sa sa 2601
Heydər Əliyev və Azərbaycan mətbuatı Apr 30, 2020 | 15:36 / Nəşrlər

Ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyev haqqında zəmanəmizin elm, ədəbiyyat və mədəniyyət xadimləri canlı faktlar, dəlillər əsasında qiymətli fikirlər söyləyib.

“Heydər Əliyev obrazı ədəbi-filoloji fikirdə” adlı məqaləmizdə yalnız Akademiya və universitetlərdə fəaliyyət göstərən fikir xadimlərinin ümummilli lider haqqında düşüncələrini qələmə almışıq və “Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı. Tarixi gerçəklikdən ideala” adlı kitaba daxil etmişik (Bakı, “Elm və təhsil”, 2018). Bu, ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. 

İkinci yazımızda isə ümummilli liderin elm və mədəniyyət xadimlərinin əsərlərində canlandırılmış obrazının fərdi cizgiləri üzərində dayanmış, görkəmli şair, yazıçı və alimlərimiz, habelə, bəzi incəsənət xadimlərimizin publisistik fikir və düşüncələrini şərh etmişik.

Oxuculara təqdim etdiyim bu məqalə “Heydər Əliyev və mətbuat” adlı dördcildliyin nəşri münasibətilə yazılıb. Sözümü monunental dördcildliyin tərtibçisi professor Teymur Əhmədovun həmin kitab barəsində yazdığı məqaləsi ilə başlayıram. Müəllif bildirir: “Çox nəfis və müasir kitab mədəniyyətinin ən vacib poliqrafiya estetikasını özündə daşıyan bu dördcildlikdə Azərbaycan xalqının ümummilli lideri, Azərbaycan dövlətinin və Azərbaycan demokratik sisteminin arxitektoru, Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin çox mühüm bir cəhəti - mətbuatla bağlı son on illik ömür yolu öz əksini tapmışdır”.

“Heydər Əliyev və mətbuat” kitabının “Böyük siyasət və demokratik mətbuat” adlı ön sözünün müəllifi, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Milli oyanış və müstəqillik”, “Yeni tarixi dövr və yeni düşüncənin formalaşması”, “Qarabağ problemi və onun ətrafında gedən müharibəyə münasibət”, “Azad söz, azad fikir, demokratik düşüncə”, “Şərqlə Qərbin körpüsü” adlı mərhələləri üzrə əhatəli təhlillər aparıb, analitik qiymətləndirmə və dəyərləndirməyə üstünlük verib. Professor Teymur Əhmədov da alimin elmi-nəzəri fikrinin işığında ümumiləşdirib ki, “Həqiqətən də, Heydər Əliyevin təkcə mətbuatla bağlı fikir və düşüncələrinə, nəzəri və praktik siyasi fəaliyyətinə diqqətlə baxdıqda aydın görünür ki, bizim milli oyanışımız və milli müstəqilliyimiz onun yeni rəhbərlik dövrünün başlanğıcıdır. Yeni tarixi dövrün və yeni düşüncənin formalaşması, əslində müstəqilliyin qorunub saxlanılmasını şərtləndirən əsas keyfiyyətdir ki, Heydər Əliyev fəaliyyətinin növbəti mərhələsində bunu əsas götürmüşdür.”

Yazıda ümummilli liderin 1993-2003-cü illərdəki siyasi fəaliyyəti ümumiləşdirilib, ulu öndərin ölkəmizdə və xaricdə kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr, brifinqlər, görüşlərdə ifadə etdiyi fikirlər elmi təhlillərə cəlb olunub.

Professor Teymur Əhmədov xatırladıb ki, Ulu Öndər milli mətbuatımıza çox bağlı olub, onun bədii-tarixi funksiyasına daha artıq dəyər verib. Heydər Əliyev hesab edib ki, milli mətbuatımızın xalqımıza, ölkəmizin inkişafına, milli-mənəvi dəyərlərimizin formalaşmasına, mədəniyyət, elm və incəsənətimizin tərəqqisinə çox böyük faydası olub.

Azərbaycan mətbuatı milli dilimizi qoruyub, zənginləşdirib, jurnalistikanın açıq söz demək cəsarətini gücləndirib, yazıçılarımızın, mədəniyyət işçilərimizin qurultay və yığıncaqları keçirilib, bütün bunlar ulu öndərin təşkilatçılığı və rəhbərliyi ilə baş verib. Mətbuat ulu öndər üçün milli siyasət məqsədi daşıyıb. Professor Teymur Əhmədov bu baxımdan hesab edir ki, dördcildlik “bir xalqın dilinin, dininin, mənəvi sərvətlərinin qorunması məktəbini yaratmış, dünyada hesaba alınan, sayılan-seçilən bir dövlət yaratmış ümummilli liderin siyasi kursunun ensiklopediyası kimi qiymətləndirilməlidir.”

Professor Teymur Əhmədov dördcildlikdə ümummilli lideri dünya səviyyəli siyasi xadim və müdrik dövlət başçısı kimi obrazlaşdırıb, hesab edir ki, bu sanballı kitab Heydər Əliyev fenomeninin qüdrətinin ifadəsidir.

Professor Teymur Əhmədov Qarabağ problemləri ilə bağlı fikirləri dördcildliyin mühüm hissəsi hesab edib. Həmin fikir və mülahizələrin dövlət başçısının mətbuata, jurnalistlərə verdiyi müsahibələr, müxtəlif görüşlərdəki çıxışlar zəminində gerçəklik qazandığını diqqətə çatdırıb. Heydər Əliyev Qarabağ probleminə həmişə həssas və müdrikcəsinə yanaşıb, məsələlərin dünya ictimaiyyətinə düzgün çatdırılmasına böyük çətinliklərlə nail olub.

Digər bir məsələ Heydər Əliyevin azad söz, azad fikir, demokratik düşüncəsi ilə bağlıdır. Ulu öndərin demokratik dəyərlərə qiymət verməsi mühüm strateji əhəmiyyət kəsb edib, müstəqilliyin və dövlətçiliyin möhkəmləndirilməsinə xidmət göstərib.

Professor Teymur Əhmədovun ifadə etdiyi mühüm elmi müddəa ulu öndərin Azərbaycanda hüquqi, vətəndaş dövlətinin qurulmasını fəaliyyətinin mühüm istiqaməti hesab etməsi ilə əlaqəlidir. Görkəmli mətbuat nümayəndəsi yazıb: ulu rəhbər ölkədə ilk növbədə sabitliyə, sabitlik fonunda demokratik dəyərlərin formalaşmasına nail olub, azad mətbuat, azad fikrə qayğını siyasi kursunun əsas parametrlərindən sayıb: “Prezidentin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərmanı ölkədə plüralizmin bu günkü və sabahkı inkişafının qarantı rolunu oynayır”. Fərman əsasında senzura siyasəti dayandırılıb, “fərmandan sonra Azərbaycanda söz azadlığı, azad mətbuat modeli mühüm inkişaf istiqamətinə qədəm” qoyub.

Heydər Əliyev müsahibə və çıxışlarında, jurnalistlərlə görüşlərində azad mətbuatın rolunu yüksək qiymətləndirib, onu demokratiyaya aparan yolun mühüm vasitəsi hesab edib.

Professor Teymur Əhmədov da “Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi haqqında” Fərmanın əhəmiyyətini belə səciyyələndirib: elmi və praktik cəhətdən dəqiqliyində, dəqiq icraya yönəlmiş istiqamət, milli mətbuatın tarixi inkişaf mərhələlərini araşdıran sənəd olması və s. Alim bu fərmanı mətbuat tariximizin qısa və lakonik salnaməsi kimi qiymətləndirib. Dəyərləndirib ki, “fərmanda XIX əsrin sonlarında Azərbaycan mətbuatını inkişaf etdirmiş Ünsüzadə qardaşları, Məhəmməd ağa Şahtaxtlı və onun “Şərqi-rus” qəzeti, mədəniyyətimizin möhtəşəm ədəbi abidəsi olan “Molla Nəsirəddin” jurnalı, Cəlil Məmmədquluzadə və Ceyhun Hacıbəyli kimi jurnalist şəxsiyyətləri, sovet dönəmi Azərbaycan jurnalistikası, müasir mətbuatımızın, yeni jurnalistikamızın durumu barədə neçə illər bundan sonra da aktual olacaq qiymət meyarı vardır.”

Təbii ki, Ümummilli Liderin KİV-in hüquqi bazasının yaradılması, iqtisadi bazasının möhkəmlədirilməsi, qəzetlərin dövlət nəşriyyatlarına borcunun ləğvi, KİV-ə güzəştli dövlət kreditlərinin verilməsi ilə bağlı müstəqil mətbuatın inkişafına köməyi bol bəhrə verib.

Milli mətbuatın ən yaxın hamisi, “Jurnalistlərin dostu” mükafatının sahibi ulu öndər Heydər Əliyev mediyanın mühüm nəzəri məsələlərinə də toxunub, professor Teymur Əhmədov isə dahi rəhbərin nitqindən irəli gələn nəzəri anlayışların, mühüm elmi nəticələrin şərhini verib. Buraya aiddir: jurnalistin cəmiyyətlə, insanlarla intensiv əlaqəsi, cəmiyyətin müxtəlif təbəqələri ilə əlaqəyə ehtiyac, istədiyi informasiyanı almaq və ötürməyin vacibliyi, habelə, aktuallığı. Eləcə də jurnalist ədalətsizliklə barışmamalıdır. Jurnalist cəmiyyətlə yaxın olarsa, cəmiyyət jurnalisti sevərsə - hər ikisi uğur sahibi olar. Jurnalistlər obyektiv olmağa borcludur. Kəskin, sensasiyalı yazılar olmasa, oxucu marağı olmaz, qəzetlər alınmaz. Jurnalist hücum obyekti axtarmamalı, kəskin tənqidə yol verməməli, hər iki tərəf bir-birini nəzərə alarsa, jurnalistlərlə insanların dostluğu təmin oluna bilər və s.

Professor Teymur Əhmədov hesab edib ki, “Heydər Əliyev və mətbuat” dördcildliyi mübarizə salnaməsidir, Azərbaycanı dünyanın sivil ölkələri sırasına çıxarmağın yoludur. Bu baxından alim ümumiləşdirib ki, ulu öndərin xarici ölkələrdəki görüşləri, dünya jurnalistlərinə verdiyi müsahibələr mahiyyətcə Azərbaycanın ən yeni dövrünün inkişaf istiqamətlərinin göstəricisidir.

Görkəmli alim və mətbuat xadiminin ümumi qənaətləri budur ki, Heydər Əliyev ömrü fundamental tədqiqatların obyekti, “dördcildlik kitablar isə bu məhsuldar insan ömrünün tədqiqatçıları üçün çox ciddi faktik material rolunu oynayacaqdır”.

Akademik Ramiz Mehdiyev “Heydər Əliyev və mətbuat” adlı dördcildliyin redaktoru və ön söz müəllifi, tərtibçiləri isə professorlar Teymur Əhmədov və Əli Abbasovdur. Kitab poliqrafik cəhətdən mükəmməl nəşrdir.

Azərbaycanın ədəbiyyat adamları: şair, yazıçı və dramaturqları ulu öndər Heydər Əliyev haqqında xüsusi məqalələr yazıb, mətləbdən-mətləbə söz deyib, ona dərin minnətdarlıq ifadə edilib. Bu baxımdan Mirzə İbrahimov, İsmayıl Şıxlı, İsa Hüseynov, Mirvarid Dilbazi, İlyas Əfəndiyev, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz, İmran Qasımov, Həsən Seyidbəyli, Anar, Elçin, Yusif və Vaqif Səmədoğlu, Fikrət Qoca, Qabil, Sabir Rüstəmxanlı, Rüstəm Behrudi və başqaları qeyd oluna bilər...

Heydər Əliyev millətimiz və bəşəriyyət üçün həmişə bu gün və gələcək zaman deməkdir. Onun siyasi məktəbi daim öyrənmək və öyrətmək mənbəyi olaraq qalacaqdır.

Tarixi şəxsiyyətlər və dühalar dünyadan getmirlər, onların böyük əməlləri tarix və millətlər qarşısında nümunə məktəbi olaraq qalır və qalib gəlir. Dünya sivilizasiyasında elit şəxsiyyət olan Heydər Əlirza oğlu Əliyev məhz belə olub, gələcəkdə də belə olacaqdır. Ruhu şad olsun ulu öndərin, siyasi mütəfəkkirin!

Heydər Əliyev varisliyinin mötəbər siyasi qarantı olan Azərbaycan Respublikasının Prezidenti milli lider İlham Əliyev hazırda Azərbaycan dövlətini dünyanın sivil ölkələri sırasına çıxarmaqda, tarixi uğurlar qazanmaqda və ölkəmizi qalibiyyətlə gələcəyə aparmaq əzmində olan görkəmli dövlət xadimi və siyasi şəxsiyyətdir.

Əlizadə Əsgərli, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, professor

"Respublika" qəzeti, 30 aprel 2020-ci il

www.science.gov.az