sa sa 1775
Qorxu pandemiyası Apr 13, 2020 | 17:28 / Nəşrlər

Müasir dövrdə sinir sistemi pozulmuş insanlar çox asanlıqla panikaya düşürlər. Planeti zəbt edən koronavirus infeksiyası da müxtəlif sinif və təbəqələrdən olan insanların panikaya nə qədər asanlıqla düşdüyünü göstərib. Lakin epidemiyalar dövründə qorxu və panika xəstəliyin özü qədər dəhşətlidir.

Psixoloqların fikrincə, epidemiyanın qurbanına çevrilməmək üçün insanlar xəbərləri daha az dinləməli və yaxınlarına daha çox diqqət yetirməlidirlər. Ən əsası baş verənləri ayıq və emosiyasız qiymətləndirmək zəruridir.

AMEA Mikrobiologiya İnstitutunun Torpaq ekologiyası laboratoriyasının müdiri, professor Nəriman İsmayılov “Kaspi” qəzetinə müsahibəsində bildirib ki, informasiya texnologiyalarının vüsət alması ilə insanlar internetdə böyük məlumat axını ilə qarşılaşırlar. O, qeyd edib ki, elm adamları 25 yaşında olan bir gəncin ömrünün 8 ilini İnternetdə keçirdiyini müəyyənləşdiriblər.

Onun sözlərinə görə, hazırda yeni məlumatlar əldə etmək sürəti dəfələrlə artıb. Nəticədə beyin qavraya biləcəyindən çox məlumat alır. Buradan isə daim neyrotizasiya, daimi stress yaranır ki, bu da hər zaman tənqidi düşüncənin itirilməsinə səbəb olur. Beləliklə, infovirus üçün mükəmməl bir mühit əldə olunur.

Məqalədə qeyd olunur ki, stress bədəndə balansın pozulmasına, psixosomatik pozğunluqlara səbəb olur və xroniki xəstəliklərin ağırlaşmasına gətirib çıxarır. Pandemiya zamanı fiziki sağlamlığı qorumaq üçün epidemiya ilə bağlı xəbərlərdən sui-istifadə olunmamalıdır.

Bununla yanaşı, epidemiyanın növbəti qurbanları haqqında xəbərlərə İnternetdə vaxt sərf etmək və ya televiziya kanallarını seyr etmək əvəzinə, yaxın insanlara daha çox diqqət yetirilməli, uşaqlar və yaşlı qohumlarla daha çox ünsiyyət qurulmalıdır. Onların bu çətin zamanda daha çox qayğıya ehtiyacı var.

Mütəxəssislərin fikrincə, dünyada koronavirus epidemiyası bütün sahələri, eləcə də şirkətlərin və istehlakçıların davranış qaydalarını dəyişdirə bilər. Onlayn alış-verişə keçid uzunmüddətli bir tendensiya halını ala, həmçinin işçilərin distant iş rejimə keçməsinə səbəb ola bilər. Qlobal iqtisadiyyata COVID-19 infeksiyasından qorxan insanların sayı ona yoluxmuş xəstələrin sayından daha çox təsir edir. Qorxu insanların davranışını, virus qorxusu isə qlobal iqtisadiyyatda tələb və təklifi dəyişdirir. Bu zaman texnologiyadan istifadə bəzi problemlərin həllini asanlaşdıra bilər. Belə ki, qlobal iqtisadiyyatın bir hissəsi hətta karantin zamanı da işləyə bilir. Bu, mənfi təsiri ləğv etməsə də, onu qismən azaltmağın bir yoludur.

Azərbaycan hökumətinin pandemiyanın nəticələrini minimuma endirmək üçün verdiyi bütün qərar və tədbirlər də epidemiyanın sürətlə sona çatması üçün bir şərt kimi ümumbəşəri qorxunu aradan qaldırmağa yönəldilib.

Ölkəmizdə yalnız həkimlər deyil, o cümlədən elm adamları müəyyən bir xəstəliyin yayılması və ya adi təzahürləri zamanı cəmiyyətin psixoloji vəziyyəti ilə məşğul olmalıdırlar. Cəmiyyətin sağlam mənəvi durumu, psixikası, pandemik panikaya dözmək qabiliyyətinin olması, hər şeydən əvvəl, immunitet sistemini gücləndirir və xəstəliyin aradan qaldırılmasına kömək edir.

"Kaspi" qəzeti

www.science.gov.az