sa sa 1594
Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib İyl 14, 2020 | 11:05 / Konfranslar, iclaslar

İyulun 13-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib.

Komitənin sədri, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev iclasın gündəliyinə “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Elm və təhsil komitəsində görülən işlər barədə hesabat” və cari məsələlərim daxil edildiyini bildirib.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasındakı proqram xarakterli çıxışını, tövsiyələrini rəhbər tutan komitə üzvləri hesabat dövründə geniş fəaliyyət göstəriblər. Hesabat dövründə Elm və təhsil komitəsinin 9 iclası keçirilib, 17 məsələyə baxılıb. Yaz sessiyası və növbədənkənar sessiyalar dövründə komitənin qanunvericilik fəaliyyəti məhsuldar olub. Belə ki, komitə üzvləri “Elm haqqında”, “Təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Ümumi təhsil haqqında” və bir sıra digər qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrini müzakirə edərək plenar iclasa tövsiyə ediblər.

Bəxtiyar Əliyev bildirib ki, komitə üzvləri ümumtəhsil müəssisələri üçün dərsliklərin hazırlanması prosesində də səylərini əsirgəməyiblər. Bu ilin aprelində Təhsil Nazirliyi tərəfindən Milli Məclis Aparatına daxil olmuş məktuba əsasən, “2020/2021-ci il tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin I, V, VIII və IX sinif şagirdləri üçün yeni və təkmilləşdirilmiş dərslik komplektləri (dərslik və metodik vəsait) layihələri”nə dair rəy və təkliflər hazırlanaraq təqdim edilib.

Onlayn iclasda vurğulanıb ki, hesabat dövründə komitəyə 149 ərizə və müraciət daxil olub. Müraciətlərdə əsasən ödənişli təhsillə bağlı qarşıya çıxan çətinliklər, tələbələrin digər təhsil müəssisəsinə köçürülməsi və təhsil müəssisələrinə bərpası, xaricdə təhsil almış məzunların diplomlarının ölkədə tanınması (nostrifikasiyası), mənzil məsələləri, sosial müavinətin verilməsi, xəstələrin müalicəsi üçün maddi yardım göstərilməsi və s. üstünlük təşkil edib.

İclasda iştirak edən komitə sədrinin müavini, AMEA-nın müxbir üzvü Musa Qasımlı, deputatlar - akademiklər İsa HəbibbəyliRafael Hüseynov, professor Anar İsgəndərov, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov, və başqaları hesabata müsbət münasibət bildiriblər.

Cari məsələlərin müzakirəsində COVID-19-la bağlı təhsil sahəsində yaranmış vəziyyət, Ermənistanla təmas xəttində vəziyyət və digər aktual məsələlər barədə fikir mübadiləsi aparılıb.

science.gov.az