sa sa 177
AMEA-nın 2019-2020-ci illər üçün Strateji yol xəritələrinə dair Tədbirlər Planı təsdiqlənib Mart 06, 2019 | 13:24 / Mühüm hadisələr

Martın 6-da Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın 2019-2020-ci illər üçün Strateji yol xəritələrinə dair tədbirlər planı müzakirə edilib.

İclasda ölkə başçısı İlham Əliyevin 2016-cı il dekabrın 6-da imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərman xatırladılıb, dövlət idarəetmə orqanları, iqtisadi strukturları, elm və təhsil  müəssisələri, o cümlədən AMEA qarşısında ölkənin iqtisadi inkişafının keyfiyyətcə yeni modelinin formalaşdırılması sahəsində mühüm vəzifələr qoyulduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, həmin vəzifələrin icrasının təmin olunması məqsədilə “Azərbaycan Respublikası iqtisadiyyatının əsas sektorları üzrə Strateji yol xəritələrindəki tapşırıqların icrası üzrə AMEA-nın tədbirlər planı” təsdiq edilib və 2017-2018-ci illər ərzində AMEA müəssisələri tərəfindən həmin planda nəzərdə tutulmuş tədbirlərin icrası təmin edilib. Hazırda Strateji yol xəritələrində verilmiş tapşırıqların ölkənin müəssisə və təşkilatlarında, o cümlədən AMEA-da 2018-ci ildə icrasının qiymətləndirilməsi prosesin getdiyi vurğulanıb, həmçinin tədbirlər planlarına bir sıra əlavə və düzəlişlər olunduğu, bilavasitə AMEA-ya da aid dəyişikliklər edildiyi bildirilib.

İclasda Rəyasət Heyəti qarşıya qoyulan yeni vəzifələrin AMEA müəssisələrinin fəaliyyətində nəzərə alınması və rəhbər tutulması, ölkə iqtisadiyyatının və insan kapitalının davamlı inkişafında AMEA-nın iştirakının daha da genişləndirilməsi, Strateji yol xəritələrində verilmiş tapşırıqların icrasının tam həcmdə təmin olunması məqsədilə "AMEA-nın 2019-2020-ci illər üçün Azərbaycan Respublikası iqtisadiyyatının əsas sektorları üzrə Strateji yol xəritələrində qoyulmuş  vəzifələrin icrasi üzrə tədbirlər planı"nı təsdiq edib.

www.science.gov.az