sa sa 1077
Bioloq alim: Karantin qaydalarına əməl olunmasına ciddi nəzarət edilməlidir Avg 13, 2021 | 10:52 / Mühüm hadisələr

Yeni növ koronavirusun (SARS-CoV-2) törətdiyi xəstəlik (COVID-19) bu gün, demək olar ki, hər bir ailənin həyatına fiziki müdaxiləsi, yaxud xofu, psixoloji təhdidi ilə sirayət edib.

Bu fikirləri Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioinformatika laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü İlham Şahmuradov deyib. O bildirib ki, indiyədək (11 avqust 2021-ci il) dünya üzrə CoV-2 virusuna 205 milyon 521 min 376 yoluxma və bu səbəbdən 4 milyon 337 min 772 ölüm hadisəsi qeydə alınıb. Ölkəmiz üzrə yoluxma 357 min 58 nəfərə, ölüm sayı isə 5 min 95 nəfərə çatıb. Dünyada hər milyon nəfərə 26 min 366 nəfər COVID-19 xəstəsi və 5 min 565 ölüm hadisəsi düşür. Hər milyon nəfərə görə ABŞ-da 111 min 227 xəstə və 1908 ölüm, Türkiyədə 70 min 258 xəstə və 616 ölüm, Gürcüstanda 115 min 860 xəstə və 1565 ölüm, Rusiyada 44 min 607 xəstə və 1908 ölüm, Almaniyada 45 min 299 xəstə və 1098 ölüm, Yaponiyada 8 min 366 xəstə və 121 ölüm, Azərbaycanda 34 min 867 xəstə və 498 ölüm qeydə alınıb. Bu göstəricilərə görə, digər ölkələrlə müqayisədə Azərbaycanda vəziyyət ilk baxışda o qədər də təhlükəli görünmür. Lakin son günlərdə bu göstəricilərin sürətlə artması insanlarımızı yenidən təşvişə salıb.

İlham Şahmuradov diqqətə çatdırıb ki, COVID-19 pandemiyasının dünyanın əksər ölkələrində müşahidə olunan yeni dalğasını doğuran obyektiv və subyektiv səbəblər mövcuddur. Obyektiv səbəblərə nəzər yetirək: “Hüceyrələrimizin səthində müxtəlif molekulların oraya daxil olması və oradan xaric olması üçün çoxsaylı “qapılar” (reseptorlar) mövcuddur. Yeni növ koronavirus qan təzyiqimizin tənzimlənməsində həlledici rol oynayan anjiotenzin zülalının giriş qapısının “kilidinin açarına” (S zülalına) malikdir. Həmin qapının kilidini dəyişmək, yolu birdəfəlik bağlamaq mümkünsüzdür – nə metodoloji baxımdan, nə də ölüm doğuracaq fəsad baxımından. Deməli, ümid virusun həmin qapıya yaxınlaşmasına mane olmağa və artıq daxil olmağa “macal tapmış” virusları məhv etməklə onların çoxalmasına və yayılmasına imkan verməməyə qalır.

Təbii mutasiyalar nəticəsində virusun elə yeni variantları yarana bilir ki, (a) immun (müdafiə) sistemimiz onları operativ surətdə tanıyıb müvafiq hüceyrə qapısından daxil olmasını əngəlləyə bilmir və (b) hüceyrələrimizə artıq daxil olmuş həmin virus variantları daha böyük sürətlə çoxala bilir. Koronavirusun “delta” variantı (ştamı) buna ən bariz nümunədir.

Müxtəlif insanların immun sistemlərinin “imkanları” fərqlidir. 2-3 sutka ərzində özünü “büruzə verən” qrip virusundan fərqli olaraq, yeni növ koronavirusun “gizlənmək” (latent) dövrü 5-6 gün və daha çoxdur. Bu halda artıq virusa yoluxmuş insanlar özləri də bilmədən daha uzun müddət aktiv virus daşıyıcısı olurlar. Bu virusa “rast gələnə” qədər insanların orqanizmində çoxsaylı fəsadlar (qüsurlar) “toplanmış olur”, virusun müdaxiləsi isə onları daha da artırır”.

Subyektiv səbəblər odur ki, gigiyena, maska taxmaq, sosial məsafə və sosial təcrid tələblərinə əməl olunmur. Qısa müddətdə COVID-19 ilə mübarizədə uğur qazanmaq üçün dünya alimlərinin və həkimlərinin fikirləri, digər ölkələrin təcrübəsi və bir sıra həmvətənlərimizin mülahizə və təklifləri nəzərə alınmalıdır. Bu gün yeni növ koronavirusa qalib gəlməyin ən səmərəli yolu peyvəndlənmədir! Yas məclisləri, ad günləri və toyların keçirilməsi üzrə müəyyən olunmuş qaydalar təkmilləşdirilməli və onlara hər kəs tərəfindən əməl olunmasına ciddi nəzarət edilməlidir. Nəzərə almaq lazımdır ki, COVID-19 pasportu onun sahibinin virus daşıyıcısı olmadığına təminat vermir! Tam peyvəndlənmiş insanlar da yenidən bu virusa yoluxa bilərlər (mütləq əksər hallarda xəstəliyi yüngül formada keçirsələr də).

“SARS-CoV-2 və yaxın perspektivdə insanın digər virusları üzrə elmi araşdırmalar mərkəzi yaradılmalı və bu işə təşkilat mənsubiyyətindən asılı olmayaraq bütün aparıcı mütəxəssislər cəlb olunmalı, bu istiqamətlər üzrə kadr hazırlığına xüsusi diqqət yetirilməlidir. Eyni zamanda, Operativ Qərargaha daxil olmayan mütəxəssislərin müstəqil araşdırmalar apara bilməsi üçün yaş qrupları, peşəsi, cinsi və yaşadığı bölgə üzrə COVID-19 xəstəliyinin statistik göstəriciləri ictimaiyyətə bildirilməlidir. Bütün televiziya kanallarının üzərinə COVID-19 ilə mübarizə üzrə əhali arasında maarifləndirmə işlərinə müntəzəm və xüsusi efir vaxtının ayrılması öhdəliyi qoyulmalıdır. Gəlin özümüzü və bir-birimizi qoruyaq!”, - deyə İlham Şahmuradov qeyd edib.

“AzərTac”

science.gov.az