sa sa 1295
2021-ci ildə zooloq alimlərin 23 məqaləsi “Web of Science” və “Scopus” elmi bazalarında indeksləşən jurnallarda dərc edilib + Foto Dek 10, 2021 | 11:00 / Konfranslar, iclaslar

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının və Zoologiya İnstitutunun Elmi şurası ilə birgə iclası keçirilib.

Tədbir Zoologiya İnstitutunun 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunub.

İclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik İradə Hüseynova iclas iştirakçılarını salamladıqdan sonra söz, məruzə ilə çıxış etmək üçün institutun direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazova verilib. O, cari ildə “Biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının müasir yanaşmalarla tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi, elektron məlumat bazaları və xəritələrinin yaradılması” istiqaməti üzrə 4 problem, 10 mövzuya aid 34 elmi tədqiqat işinin yerinə yetirildiyini, onlardan 1 iş və 109 mərhələnin yekunlaşdığını qeyd edib. Məruzəçi bildirib ki, hesabat ilində institut əməkdaşları tərəfindən Xəzərin müxtəlif sahələrində infuzor birliklərinin növ müxtəlifliyinin müqayisəli analizləri və sərbəstyaşayan ibtidai birliklərinin strukturuna görə ətraf mühitin keyfiyyətinin ilkin qiymətləndirilməsi aparılıb, tədqiqat müddətində Abşeronun sahil sularında müxtəlif ekoloji qruplarda daxil olmaqla 15 fəsiləyə aid (Trachelocercidae, Spirostomatidae, Condylostomatidae, Amphisiellidae, Oxytrichidae, Parameciidae, Prorodontidae, Metopidae, Stokesiidae, Uronematidae, Pleuronematidae, Euplotidae, Colepidae, Urostylidae, Tintinnoidea) 29 növ infuzor qeydə alınıb.

Məruzəçi Stylurus ubadschii (Gompidae, Odonata) növünün Azərbaycan faunası üçün ilk dəfə qeyd edildiyini xüsusi vurğulayıb. Elm üçün 4 yeni otbiçən və 1 hörümçək (Dysderidae fəsiləsi) mənsub Harpactea gobustanica Nuruyeva & Huseynov, 2021, Homolophuskozlovi  Snegovaya, Cokendolpher, 2021, Homolophus milkoi Snegovaya, Cokendolpher, 2021, Homolophus airyamani Snegovaya, Cokendolpher, Zamani, 2021, Phalangium martensi Snegovaya, Cokendolpher, Zamani, 2021 növləri təsvir olunub.

İlk dəfə olaraq çoxalma mövsümünün sonunda (payız) təbiətdən ovlanmış Levant gürzələrinin süni şəraitdə cütləşmə olmadan mövsümdən kənar vaxtda, qış aylarında (dekabr-fevral) yetişmiş embrionları olan yumurtalar qoyması faktları aşkar edilib. Bu faktlar dişinin yumurta borusunda payız cütləşməsindən sonra qalmış sperma materialının uzun müddətə saxlandığını (spermoadaptasiya) və ya mayalanmış yumurta hüceyrələrinin payızda qeyri əlverişli hava şəraiti olduğundan embrional diapauza mərhələsinə (embrioadaptasiya) keçdiyini sübut edir.

Məruzəçi cari ildə Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın III nəşrinin hazırlanması üzrə yaradılan işçi qrupun mütəxəsissləri tərəfindən Azərbaycanın müxtəlif ərazilərində geniş tədqiqatlar aparıldığını vurğulayaraq “Qırmızı Kitabı”nın III nəşrinə, nadir, nəsli kəsilmək və təhlükə altında olmaqla, qorunmasına ehtiyac yaranan 279 növ heyvanın daxil edilməsi planlaşdırıldığını bildirib.

Ümumilikdə 128 olmaqla 55 məqalə, 56 tezis, 4 monoqrafiya (1-i xaricdə), 13 adda buklet və flayerin nəşr edildiyini vurğulanıb. Onlardan 41 məqalə və 27 tezis xarici jurnallarda nəşr edilib. O cümlədən, məqalələrdən 23-i “Web of Science” və “Scopus” elmi bazalarında indeksləşən jurnallarda dərc edildiyini söyləyən direktor, cari ildə institut əməkdaşlarının elmi əsərlərinə istinadların olduğunu, əməkdaşların dəfələrlə yerli və xarici konfranslarda məruzələrlə çıxış etdiklərini bildirib. Ələddin Eyvazov cari ildə qrant layihələr, imzalanan müqavilələr, gələcək planlar və perspektivlər haqqında da ətraflı məlumat verib. İnstitutun 85 illiyinə və akademik Musa Musayevin anadan olmasının 100 illik yubileyinə həsr olunan, “Zoologiyada fundamental və tətbiqi elmi araşdırmalar: Aktual məsələlər, nailiyyətlər və innovasiyalar” mövzusunda keçirilmiş elmi-praktik konfransın materiallarının çapdan çıxdığını bildirib.

Sonda hesabat ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb, təkliflər dinlənilib.

Akademik İradə Hüseynova  rəhbərliyə və əməkdaşlara öz tövsiyələrini verib.

Yekunda müəssisənin fəaliyyəti müsbət qiymətləndirilərək illik hesabatın qəbul olunmasına dair qərar qəbul olunub.

İclasın sonunda akademik İradə Hüseynova tərəfindən akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimovaya anadan olmasının 70 illik yubeliyi münasibətiilə Biologiya və Tibb Elmləri Bölməsinin Fəxri fərmanı təqdim edilib.

science.gov.az