sa sa 813
MBBİ alimləri 18-ci Beynəlxalq Fotosintez Konqresində çıxış edirlər Avg 09, 2022 | 12:11 / Konfranslar, iclaslar

  31 iyul - 05 avqust tarixlərində Yeni Zelandiyanın Dunedin şəhərində “Fotosintez tədqiqatları: enerji və ərzaq təhlükəsizliyi üçün fundamental və tətbiqi elm” mövzusunda 18-ci Beynəlxalq Fotosintez Konqresi keçirilmişdir. Hibrid formatda təşkil olunan bu Konqresdə Azərbaycan iki elmi məruzə ilə təmsil olunmuşdur. Birinci iş Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) baş direktoru akademik İradə Hüseynova tərəfindən “Quraqlıq stresi və təkrar suvarma zamanı buğda genotiplərinin fotosintez aparatı, karbon metabolizmi və antioksidant halı” mövzusunda, ikinci iş isə institutun baş elmi işçisi b.e.d. Şahniyar Bayramov tərəfindən “Chenopodiaceae cinsinin bəzi yerli C4 bitkilərində FBP-aza və NADP-GAPDH fermentlərinin fəaliyyətinin gündəlik tənzimlənməsi” mövzusunda təqdim olunmuşdur. Təəssüflər olsun ki, COVİD-19 pandemiyasına görə Yeni Zelandiya höküməti bir çox ölkələr üçün, Azərbaycan Respublikası da daxil olmaqla, sərhəddi bağlamışdır. Bu səbəbdən də Azərbaycanlı alimlər Konqresin işində ancaq online iştirak etmişlər. Lakin buna baxmayaraq, Azərbaycanlı alimlərin işi böyük marağa səbəb olmuş, geniş müzakirələr aparılmışdır.

Qeyd etmək lazımdır ki, Beynəlxalq Fotosintez Tədqiqatları Cəmiyyətinin təsis etdiyi Cəlal Əlyev adına mükafat (The Jalal Aliyev Lecture Award) 18-ci konqresdə fotosintez elminin inkişafında böyük xidmətlərinə görə görkəmli amerikalı alim, ABŞ İllinoys Universitetinin Karl Veze adına Genom Biologiyası İnstitutunun professoru Donald Orta verilib.