sa sa 1625
Genetik Ehtiyatlar İnstitutu 2020-ci ildə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat verib Dek 23, 2020 | 15:59 / Konfranslar, iclaslar

AMEA Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) və AMEA Genetik Ehtiyatlar İnstitutunun (GEİ) Elmi şurasının birgə onlayn iclası keçirilib.

İclasda AMEA-nın vitse-prezidenti, BTEB-in Elmi şurasının sədri, akademik İradə Hüseynova, BTEB-in və GEİ-nin elmi şuralarının üzvləri, eləcə də mühüm elmi nəticələrin müəllifləri iştirak edib.

Tədbiri akademik İradə Hüseynova giriş sözü ilə açaraq, 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan, GEİ-nin əməkdaşlarının Silahlı Qüvvələrin Yardım fonduna və YAŞAT fonduna göstərdikləri ianələrdən danışaraq, institutun əməkdaşlarını Qələbə Bayramı və GEİ-nin Qarabağ Elmi Tədqiqat Bazasının işğal altında olan ərazilərinin geri qaytarılması münasibətilə təbrik edib. Akademik İ.Hüseynova 2020-ci ildə GEİ-də 2 elmlər doktorunun dünyasını dəyişdiyini təəssüf hissi ilə bildirib, onların ailələrinə və institutun kollektivinə başsağlığı verib. Sonra GEİ-nin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov institutun 2020-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təqdim edib.

M.Abbasov qeyd edib ki, 2020-ci ildə pandemiya səbəbindən qısa və uzunmüddətli tətillərin olmasına baxmayaraq, institutda planlaşdırılan bütün elmi tədqiqat işləri yerinə yetirilib, mühüm elmi nailiyyətlər əldə olunub və elmi təşkilati fəaliyyət uğurla davam etdirilib. O, institutun 2020-ci ildə mövzu planına daxil olan tədqiqat işlərinin yerinə yetirilməsi ilə yanaşı, ölkə iqtisadiyyatının əsas sektorlarınə əhatə edən strateji yol xəritələri və 8 dövlət proqramı üzrə yerinə yetirilən fəaliyyətlər haqqında qısa məlumat verib. 2020-ci ilin mövzu planına uyğun olaraq, institutda 3 problem və14 mövzu üzrə 24 işin 103 mərhələdə yerinə yetirildiyi iclas iştirakçılarının diqqətinə çatdırılıb. İnstitutda yumşaq buğdanın “Cənub” və “Mərcani buğda”, bərk buğdanın “Korifey-88”, üzümün “Əlincə”, “Nərgizi” və “Naxçıvan muskatı” sortları rayonlaşdırılıb və Aqrar Xidmətlər Agentliyindən patent alınıb. Abşeron şəraitində yerli və introduksiya olunmuş Şalot soğanı sortlarının, keşniş populyasiyalarının və pomidorun sortlararası hibridlərinin məhsuldarlığına və xəstəliklərə davamlılığına görə qiymətləndirilməsi həyata keçirilib. Cari ildə pambıq bitkisi üzrə 135 pambıq genotipi lifinin iqtisadi və keyfiyyət xüsusiyyətlərinə görə müqayisəli qiymətləndirilib. 2020-ci ildə Milli Genbankda saxlanılan nümunələrin sayı 8620-yə çatdırılıb, Mərkəzi Məlumat Bazası və kənd təsərrüfatı heyvanlarının kompüter məlumat bazasının fəaliyyəti təkmilləşdirilib.

GEİ-də BTEB-in ikinci elmi istiqamətinə uyğun olaraq, genetik ehtiyatların fizioloji, biokimyəvi, texnoloji və immunoloji qiymətləndirilməsindən alınan mühüm elmi nəticələr təqdim olunub. Cari ildə ilk dəfə olaraq, Azərbaycan mənşəli Aegilops nümunələrində DArTseq texnologiyası tətbiq edilib, 9 növə aid 150 nümunə üçün 30433 TNP və 61574 SilicoDArTseq markeri əldə olunub. Ərzaq paxlalı bitkilərinin genetik ehtiyatlarının bütün kolleksiyalarının genetik müxtəlifliyinin molekulyar səviyyədə öyrənilməsi üzrə tədqiqatlar davam etdirilib, lərgə nümunələrinin molekulyar markerlərlə genotipləşdirilməsi zamanı ümumilikdə 144 bənd sintez olunub, kolleksiya üçün polimorfizm faizinin 86%, genetik müxtəliflik əmsalının 0.75 vahid olduğu müəyyən edilib. Cari ildə 6 nar sortunun genomunun oxunduğu bildirilib və Türkiyənin Erciyez Universitetinin əməkdaşları ilə birgə Yeni Nəsil Sekvensləmə Texnologiyalarından istifadə etməklə “Hacıhaliloğlu” ərik sortu genomunun de-novo sekvens olunduğu və K-Mer analizi ilə genomun ~270 milyon nükleotid uzunluğundan ibarət olduğu qeyd edilib.

GEİ-də kompüter genomikası və insan genetikası sahələrində də ciddi tədqiqatların aparıldığı və cari ildə çoxsaylı məqalələrin dünyanın nüfuzlu jurnallarında dərc etdirildiyi bildirilib. Ümumilikdə 2020-ci ildə institutut əməkdaşlarının 133 elmi əsəri çap olunub ki, onlardan 93-ü məqalə (35-i xaricdə), 36-sı tezis (26-si xaricdə), 1-i dərs vəsaiti, 3-ü isə monoqrafiyadır.

Hesabat yığıncağında GEİ-də kadr hazırlığı, elmlə təhsilin inteqrasiyası, beynəlxalq əlaqələr, qrant layihələrində iştirak və "Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün İnkişaf Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası haqqında məlumat da elmi şuraların üzvlərinin diqqətinə çatdırılıb.

Hesabat ətrafında geniş müzakirələr aparılıb, yığıncaq iştirakçıları hesabata müsbət münasibətlərini bildiriblər. AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova GEİ-də əldə edilən elmi nəticələri və elmi təşkilati fəaliyyəti yüksək qiymətləndirib, işğaldan azad olunmuş Qarabağ Elmi Tədqiqat Bazası, eləcə də büdcədən kənar vəsaitlərin cəlb edilməsi ilə əlaqədar öz tövsiyə və məsləhətlərini verib.

science.gov.az