sa sa 5605
"Koronavirusla mübarizədə yeni nəsil vaksinlər" müəllif: b.ü.f.d. Əsədova S.Ş. May 16, 2020 | 16:25 / Nəşrlər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qlobal miqyasda yayılan və insandan-insana asanlıqla ötürülən yeni bir yoluxucu xəstəliyi - koronavirusu (COVID-19) pandemiya elan edib. Son statistikaya görə (15.05.2020) yeni növ koronavirus infeksiyası (COVID-19) artıq dünyada 4,52 milyondan çox insanın bu virusa yoluxmasına yol açıb. Ümumilikdə bu ölümcül virusdan ölənlərin sayı isə 303 082 nəfərdir. İndiyədək 1 702 152 nəfər sağalıb və hazırda 2 516 792 aktiv yoluxmuş xəstə var ki, onlardan 45 566 nəfərin vəziyyəti ağırdır. Bu günə qədər əldə olunan məlumatlara əsasən CoVİD-19 virusu əleyhinə effektiv dərman preparatları hələ ki, tapılmayıb, xəstələrin müalicəsi fərdi olaraq aparılır və müalicə orqanizmdə yaranan ağırlaşmaların aradan qaldırılmasına yönəlib. Məlumatlara əsasən CoVİD-19 virusu ilə yoluxmuş ağır xəstələrdə “sitokin fırtınası” adlanan proses müşahidə olunur.  Bu proses bilavasitə insanın immunitetinin aşağı düşməsi ilə əlaqəlidir (https://www.newsweek.com/cytokine-storms-covid-19-patients-specially-developed-proteins-1498508). Koronavirusların virionları birzəncirli molekuladan (RNT-dən) ibarətdir. Virion lipid örtüklə (kapsidlə) əhatə edilib. Lipid örtüyün arasına bir neçə zülal daxil olunub. Virusun tacı S-zülallardan ibarətdir. Məhz S-zulallar yoluxmanın ilk anında insanın immun sisteminin hüceyrələri ilə görüşür və bu hüceyrələr virusa qarşı anticisimlərin əmələ gəlməsini təmin edirlər.  Məlumdur ki, CoVİD-19 virusu orqanizmə yuxarı tənəffüs yolları vasitəsilə daxil olur. Tacın çıxıntılarını təşkil edən S-zülalı yuxarı tənəffüs yolları hüceyrələrinin membranlarında yerləşən və birinci domeni olan angeotenzin çevirən fermentlə (ACE 2) birləşəndən sonra, hüceyrəyə daxil olur. Bəzi hallarda CoVİD-19  ACE 2 fermentini bloka sala bilir. Bu zaman hüceyrələrdə həddindən artıq angeotenzin 2 və bradikinin toplanaraq, kəskin respirator distress-sindrom, ağ ciyər şişkinliyi və miokarditə gətirib çıxarır. Eyni zamanda, hüceyrəyə daxil olmuş virus, hüceyrənin çoxalma mexanizmindən istifadə edərək, öz RNT molekulunun üzərində kodlaşdırılmış zülalları istehsal etməyə başlayır. Son məlumatlara əsasən (https://naked-science.ru/article/medicine/kitajskie-issledovateli-obyasnili), virusun 4 qeyri-struktur zülalları (ORF1ab, ORF3a, ORF10, ORF8) və S-zulalı eritrositlərin membranlarında yerləşən və ikinci domen rolunu oynayan CD147 transmembran zülalla birləşir (https://ria.ru/20200318/1568785423.html  ). Bu immunoqlobulin ailəsinə aid olan zülal vasitəsilə virusun zülalları eritrositlərə keçir, hemoqlobinin β zənciri ilə birləşərək dəmiri porfirin nüvədən, sonda isə eritrositdən kanarlaşdırır. Dəmir qan plazmasına atılandan sonra, orqanizmdə antioksidant müdafiə reaksiyası başlayır. Bu zaman immun hüceyrələri külli miqdarda sitokinlər ifraz etməyə başlayırlar. Normada sitokinlər yalnız yoluxmuş hüceyrələri məhv etməlidirlər. Lakin “sitokin fırtına”sı zamanı sitokinlər eyni zamanda həm yoluxmuş, həm də sağlam hüceyrə və toxumaları məhv edirlər. Beləliklə, CoVİD-19 virusun törətdiyi  pozuntular nəticəsində, insanın immun sistemi yanlış istiqamətdə işləməyə başlayır. Xəstəliyin ağırlaşmış formalarında immun sistemi zəifləyir və ağ ciyər hüceyrələri zədələnməyə başlayır. Bu zaman ağ ciyərlər maye və ölmüş hüceyrələrlə möhürlənir və nəfəs alma prosesi getdikçə çətinləşir.  Həkimlərin məlumatlarına əsasən, CoVİD-19  virusu ilə yoluxmuş insanlarda adətən pnevmoniya və onu müşayiət edən sürətli sepsis müşahidə olunur. Güman olunur ki, ACE 2 fermentinin bloka salınması, eritrositlərin dağılması və eyni zamanda dəmirin plazmaya atılması həm pnevmoniya, həm də sepsisə təkan verən amillərdir.  Yuxarıda deyilənlərə əsasən belə nəticəyə gəlmək olar ki, SARS-CoV -2 virusunun əsas hədəfi ağ ciyərlər deyil, qan-damar sistemidir. Pandemiyanın qarşısının alınması məqsədilə hazırda vaksinlərin hazırlanması  istiqamətində 30-dan çox ölkənin 35 laboratoriyasında tədqiqat işləri aparılır  (https://www.rbc.ru/society/23/03/2020/5e7353ee9a7947b8586afd25). Mütəxəssislərin fikrinə görə, alınmış preparatlar ciddi surətdə yoxlanılmalıdır, çünki orqanizmdə infeksiyanı gücləndirən “anticisimdən asılı sindrom”un (antibody-dependent enhancement, ADE) yaranması ehtimalı vardır və  belə olan halda vaksin xəstəliyin qabağını almaz, əksinə onun inkişafına təkan verə bilər (https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3019510/; https://www.hkmj.org/abstracts/v22n3%20Suppl%204/25.htm). Orqanizmdə bu sindromun  yaranması həm vaksinin tərkibi, həm də insan immunitetinin xüsusiyyətləri ilə bağlıdır.  Bəs vaksin nə deməkdir? Vaksin – diri (zəiflədilmiş patogen), inaktivasiya edilmiş (öldürülmüş patogen) və ya anotoksinlərdən (patogenin toksinləri) ibarət tibbi preparatdır. Bu preparat orqanizmdə qazanılmış immuniteti aktivləşdirir. Vaksinasiya immunoloji yaddaşa əsaslanan prosesdir. Yəni, orqanizm virus və ya bakteriyanı təkrar görəndə (peyvənddən sonra) immun sisteminin hüceyrələrində infeksiyaya (antigenə) qarşı müdafiəedici zülallar (anticisimlər) əmələ gəlir ki, bunlar da bədənə düşən virus və ya bakteriyaları zərərsizləşdirərək xəstəliyin qarşısını alırlar. İnfeksiyanı gücləndirən “anticisimdən asılı sindrom” nə zaman yaranır? Bəzi hallarda insan koronavirusa yoluxur, xəstəliyi simptomsuz keçirir və bu zaman orqanizmdə  anticisimlər əmələ gəlir. Lakin müəyyən müddət keçdikdən sonra insan bədəninə koronavirusa qarşı peyvənd olunduqda immun sistemi virusun mutasiyaya uğraması səbəbindən onu tanımaya da bilər. Bu zaman bədəndə immun cavabı yaranır, lakin anticisimlər hələ tələb olunan saya çatmadığndan iltihabi proses inkişaf etməyə başlayır. Qeyd olunan sindromdan başqa, vaksinlərin toksiklik dərəcəsi və əlavə mənfi təsirləri də yoxlanılmalıdır. Alimlərin proqnozlarına görə hazır vaksinlərin istifadəsi ehtimalı yalnız 2021-ci ilin ortasına təsadüf edə bilər https://www.bbc.com/russian/features-51767202). ABŞ, Rusiya, Almaniya və s. kimi inkişaf etmiş ölkələrin alimləri iddia edirlər ki, CoVİD-19 virusuna qarşı müasir molekulyar biotexnoloji metodlarla hazırlanmış vaksinlər zərərsizdir, dəqiqliklə təsir edirlər və onların alınması üçün nisbətən az vaxt tələb olunur (https://ria.ru/20200411/1569891615.html). Hazırda bir neçə molekulyar vaksinlər klinikadan əvvəl (toxuma kulturalarında və heyvanlarda) (https://ria.ru/20200411/1569891615.html), və ya kliniki sınaq (insanlarda) mərhələsindədir. Belə ki, ÜST-n ilkin cədvəlinə görə 44 perspektiv vaksinlərdən  ikisi artıq klinik sınaqlardan keçirilir (https://www.who.int/blueprint/priority-diseases/key-action/novel-coronavirus-landscape-ncov.pdf?ua=1).

Virusun quruluşundan asılı olaraq yeni nəsil vaksinlər müxtəlif yanaşmalara əsasən hazırlanır:

  1. Virusun örtüyünü (kapsidini) təşkil edən S-zülalın fraqmentlərindən istifadə etməklə;
  2. İnsan orqanizminə zərər vurmayan və CoVİD-19-un müəyyən zülallarını çoxaldan digər viruslardan istifadə etməklə.

16 mart 2020-ci il tarixində etibarən ABŞ-ın Sietl şəhərində Moderna kompaniyası tərəfindən 45 könüllü insan üzərində mRNT1273 adlı vaksinin kliniki sınağına başlanılıb (https://www.theatlantic.com/ideas/archive/2020/03/two-extreme-long-shots-could-save-us-coronavirus/608539/). Hal-hazırda sınaqdan keçirilən vaksinlər arasında bu vaksin ən perspektivli sayılır və onun dünya bazarına çıxarılması ehtimalı 12-19 ay təşkil edəcək. Vaksinin xüsusiyyəti ondan ibarətdir ki, virusun örtüyündə (kapsidində) yerləşən S-zülalı insan orqanizmində sintez olunmalıdır və bu zaman immun sistemində bu zülala qarşı cavab reaksiyası yaranmalıdır. Peyvənd olunmuş sağlam insan CoVİD-19 virusu ilə yoluxsa belə, onun S-zülalını tanıyan immun sistemi artıq virusu məhv edəcəkdir.

Mart ayının 19-dan Çində Cansino Biologics Inc.  kompaniyasında hazırlanmış vaksinin kliniki sınağına başlanıb (https://www.bioworld.com/articles/433791-china-approves-first-homegrown-covid-19-vaccine-to-enter-clinical-trials). Amerika alimləri tərəfindən hazırlanan vaksinindən fərqli olaraq, Çin alimlərinin yaratdığı vaksin virusun S-zülalını insan hüceyrələrində çoxaltmayacaq. Bu zülalın çoxaldılması, onu insan bədəninə çatdıran və “vektor” adlanan zərərsiz daşıyıcıda baş verəcək.

Alman alimləri tərəfindən hazırlanan iki perspektiv vaksin də klinikadan əvvəl sınaq  mərhələsindədir:

  1. Alimlərin proqnozlarına görə dünyada tanınmış farmasevtik Pfizer kompaniyasının BioNTech biotexnoloji kompaniyası ilə birgə yaradılmış vaksin aprel ayının axırında kliniki sınaq mərhələsinə çıxmalıdır.
  2. CureVac kompaniyasının m-RNT əsaslı vaksinin kliniki sınaqlarına iyun-iyul ayında başlamalıdır.

Rusiyada Rospotrebnadzorun başçısı Anna Pavlova bildirir ki, hazırlanmış 25-27 vaksin variantlarından 3-ü sınaqlara cəlb olunacaq (https://vz.ru/news/2020/4/10/1033679.html). “Vektor” Novosibirsk mərkəzində vaksinin klinikadan əvvəl sınaqlarına mart ayının axırında başlanılmışdır. Alimlər belə güman edirlər ki, vaksin 2020-ci ilin oktyabr-dekabr aylarında  istifadəyə verilə bilər (https://www.rbc.ru/technology_and_media/20/03/2020/5e7419959a7947110a87c9a5). Rusiya Elmlər Akademiyasının Bioüzvi kimya instututunda CoVİD-19  fraqmentlərinin digər zərərsiz viruslara calanması vasitəsilə yüksək texnoloji vaksinin hazırlanması üzərində işlər aparılır. İnstitutun əməkdaşları  bu vaksinə əlavə olaraq, liposom əsaslı vaksinin yaradılmasını da təklif etdilər. Bu üsul vasitəsilə CoVİD-19 S-zülalinın fraqmentləri və fraqmentlərin DNT kopyaları liposomlara (bilipid qatından törənmiş qabarcıq) büküləcək. Təklif Rusiya Elmlər Akademiyası tərəfindən təsdiq edilib. Liposomal vaksinin Farmsintez kompaniyasında istehsalı tövsiyə edilir (https://riafan.ru/1266783-uchenye-ran-predlozhili-unikalnyi-sposob-sozdaniya-vakciny-ot-covid-190). Qeyd edək ki, nanovaksinin hazırlanması ilə ABŞ alimləri də məşğul olurlar (https://www.1tv.ru/shows/doctalk/vypuski/dok-tok-vypusk-ot-02-04-2020 ).

Beləliklə, ümid etmək olar ki, yaxın gələcəkdə həm effektiv dərman preparatları, həm də vaksinlər istifadəyə çıxarılacaq.