Həmyaşıdlarım və mən SSRİ-də anadan olmuşuq. Uşaqlıq, yeniyetməlik və gənclik illərimiz bu ölkədə keçib. O dövrün insanları kifayət qədər qənaətlə yaşasalar da, bəzən indiki zamanda da o xoşbəxt günlərin həsrətini çəkirlər.
O zamanlar Azərbaycan iqtisadiyyatı bütünlüklə Sovet İttifaqının tərkibinə daxil olan respublikalardan asılı idi. 80-ci illərdə “Аргументы и факты” qəzetində hər bir ittifaq və muxtar respublikanın ölkənin Ümumi Daxili Məhsulunda payı haqqında məlumat dərc olunmuşdu. Mən yalnız o zaman bildim ki, “ümumi daxıla” verilən paya görə Azərbaycan öndə getsə də, alınan paya görə demək olar ki, siyahının sonunda yer alıb. Onu da qeyd edim ki, Azərbaycan dəniz sahilində yerləşən və zəngin təbii ehtiyatları və müxtəlif iqlim şəraiti olan bir ölkədir. 70 il ərzində, iqtisadiyyatımız dünya iqtisadi prosesləri ilə və ya xarici ticarətlə birbaşa əlaqəsi olmayan mərkəzləşdirilmiş inzibati idarəetmə sistemi əsasında inkişaf etmişdir.
Bu gün Azərbaycan dünya bazarlarının mənimsənilməsi və xarici iqtisadi əlaqələrin qurulması yolunda inamla addımlayan müstəqil bir dövlətdir. Dövlət müstəqilliyi ölkənin dünya birliyinə daxil olmasına imkan yaradıb.
Azərbaycanın əməkdaşlıq üçün açıq olan suveren bir ölkəyə çevrilməsi, 102 il əvvəl Azərbaycan Milli Şurası tərəfindən "İstiqlal Bəyannaməsi"nin qəbul edildiyi tarixi hadisə ilə sıx bağlıdır. Bu tarixi sənəd əsasında 30 avqust 1991-ci ildə indiki Azərbaycanın Ali Şurası "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" qərar qəbul etdi. 1991-ci il oktyabrın 18-də isə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi və müstəqil Azərbaycanın dövlət, siyasi və iqtisadi quruluşunun əsası qoyuldu.
Müasir Azərbaycan keçən əsrin görkəmli siyasi xadimlərinin çəkdiyi əziyyətin bəhrəsidir. Buna görə də indiki nəslin vəzifəsi Azərbaycan xalqının böyük oğul və qızlarının işlərini davam etdirəcək savadlı və mədəni gənclər yetişdirməkdir.
Sədaqət Əsədova