sa sa 735
Ulu Öndərin elmə, təhsilə, alimlərə diqqət və qayğısı May 10, 2021 | 13:45 / Mühüm hadisələr

1960-cı illərin sonlarından başlayaraq elmimizin və təhsilimizin təşəkkülü və inkişafı milli və dövlətçilik tariximizin ən görkəmli siması, müasir müstəqil Azərbaycanın banisi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Prezident İlham Əliyev Ulu Öndərin məqsədyönlü milli dövlətçilik, müstəqillik, elm, təhsil, mədəniyyət və iqtisadi siyasətini uğurla davam etdirir, elm adamlarına daim həssaslıqla yanaşır. Prezident İlham Əliyev elm, təhsil və mədəniyyətin, alim və müəllimlərin böyük himayədarı olmuş Ulu Öndərin Azərbaycanda elmin inkişafının dəstəklənməsi ilə bağlı uzaqgörənliklə verdiyi tövsiyələrini də bütün digər vəsiyyətləri kimi ardıcıl şəkildə həyata keçirməkdə israrlıdır.

Bu fikirlər akademik İradə Hüseynovanın “Ulu Öndərin elmə, təhsilə, alimlərə diqqət və qayğısı” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Bugünkü inkişaf edən müstəqil Azərbaycan dövlətinin elm siyasətinin əsasını Ulu Öndər 52 il bundan öncə ölkəyə rəhbərlik etməyə başlayarkən qoymuş, respublikada elmin bütün sahələrinin inkişaf etdirilməsini öz fəaliyyətinin əsas istiqamətlərindən biri elan etmişdi.

Alimlərə qayğı ilə yanaşması və onlara sıx bağlılığı ilə seçilən ulu öndər Heydər Əliyevin bir tədbirdə “şəxsən mən elm xadimlərinə həmişə böyük hörmətlə yanaşmışam… ona görə ki, elm adamları müstəsna adamlardır”, digər bir toplantıda “Milli Elmlər Akademiyası Azərbaycan xalqının milli sərvətidir. Onu qoruyub saxlamalıyıq,” – deməsi dahi şəxsiyyətin elm siyasətini yaxşı xarakterizə edir.

Böyük rəhbərlik bacarıqları, fitri istedadı, novatorluğu, yüksək intellekti və təşkilatçılığı ilə seçilən Ulu Öndər dövlətin idarə olunmasına, xarici və daxili siyasətə, iqtisadiyyat və sosial sahələrə aid bütün məsələlərin həllinə hər zaman elmi cəhətdən əsaslandırmaqla yanaşmağa üstünlük verirdi.

Ümummilli lider 1970-ci illərdə Azərbaycanı keçmiş SSRİ-nin ən sanballı elm mərkəzlərindən birinə çevirmək məqsədilə elmi-tədqiqat institutlarının, elmi işçilərin sayının artırılmasına çalışır və onlara qayğı göstərirdi. Əgər 1969-cu ildə Azərbaycanda 89 elmi-tədqiqat institutu, 12850 elmi işçi, o cümlədən 55 akademik və müxbir üzv, 329 elmlər doktoru və 3000 elmlər namizədi var idisə, 1980-ci illərin əvvəllərində 123 elmi idarə və 17 ali məktəbdə 22 min elmi əməkdaş, o cümlədən Azərbaycan SSR EA-nın 56 həqiqi və 71 müxbir üzvü, 900-dən çox elmlər doktoru və 8 mindən çox elmlər namizədi çalışırdı. Ümumilikdə 1970-1980-ci illərdə Azərbaycanda 258 elmlər doktoru, 2677 elmlər namizədi hazırlanmışdı.

1970-ci illərdə Ümummilli Liderin məqsədyönlü siyasəti nəticəsində qeyd etdiklərimlə yanaşı, elmin maddi-texniki bazası möhkəmlənib, Azərbaycan elmi ölkədə və dünyada tanıdılıb, tədqiqat işlərinin səviyyəsi yüksəlib, istiqamətləri genişləndirilib, elm adamları hərtərəfli qayğı ilə əhatə edilib. Ulu öndər Heydər Əliyev elmin inkişafına dövlət quruculuğunun ən mühüm bir tərkib hissəsi kimi baxırdı. Yeri gəlmişkən qeyd edim ki, bütün bunlar Ümummilli Liderin və onun layiqli davamçısı Prezident İlham Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdikləri dövrlərdə də dövlətin elm siyasətinin əsası olmuşdur. Azərbaycanda dövlət quruculuğu sahəsində qazanılmış nailiyyətlərinin bir səbəbi də məhz bu siyasət hesab oluna bilər.

Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə elmin inkişafını ləngidən, onu geri çəkən neqativ halların da vaxtında aradan qaldırılması üçün bir sıra mühüm tədbirlərin həyata keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olub.

Ulu Öndərin hələ Azərbaycana rəhbərlik etdiyi ilk dövrlərdə Elmlər Akademiyası alimlərinin fəaliyyəti keçmiş SSRİ dövləti və dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilirdi. Azərbaycan Elmlər Akademiyasının aldığı ilk yüksək mükafat – “Xalqlar dostluğu” ordeni də Akademiyaya 1975-ci ildə Heydər Əliyevin özü tərəfindən təqdim edilmişdi. Bu dövrdə Elmlər Akademiyasının nailiyyətləri beynəlxalq miqyasda yüksək qiymətləndirilib, alimlərimiz beynəlxalq yarmarkalarda qızıl medallara, dövlət və hökumət mükafatlarına, o cümlədən 5 Lenin, 14 SSRİ Dövlət, onlarla Respublika Dövlət mükafatına layiq görülüb, bir neçə alim Sosialist Əməyi Qəhrəmanı adını alıb.

“Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”, – deyən ulu öndər Heydər Əliyev hər zaman müəllimlərə və alimlərlə eyni qayğı ilə yanaşıb, onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı çoxsaylı fərman və sərəncamlar qəbul etmişdir. Bu yanaşma sayəsində 1970-ci illərdə 817 nəfər “Əməkdar müəllim” fəxri adına, 3 müəllim isə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.

1970-80-ci illərdə Ulu Öndərin elm və təhsilə göstərdiyi diqqətin nəticəsi olaraq geniş diapazonda elmi kadr hazırlığının aparılması, ölkə üçün yeni elm sahələrinin yaranması, elmi istiqamətlərin modernləşdirilməsi respublikada elmin inkişafına çox ciddi təkan verdi. Ümummilli lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə 5 yeni ali təhsil müəssisəsi, onlarda kafedra, problem laboratoriyaları, yüzlərlə yeni ixtisaslar açılıb və ali təhsil alanların sayı 70 mindən 100 minə qədər artıb. 1982-ci ildə mövcud olan 21 ali təhsil müəssisəsində 136 fakültə və 530 kafedra fəaliyyət göstərirdi. Bu illərdə ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə yüksəlmişdi.

Burada onu da qeyd etməyi lazım bilirəm ki, Azərbaycanın xilası naminə təkrar hakimiyyətə qayıtdıqdan sonra ali təhsil sisteminə daha da çox diqqət göstərməyə başlayan Ulu Öndərin müvafiq fərman və sərəncamları ilə ali təhsil müəssisələrinin maliyyə problemlərini həll etməyə imkan yaratmaq üçün ödənişli təhsil tətbiq olunmağa başlanılıb, təhsil institutlarına universitet statusu verilib.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü və himayəsi nəticəsində 1970-80-ci illərdə səksəndən yuxarı sahəni əhatə edən 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gənc (1980-ci illərin əvvəllərindən başlayaraq ildə 1000-1400 nəfər) SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində təhsil almağa göndərilib, onlara güclü mütəxəssis kimi yetişmək üçün hər cür şərait yaradılıb.

Ulu Öndərin milli kadr potensialını gücləndirmək siyasətinin ən önəmli istiqamətlərindən biri milli hərbi kadrların hazırlanması hesab edilə bilər. Bu gün müstəqil Azərbaycan dövləti regionda ən güclü orduya malikdirsə, burada həmin uzaqgörən siyasətin böyük təsiri olub. Məlumdur ki, azərbaycanlı gənclərin keçmiş SSRİ-nin nüfuzlu ali hərbi məktəblərinə qəbul olunmasında bir sıra çətinliklər var idi. Bunlardan biri bütün imtahanların rus dilində verilməsinə olan tələb idisə, digərləri daha ciddi maneələri əhatə edirdi. Ümummilli lider Heydər Əliyev bu maneələri böyük səbir və müdrikliklə aşmağı bacarıb, hər il yüzlərlə gənci həmin təhsil ocaqlarına göndərə bilmişdi. Ulu Öndər bununla kifayətlənməyib, respublikada da hərbi orta və ali təhsil sisteminin yaradılmasına nail olub. Təkcə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin Milli Orduya kadr hazırlığında xidmətlərini xatırlamaq kifayətdir ki, görülən işlərin miqyası təsəvvür edilə bilsin.

Yüksək səviyyəli mütəxəssis və alim hazırlığı ilə bağlı bir məsələyə də diqqət çəkməyi vacib bilirəm. Həmin dövrlərdə və sonrakı müstəqillik illərində biokimya, molekulyar biologiya, biofizika, biotexnologiya, kompüter biologiyası və s. kimi mühüm elmi istiqamətlərin təşəkkülü və inkişafında, müxtəlif elm sahələri üzrə savadlı mütəxəssislərin yaxın və uzaq xaricdə təhsil alaraq biologiya üzrə tədqiqatlara cəlb olunmasında akademik Cəlal Əliyevin də müstəsna xidmətləri olub. Həmin siyasətin nəticələri bu gün Azərbaycan elminə dünya səviyyəsində nüfuz qazandırmaqdadır.

1993-cü ildə Azərbaycan xalqının çağırışı ilə yenidən hakimiyyətə gələn görkəmli dövlət xadimi Heydər Əliyev ilk olaraq alimlərlə görüşüb, onların fikrini və mövqeyini öyrənib. Dahi rəhbər tərəfindən sonrakı dövrdə atılmış ardıcıl addımlar ziyalıya, alimə və elmə hörməti geri qaytara, həmçinin Elmlər Akademiyası ətrafında gedən söz-söhbətlərə də son qoydu. Ulu Öndər 1997-ci ildə Azərbaycan Elmlər Akademiyası rəhbərliyini və aparıcı alimlərin bir qrupunu qəbul edərək elm sahəsində islahatların aparılmasının vacibliyini təsdiqləmiş, Azərbaycanda elmin inkişaf strategiyasının əsas müddəalarını qəti olaraq müəyyənləşdirmişdi. Bu tədbirdə Ümummilli Liderin ortaya qoyduğu mövqe və cəmiyyətə verdiyi mesajlar elmimizin nüfuzunu yenidən artırıb, elmin ölkənin inkişafında rolu və mövqeyi möhkəmlənib.

Alimə, elm adamına qayğı göstərilməsi, alimlərin sosial müdafiəsi, onlar üçün layiqli həyat şəraitinin təmin olunması 1970-ci illərdə – ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dördə olduğu kimi, müstəqillik illərində də Ulu Öndərin elm siyasətinin əsas prinsip və göstəricilərindən olmuşdur. Məhz Ulu Öndərin təşəbbüsü ilə 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinə aylıq rütbə maaşlarının verilməsinə başlanılıb. Minnətdarlıq hissi ilə qeyd etmək lazımdır ki, ötən illər ərzində AMEA əməkdaşlarının vəzifə maaşları da dəfələrlə artırılıb, onların sosial müdafiəsi üzrə əhəmiyyətli layihələr həyata keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev elmin hüquqi bazasının təkmilləşdirilməsi istiqamətində Ulu Öndərin apardığı siyasəti davam və daha da inkişaf etdirdi. 2016-cı il iyunun 14-də Azərbaycanda elmin inkişafı istiqamətində yeni perspektivlər açan “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsində yeni dəyişikliklər edildi.

Prezident İlham Əliyevin 2010-cu və 2015-ci illərdə AMEA-da alimlər qarşısında dərin məzmunlu, proqram xarakterli çıxışları, elmin inkişaf perspektivləri ilə bağlı dəyərli tövsiyələri Ulu Öndərin müdrikliklə müəyyən etdiyi və həyata keçirdiyi elm siyasətinin davamı baxımından səciyyəvi olmuşdur.

Bu gün dördüncü sənaye inqilabı ilə ayaqlaşmaq, iqtisadiyyatın dayanıqlılığını təmin etmək, biliklərə və elektronlaşdırmaya əsaslanan cəmiyyətin formalaşdırılması və insan kapitalına investisiyaların qoyuluşu yaxın perspektiv üçün Azərbaycanın dövlətçilik, eləcə də elm və təhsil siyasətinin başlıca strateji istiqamətlərindəndir. Ölkə rəhbəri İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, bütün bunlar yüksəkixtisaslı insan resursları, yeni elmi yanaşmalar və çevik innovasiya fəallığı tələb edir və müasir dünyanın reallıqları Azərbaycan elmi qarşısında tamamilə yeni vəzifələr qoyur. Bu vəzifələrin səmərəli icrasını təmin etmək, o cümlədən pandemiyaya qarşı mübarizəyə, işğaldan azad edilmiş torpaqlarımızda tədqiqatların aparılması ilə “Böyük Qayıdış”a gərəkli töhfələr verilməsində Azərbaycan elminin iştirakını təmin etmək üçün Azərbaycan Milli Elmlər Akademiyasında proqramlar hazırlanıb və bu proqramların səmərəli icrası istiqamətində alimlərimiz səylə çalışırlar.

Ulu Öndərin ruhu qarşısında layiqli hesabat vermək, onun vəsiyyətlərini yerinə yetirməkdə dövlətimizə dəstək olmaq üçün biz alimlər Azərbaycanın iqtisadi və hərbi qüdrətini, ekoloji və bioloji təhlükəsizliyini qorumaq və daha da möhkəmləndirmək istiqamətində bütün imkanlarımızı səfərbərliyə almalıyıq, elmimizin səviyyəsini artırmalı, onun dünyaya inteqrasiyasını gücləndirməliyik. İnanıram ki, ölkə Prezidentinin ətrafında daha sıx birləşərək, ən qısa zamanda bütün vəzifələrin öhdəsindən uğurla gələ biləcəyik.

azertag.az