sa sa 176
AMEA Rəyasət Heyəti və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi Şurasının birgə iclası keçirilib + Foto Okt 24, 2018 | 15:36 / Konfranslar, iclaslar

Oktyabrın 24-də AMEA Rəyasət Heyəti və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi Şurasının birgə iclası keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, professor Fərəh Əliyeva, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfov, elm xadimləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

DİA-da keçirilən iclası giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, son vaxtlar Rəyasət Heyəti ilə müxtəlif dövlət qurumlarının, ayrı-ayrı nazirliklərin, nüfuzlu ali təhsil müəssisələrinin birgə iclaslarının keçirilməsi ənənə halını alıb. 

Müstəqil Azərbaycan Respublikasının sosial-iqtisadi və mədəni-mənəvi inkişafının son on beş illik tarixinin bilavasitə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlı olduğunu deyən akademik vurğulayıb ki, ölkə başçısı Prezidentlik fəaliyyətinə başlayarkən ilk irəli sürdüyü şüar "Neft kapitalını insan kapitalına çevirməliyik!" devizi olub. Akademik bu şüarın təbii resurslara əsaslanan iqtisadiyyatdan biliklər iqtisadiyyatına keçidi ölkənin strateji hədəfi elan etdiyini, son on beş ildə ölkəmizin bu hədəfə doğru addım-addım yol gəldiyini söyləyib.

İclasda AMEA-nın adlı  mükafatları üzrə qaydalara dəyişiklik edilməsi məsələsinə baxılıb. Akademik Akif Əlizadə bildirib ki, AMEA-nın adlı mükafatları elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, həmçinin Azərbaycanın bir sıra görkəmli alimlərinin xatirəsini əbədiləşdirmək məqsədilə 2014-cü ildə təsis edilib. Natiq vurğulayıb ki, ötən müddət ərzində hər il adlı mükafatlar üçün müsabiqə elan olunub, müvafiq elm sahələrini təmsil edən görkəmli alimlər mükafatlarla təltif ediliblər.

Rəyasət Heyəti adlı mükafatlara təqdim olunan alimlərin daha dəqiq meyar və prinsiplər əsasında müəyyənləşdirilməsi məqsədilə müsabiqənin iki ildən bir elan edilməsini qərara alıb.

Sonra AMEA professorlarının koordinasiya şurasının Əsasnaməsinin təsdiqi ilə bağlı müzakirələr aparılıb. AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev bildirib ki, "Azərbaycan Milli Elmlər Akademiyasının professoru" elmi adı Rəyasət Heyətinin 18 yanvar 2017-ci il tarixli qərarı ilə təsis olunub. Natiq AMEA-nın professorlarının akademiyanın elmi və elmi-təşkilati həyatında daha yaxından iştirakına nail olmaq, AMEA Nizamnaməsi ilə müəyyən edilmiş vəzifələrin icrasında, habelə kadr hazırlığında və innovativ fəaliyyətin inkişafında onların fəal iştiraklarını təmin etmək məqsədi ilə Rəyasət Heyətinin  müvafiq qərarı ilə AMEA professorlarının koordinasiya şurası yaradılıb. Həmin qərara əsasən AMEA professorlarının koordinasiya şurasının Əsasnaməsinin layihəsi Rəyasət Heyətinə təqdim edilib.

Rəyasət Heyəti qeyd olunanları nəzər alaraq şuranın Əsasnaməsini və tərkibini təsdiq edib.

Tədbirdə "Fizika və lirika" beynəlxalq elmi konfransına dair müzakirə aparılıb. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, akademiya tərəfindən müxtəlif elm sahələri arasında əlaqələri inkişaf etdirmək üçün ənənəvi olaraq "Fizika və lirika" konfransları keçirilir. Bu günə kimi dörd dəfə keçirilmiş konfranslar respublikada geniş əks-səda doğurub, humanitar və tətbiqi elmlərin nümayəndələri tərəfindən rəğbətlə qarşılanıb. Akademik vurğulayıb ki, növbəti tədbirin AMEA və MDB üzv dövlətlərinin humanitar əməkdaşlıq üzrə Beynəlxalq Fondun təşkilati və maliyyə dəstəyi ilə 2018-ci il 14-18 noyabr tarixlərində Bakı və Şamaxı şəhərlərində, 21-24 noyabr tarixlərində isə Rusiyanın Dubna şəhərində keçirilməsi nəzərdə tutulur. Rəyasət Heyəti qeyd olunanları nəzər alaraq, növbəti "Fizika və lirika" beynəlxalq elmi konfransının keçirilməsinə dair müvafiq qərar qəbul edib.

Rəyasət Heyətinin digər qərarları ilə AMEA-nın Elmi-Nəşriyyat Şurasının yeni tərkibi təsdiq olunub, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi Bürosunun tərkibində isə qismən dəyişiklik edilib. Həmçinin AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinin qeyd olunması, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Uşaq ədəbiyyatı şöbəsi, Nəsimi adına Dilçilik İnstitutunda Eksperimental fonetik araşdırmalar laboratoriyası və Memarlıq və İncəsənət İnstitutunda Təhsil  şöbəsinin yaradılması ilə bağlı qərarlar qəbul edilib.

www.science.gov.az