sa sa 76
Ermənilərin azərbaycanlılara qarşı yeni terror dalğası onların əsl simasını bir daha göstərdi İyl 27, 2020 | 12:42 / Nəşrlər

Son yüz ilə kimi heç bir dövləti və dövlətçiliyi olmayan ermənilərin siyasi, sosial, mədəni-mənəvi həyatı və bütün planları bir mərkəzdən - Eçmiadzin tərəfindən müəyyənləşdirilib və bu köksüz milləti keşişlər və xarici hegemon qüvvələr idarə ediblər. Bu gün də bu idarəçilikdə Avropa və Amerikada, sabiq SSRİ məkanı və Yaxın Şərqdə mövcud olan erməni diaspor təşkilatçıları mühüm rol oynayırlar. Təbii ki, onlar da Eçmiadzin katolikosluğuna və bir sıra hallarda isə imperialist mərkəzlərə bağlıdırlar. Bu qüvvələrin dünya birliyinə bir çox təsir və təzyiq alətləri var. Burada məqsədyönlü istifadə olunan böyük maliyyə resurslarını, adamlarının dünyanın “təbliğat maşınında” (kütləvi informasiya vasitələrində, nəhəng məlumat agentliklərində, televiziya kanallarında və s.), beynəlxalq və regional təşkilatlarda, lobbi qurumlarında yerləşdirilməsini, qadınların vasitəsilə bir sıra ölkələrin hakimiyyət və təhlükəsizlik orqanlarında çalışan və ya irəliləyiş potensialı olan xadimlərin ailələrinə sirayət etmələrini, erməniləri yazıq görkəmdə görtərməyə və ictimai rəyi çaşdırmağa yönəldilmiş aksiyaları, milli satqınların cəlb edilməsi və s. göstərmək olar. Lakin bu toplumun əsl simasını aşkarlayan bir silahı da var ki, bu da terrorizmdir. Son 100-150 ildə bu silah daha çox işə salınıb və erməni varlığının ayrılmaz tərkib hissəsi olub. Terrorun hədəfləri olaraq əvvəlcə Qafqazın və yaxın regionların türkdilli və müsəlman əhalisi, sonra isə Türkiyə və Azərbaycan, bu qardaş dövlətlərin hakimiyyət orqanları, tanınmış nümayəndələri, diplomatları, ümumən xalqları seçilib. Məqsəd “böyük Ermənistan” çürük ideyasının bir yolla həyata keçirilməsinə çalışmaqdan ibarətdir. Ermənistan adlı bir qurumun (əslində xarici qüvvələrin oyuncağı olan asılı əraziyə dövlət demək olmaz) yaradılması ilə erməni terroruna yeni çalar qatılıb ki, bu da dövlət terrorizmidir. Qərb ikili standartlara əsaslanan siyasət yürütməsəydi, Ermənistanı çoxdan beynəlxalq terroru dəstəkləməkdə ittiham etməli idi. Nə yazıq ki, Avropa və Amerikanın bir çox aparıcı dövlətləri ədalətin tərəfində deyillər, mövqe seçimində korporativ maraqlarını, erməni lobbi təşkilatlarının dəstəyini qazanmaq istəklərini, “din qardaşlığını” həqiqətdən üstün tuturlar. Qərbin mövqeyi erməni terrorizmini cəzasızlıq mühitinə alışdırır, onu qidalandırır, rövnəqləndirir və yeni aktlara həvəsləndirir. Təkcə Xocalı soyqırımına münasibət bu dediklərimizə əyani sübut ola bilər. Bu hadisəni erməniliyin vizit kartı adlandırmaq olar. Humanizmdən, millətlərarası, dinlərarası və mədəniyyətlərarası dialoqdan, insanpərvərlikdən dəm vuran Eçmiadzin kilsəsinin, eləcə də erməni ziyalı elitasının haylar tərəfindən həyata keçirilmiş qanlı aksiyalara, o cümlədən Xocalı qətliamına göstərdiyi “isti” münasibət bunu bir daha sübut edir. Erməni ziyalı və alim kütləsindən kimsə, azacıq da olsa, bu siyasətə qarşı çıxmağa cəsarət göstərirsə, katolikos onu erməni millətindən xaric elan edir. Yəni özünəməxsus təmizləmə gedir: erməni milləti içərisində yalnız terrora “hə” deyənlər qalmalıdır!

Bu fikirləri AZƏRTAC-a açıqlmasında AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova söyləyib. Akademik bildirib ki, Ermənistanın Tovuzdakı hərbi təxribatı zamanı rəşadətli ordumuzun düşməni dərhal geri oturtması, Azərbaycan rəhbərliyinin, Ali Baş Komandanın sərt mövqe nümayiş etdirməsi, düşmənə məntiqə və beynəlxalq hüquq normalarına uyğun cavabların verilməsi ermənilərin siyasi və hərbi elitasını, xarici lobbi təşkilatlarını pərən-pərən saldı. Son dövrlərə qədər zahiri soyuqqanlığını qorumağa, başqa millətlərə nifrət hissini büruzə verməməyə çalışan erməni toplumu bir anda özündən çıxdı, daha terrorist sifətini gizlədə bilmədi, öz hərəkətləri ilə vandal və terrorçu olduğunu bir daha təsdiqlədi. Ermənilər Amerikada, Avropada, Rusiyada azərbaycanlılara qarşı təxribatlar törətdilər, hətta Kiyevdə dinc azərbaycanlılara güllə də atdılar. Los-Ancelsdə, Brüsseldə, Moskvada və dünyanın digər böyük şəhərlərində baş verənləri Ermənistanın hərəkətverici qüvvələrinin Azərbaycanın milli vətənpərvərlərini yeni təxribatlara çəkmək, Qarabağ savaşını çox-çox uzaqlara daşımaq cəhdi kimi də qiymətləndirmək olar. Ermənilərin əsas istəklərindən biri də milli dəyərlərimizi, dövlət rəmzlərimizi, şəhidlərimizi təhqir etməklə soydaşlarımızı aqressivləşdirmək, Azərbaycan xalqını haqlı ikən haqsız duruma salmaqdan ibarətdir. Hər iki icmanın mövcud olduğu böyük şəhərlərdə pik həddə çatan qarşıdurma, küçə döyüşləri, icmalararası toqquşmalar İrəvandan idarə olunur. Ermənilər quldurcasına, qabaqcadan əlbir olaraq Azərbaycan əsilli insanlara, onların rəsmi icazələr əsasında təşkil etdikləri dinc aksiyalara, azərbaycanlılara məxsus obyektlərə hücumlar təşkil edirlər. Soydaşlarımız əksər hallarda yalnız müdafiə mövqeyində dayanırlar. Lakin onlar da hücum edən, təxribata yol verən ermənilərin qarşısını almaq üçün güc işlətməyə məcbur qalırlar. Təəssüf ki, qarşıdurmaların müşahidə edildiyi əksər Qərb dövlətlərində hüquq-mühafizə orqanları, yerli polis qüvvələri erməni vəhşiliyinin qarşısını almaq əvəzinə, seyirçi mövqe tutur, sanki azərbaycanlıları toqquşmalara təhrik edirlər.

“Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xalqa müraciətində də erməni mərkəzlərinin, diasporunun fəaliyyəti və məramları açıq göstərilir: “...bu diasporun bəzi nümayəndələri özlərini demokratiyanın beşiyi hesab edən Qərb ölkələrinin paytaxtlarında qanunsuzluq və hərc-mərclik törədirlər. Avropa siyasətinin mərkəzi sayılan Brüsseldə Azərbaycan Respublikası səfirliyinin daşa basılmasını, dinc nümayişçilərə xəsarət yetirilməsini başqa necə izah etmək olar?”

Bunlar erməni terrorizminin növbəti özünüifşasıdır və hazırda bütün dünya onların əsl simasını görür. Onların aqressiyasının bir səbəbi də tezliklə nəinki Qarabağı, həmçinin İrəvanı və erməni adına mövcud olan dövləti itirəcəkləri qorxusudur. Bu gün işğal olunmuş torpaqlarımızın azad olunması hər zamankından daha real görünür və düşmənlərimiz də bunun fərqindədirlər. Bu gün terrora qarşı dəyanət və şücaət göstərməklə yanaşı, düşmənin əsil məqsədlərinə yetişməməsi üçün soyuqqanlı və müdrik hərəkət etmək, hüquqi müstəvidən kənara çıxmamaq, milli birliyə və həmrəyliyə sadiq qalmaq vacibdir. Soydaşlarımızın və diplomatlarımızın həyatını, diplomat korpuslarımızı təhlükə altına atmamağa, onları və ailə üzvlərini təxribatlardan qorumağa çalışmalıyıq. Unutmamalıyıq ki, əsas cəbhə Qarabağ və Ermənistan ətrafındadır. Bu gün həm də informasiya müharibəsi içindəyik. Azərbaycanın Birinci vitse-prezidentinin müraciətində deyildiyi kimi: “Erməni təbliğat-təşviqat şəbəkəsi 30 ildən artıqdır ki, bu amansız cinayətlərə haqq qazandırmağa çalışaraq çoxsaylı diasporunun köməyi ilə məkrli anti-Azərbaycan təbliğatı aparır”. Erməni terrorunun dayandırılması bu təbliğat maşınının susdurulmasından çox dərəcədə asılıdır. Bu gün düşmən ön cəbhə xəttini xarici dövlətlərin iri şəhərlərinə daşımaq istəyir, biz isə mübarizəni mümkün olduğu qədər küçələrdən müxtəlif dilli internet məkanına, informasiya resursları və vasitələrinə, sosial şəbəkələrə, yazışmalara, məhkəmə zallarına və s. keçirməliyik. Təxribatların cavabını hüquqi və informativ müstəvidə verməliyik. Dayanmadan Azərbaycan həqiqətlərini yaymalı, hayların işğalçılıq, dövlət terroru siyasətini ifşa etməliyik, beynəlxalq vətəndaş və insan hüquqları təsisatlarına, erməni təxribatlarının baş verdiyi ölkələrin hökumətlərinə, hüquq-mühafizə orqanlarına qanun çərçivəsində haqlı təzyiqlərimizi gücləndirməliyik. Onları, ən əsası isə dünya ictimaiyyətini ermənilərin orta əsr təfəkkürlü vəhşilikləri qarşısında susqunluğun və məsələlərə ikili standartlarla yanaşmanın regional və beynəlxalq təhlükəsizliyə ciddi təhdid olduğuna inandırmağa çalışmalıyıq. Gücümüz haqqın və ədalətin bizim tərəfimizdə olmasında, dövlətimizin daxili sabitliyində, qüdrətli orduya, sarsılmaz milli birliyə, müdrik və cəsarətli rəhbərə malik olmağımızdadır! Provakasiyalara uymadan yolumuza davam etsək, erməni terrorunu cilovlaya biləcəyik və haqqımız çatan qələbəni tezliklə əldə edəcəyik. Allah bu yolda yar və yardımçımız olsun!",- deyə akademik İradə Hüseynova bildirib.

science.gov.az