri və onların idarə edilməsi”  mövzusunda respublika elmi-praktik konfransı keçirilib.

Konfransın açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbərliyi və alim heyəti, şəhərdə fəaliyyət göstərən universitetlərin rektorları, elmi-tədqiqat institutlarının direktorları və nümayəndələri, o cümlədən gənc tədqiqatçılar, elm xadimləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru AMEA-nın müxbir üzvü İbrahim Cəfərov konfransı giriş sözü ilə açaraq qonaqları salamlayıb, dövlətimizin müvafiq Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xatırladıb və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçiriləcəyini qeyd edərək, belə bir mötəbər tədbirin Bakıda baş tutmasının qlobal ictimaiyyətin Azərbaycana yüksək etimadı ilə yanaşı, həm də respublikamızda bu sahədə aparılan mühüm xidmətlərlə bağlı olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, COP29 dünyada ətraf mühitin qorunmasına böyük töhfə verən tədbir olacaq. Daha sonra konfransda bu məsələlərlə bağlı geniş müzakirələrin aparılacağını və alimlər tərəfindən ediləcək elmi məruzələrin önəmini qeyd edib.

Niyazi Bayramov Prezident İlham Əliyevin rəhbərliyi ilə paytaxt Bakıda COP-29 kimi əhəmiyyətli tədbirin keçirilməsi istiqamətində görülən işlərdən bəhs edib. Şəhər rəhbəri onu da qeyd edib ki, COP29-un Azərbaycanda keçirilməsi, ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə fəallığını və bu sahədəki öhdəliklərini nümayiş etdirmək üçün bir fürsətdir.

Akademik İradə Hüseynova çıxışında elmi konfransda müzakirə olunan mövzuların əhəmiyyətindən danışıb. Mövcud ekoloji problemlərin aradan qaldırılmasında elmin xüsusi roluna diqqətçəkən natiq qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin inkişaf etdirdiyi ekologiyanın sağlamlaşdırılmasına istiqamətlənmiş siyasi kurs məhz dərin fundamental və tətbiqi elmi araşdırmalara və onların nəticələrinə əsaslandığına görə uğur qazanmışdır. Akademik İradə Hüseynova bildirib ki, qlobal iqlim dəyişikliklərinin bitki zərərvericilərin idarə olunmasında yaratdığı çətinliklərin aradan qaldırılması süni intellekt, metagenom analizlər, gen redaktə və s. yüksək texnologiyaların vasitəsi ilə təmin oluna bilər. Bu texnologiyaların tədqiqi və tətbiqi ilə bitki mühafizəsində daha dayanıqlı və məhsuldar sistemlər yaradıla bilər. Alim ətraf mühitlə bağlı problemlərin həll olunmasında konfransda dinləniləcək elmi məruzələrin faydalı ola biləcəyini vurğulayıb.

Sonra elmi tədqiqat institutlarının rəhbər şəxsləri, tanınmış alim və mütəxəssislər çıxış edərək qlobal iqlim dəyişiklikləri və onların fəsadları, çıxış yolları haqqında mülahizələrini bildirib, konfransın işinə uğurlar arzulayıblar.

Elmi-praktik  konfrans öz işini 9 bölmə iclası ilə davam etdirib.