sa sa 1865
AHL15 geni  birillik bitkiləri çoxilliklərə çevirir Apr 28, 2020 | 12:05 / Maraqlı məlumatlar

Leyden və Vageningen Universitetlərinin (Hollandiya), Löven Katolik Universitetinin (Belçika), Peşəvər Kənd Təsərrüfatı Universitetinin (Pakistan) alimləri, bitki genomundakı AHL15 geninin birillik bitkini çoxillik bitkiyə çevirdiyini müəyyən ediblər.

Leyden Universitetinin professoru Remko Offringa qeyd edir ki, bitkilərin budaqlarında böyümə nöqtələri var. Bunlar yarpaq və ya çiçəklər ilə yeni gövdələr yarada bilən kök hüceyrə qruplarıdır. Çoxillik bitkilərdə bu böyümə nöqtələrinin bəziləri vegetativ olaraq qalır, buna görə də çiçəkləmədən sonra bitki növbəti mövsümdə böyüməyə davam edə bilər. Birillik  bitkilərdə bu baş vermir və bitki məhv olur. Aşkar edilən gen çiçəkləmədən sonra bitkinin böyümə nöqtələrinin vegetativ olaraq qalıb qalmayacağını təyin edir. Tədqiqatlar Arabidopsis (Arabidopsis thaliana) bitkisi üzərində aparılıb. Bu bitkinin genomu çox qısadır, cəmi 157 milyon cüt nukleotid əsasından ibarətdir.  Buna görə də Arabidopsis genetik tədqiqat üçün əlverişli bir obyekt hesab olunur. 2000-ci ildə Arabidopsisin genom ardıcıllığı tam oxunmuş ilk bitki olub. Hal-hazırda Arabidopsisin iyirmi mindən çox geni məlumdur. Arabidopsis çox qısa vegetasiya periodu olan birillik bitkidir. Onun inkişaf dövrü yalnız altı həftə çəkir. Toxumlar qoyulduqdan sonra bitki məhv olur. Lakin AHL15 geninin ekspresiyasını eksperimental bitkilərdə əhəmiyyətli dərəcədə artırdıqda Arabidopsis bitkisi çiçəkləndikdən sonra böyüməyə davam etmiş və hətta çiçəkləmə bir neçə dəfə təkrar olmuşdur. Bu geni susdurduqda bitkinin ömrünün azaldığı müşahidə edilıb. Professor Offringanın sözlərinə görə "Bu genin kəşfi bitkilərin həyat dövrü və onların qocalması haqqında fundamental bilikləri genişləndirir. Bu gen təkamül zamanı hansı səbəbdən bəzi növlərin birillik, digərlərinin çoxillik olduğu sualına da cavab verə bilər”.