sa sa 669
Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi: gələcəyə baxış Okt 13, 2022 | 09:00 / Nəşrlər

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən müqəddəs Qarabağ torpaqlarının düşmən tapdağından azad olmasından sonrakı 2 ilə yaxın müddətdə regionda misli görünməmiş bərpa və quruculuq işləri aparılmış, ermənilər tərəfindən törədilmiş ekoloji fəlakətlərin elmi əsaslı monitorinqi, azad edilmiş ərazilərin bioloji müxtəlifliyinin, torpaq və su ehtiyatlarının, kənd təsərrüfatının bərpası, mühafizəsi və səmərəli istifadəsi, biotəhlükəsizlik problemləri üzrə tədqiqatlar geniş vüsət almışdır.

Bütün bu istiqamətlərdə hələ 2021-ci ilin mayında Azərbaycan Milli Elmlər Akademiyasında "Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bu günü və gələcəyi" mövzusunda onlayn konfrans keçirilmişdir. Həmin konfransdan keçən müddət ərzində akademiyanın institutları, alim və mütəxəssisləri, eləcə də ölkənin digər elmi tədqiqat və təhsil müəssisələri tərəfindən regionda müəyyən həcmdə tədqiqatlar aparılaraq bir sıra nəticələr əldə edilmişdir. Qarabağda elmi tədqiqatların bərpası üzrə ötən dövrdə görülmüş işlərin geniş tərkibdə müzakirəsi, real tədqiqatlardan alınmış nəticələrin yerli və beynəlxalq ictimaiyyətə çatdırılması, müvafiq tədqiqat istiqamətlərinin və planlarının yenilənməsi və ya onlarda korrektələrin edilməsi məqsədilə yeni bir elmi konfransın təşkilinə ehtiyac yaranmışdır.

"Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış" mövzusunda beynəlxalq konfrans isə bu il sentyabrın 22-də AMEA-nın əsas binasında keçirilmişdir. Akademik Arif Həşimov müstəqil dövlətçiliyimizin, ərazi bütövlüyümüzün, milli mənliyimizin xilası olan 44 günlük müharibənin Azərbaycan dövlətinin və xalqının əbədi qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazıldığını bildirmişdir.

30 illik fasilədən sonra Qarabağın yeraltı və yerüstü, canlı və cansız, təbii və mədəni sərvətləri, mövcud bioloji və ekoloji durumu, gələcək inkişaf perspektivləri ciddi multidissiplinar tədqiqatların mövzusudur. Artıq region üzrə bioloji, ekoloji və radioloji monitorinqlər ardıcıl xarakter daşıyır, Ermənistanın Qarabağda törətdiyi ekoloji terrorun miqyası qiymətləndirilir, regionun aqroiqlim şəraitinə uyğun bitki sortları yaradılır və onların toxumçuluğu təşkil olunur. Qarabağda tədqiqatların bərpası və gücləndirilməsi ilə bağlı AMEA-da bir sıra qərarlar qəbul edilmiş və bir neçə mühüm elmi tədbirlər, onlayn konfranslar, Bakıda və Qarabağ regionunda bir neçə seminar keçirilmiş, tədqiqatlardan alınan nəticələr əsasında akademiyanın "Həyat elmləri və biotibb" jurnalının xüsusi nömrəsində nəşr olunmuşdur. Alimlər ekoloji fəlakətlərin bu regionun biomüxtəlifliyini məhv etdiyinə və endemik növlər üçün ciddi təhlükə yaratdığına diqqət çəkmişlər.

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini, professor Elçin Zeynalov işğaldan azad olunmuş ərazilərimizin böyük iqtisadi potensiala malik olduğunu, xüsusən dünyanın mədəni mərkəzlərindən biri olan Şuşa şəhərinin və ətraf ərazilərin bu mənada xüsusilə seçildiyini qeyd etmişdir. Azad olunmuş ərazilərdə meyvəçiliyin və tərəvəzçiliyin, heyvandarlığın inkişafı üçün zəruri infrastruktur, uyğun torpaq-iqlim şəraiti mövcuddur. Bundan başqa, bütün təhlükəsizlik tədbirlərinə riayət edilməklə payızlıq və yazlıq əkin işləri, növbəti təsərrüfat ilinə hazırlıqla bağlı məsələlər ciddi əhəmiyyət kəsb edir. İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı fəaliyyətinin bərpası, ətraf mühitin və biomüxtəlifliyin qorunması, "yaşıl" texnologiyaların tətbiqi 2022-ci il üzrə başlıca məqsədlər olmuşdur.

Əsrarəngiz gözəlliyə, zəngin və çox qiymətli təbii sərvətlərə malik olan Azərbaycanın təbiətinin qorunması və bu sərvətlərin düzgün istismarı ölkədə prioritet məsələlərdəndir. Otuz ilə yaxın davam edən işğal dövründə meşə sahələrinin, flora və faunanın, təbiət abidələrinin məhv edilməsi, su resurslarının çirkləndirilməsi və təbii sərvətlərin qeyri-qanuni istismar olunması nəticəsində bu ərazilərdə ekoloji tarazlıq pozulmuşdur.

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in təsdiq edilməsi haqqında sənəddə işğaldan azad edilmiş ərazilərə Böyük qayıdış və yüksəkkeyfiyyətli ekoloji mühitin təmin olunmasının yaxın 10 il üçün əsas strateji istiqamətlər kimi göstərildiyini diqqətə çatdırmışdır. Bu gün azad edilmiş ərazilərdə "Qırmızı kitab"ın 3-cü nəşrinin hazırlanması çərçivəsində nazirlik AMEA ilə birlikdə elmi-tədqiqat işləri həyata keçirir. Vüqar Kərimov demişdir ki, müasir texnologiyaların tətbiq edildiyi "ağıllı" şəhər və kənd konsepsiyasının reallaşdırılması regionun unikal təbiətinin qorunması, insan, ətraf mühit arasında tarazlığın təmin edilməsi şəhər mühitində sağlam və keyfiyyətli həyat tərzinin bərqərar edilməsinə səbəb olacaq. İşğaldan azad edilmiş ərazilərə Böyük qayıdış çərçivəsində ekoloji bərpa işlərinin həyata keçirilməsi, ətraf mühitin mühafizəsinin etibarlılığının artırılması, biomüxtəliflik və digər təbii resurslardan, həmçinin mineral xammal ehtiyatlarından səmərəli istifadə təbiətin dirçəlməsinə gətirib çıxaracaqdır.

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova "zəngin biomüxtəlifliyə, su və torpaq ehtiyatlarına, əlverişli torpaq-iqlim şəraitinə və coğrafi mövqeyə, torpaq və su təminatına malik olan azad edilmiş ərazilərin inkişafının sistemli xarakter alması üçün elmin intensiv iştirakı və fəaliyyətlərin elmi yanaşmalara əsaslanmasının tələb olunduğunu vurğulayaraq bu ərazilərə son dövrlərdə elmi müəssisələr və mütəxəssislər tərəfindən ekspedisiyaların təşkil olunduğuna, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və digər təşkilatlarla əməkdaşlıq şəraitində monitorinq tədqiqatlarının aparıldığına diqqət çəkmişdir. Qarabağda alimlərimiz tərəfindən həyata keçirilmiş tədqiqat işlərinin istiqamətləri sırasında ayrı-ayrı obyektlərin radioekoloji vəziyyətinin, bioloji ehtiyatlarının və biotəhlükəsizlik məsələlərinin öyrənilməsi ilə bağlı işlər, su resurslarına və su ilə bağlı problemlərin həllinə aid araşdırmalar, Azərbaycan Respublikasının "Qırmızı kitab"ının 3-cü nəşrinə daxil edilməsi planlaşdırılan növlərin monitorinqi ilə bağlı tədqiqatlar, eləcə də Qarabağ Elmi-Tədqiqat Bazasının bərpasına və burada region üçün yaradılmış bitki sortlarına dair fəaliyyətlər xüsusi olaraq qeyd edilməlidir. Artıq 3 ekspedisiya həyata keçirilmiş, Füzuli və Cəbrayıl rayonlarının Arazboyu ərazilərində, Zəngilan və Qubadlı rayonlarında, Şuşa şəhəri və ətraf ərazilərdə "Qırmızı siyahı" növləri ilə bağlı araşdırmalar aparılmışdır. Son bir ildə Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasında 2 tarla seminarının keçirildiyini söyləyən vitse-prezident bildirib ki, böyük zəfərdən sonrakı dövrdə bazanın 100 hektar ərazisi minalardan təmizlənmiş, burada genofond bağı salınmağa başlanılmış, prioritet kənd təsərrüfatı bitkilərinin bölgə üçün yaradılmış yeni sortlarının və potensial sort nümunələrinin əkinləri aparılmış və onlar üzərində tədqiqat işləri həyata keçirilmişdir. Ötən dövr ərzində işğaldan azad edilmiş ərazilərin su resurslarına, onların bərpasına, yeni mənbələrin tapılmasına və su ilə bağlı problemlərin həlli üzrə çoxsaylı təkliflər verilmiş və əsaslandırılmışdır.

Konfransa Türkiyə, İran, Ukrayna, Rusiya, Şimali Kipr Türk Respublikası, Cənubi Koreya, Çin, Gürcüstan və s. ölkələrdən 257 tezis təqdim edilmişdir.

Beynəlxalq konfransın bağlanış mərasimi Azərbaycanın mədəniyyət mərkəzi Şuşada, Cıdır düzündə baş tutmuşdur. Mərasimdə AMEA-nın Biologiya və Tibb Elmləri, Yer Elmləri, eləcə də Fizika-Riyaziyyat və Texnika Elmləri bölmələri üzrə 50-yə yaxın nümayəndə iştirak etmişdir.

Neft-Qaz İnstitutunun baş direktoru akademik Fəxrəddin Qədirov Azərbaycan alimlərinin Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları, ekologiyası, geoloji quruluşu, yeraltı və yerüstü sərvətləri ilə bağlı apardıqları tədqiqatların daha da gücləndirilməsinin vacibliyini bildirmişdir. Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Çingiz Əliyev tədbirin Qarabağın təbii ehtiyatları ilə bağlı elmi fikirlərin mübadiləsi baxımından əhəmiyyətli olduğunu vurğulamış, işğaldan azad olunmuş ərazilərin radioekoloji monitorinqinin aparılmasında AMEA mütəxəssislərinin yaxından iştirak etdiyini, bu ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün xəritələrin çəkilməsi istiqamətində işlərin görüldüyünü diqqətə çatdırmışdır.

Konfrans iştirakçıları Şuşa şəhərində Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Molla Pənah Vaqifin məqbərəsini ziyarət etmiş, şəhərin tarixi mərkəzini əhatə edən qala divarlarına - Şuşa qalasına, Üzeyir bəy Hacıbəyli, Bülbül və Natəvanın heykəllərinə baxış keçirmişlər.

Alimlər öz dəyərli fikirlərini, apardıqları araşdırmaların nəticələrini, yaxın gələcək üçün tədqiqat planlarını, birgə çalışmaq niyyətlərini bölüşmək üçün konfransdan yeni bir platforma kimi istifadə etmişlər. Azərbaycan elminin müvafiq sahələrinin üzərinə düşən mühüm vəzifələrin müəyyənləşdirilməsi baxımından da faydalı olmuş beynəlxalq konfrans elm adamlarını, tədqiqatçıları həmin vəzifələrin yerinə yetirilməsi uğrunda səfərbər etməyə kömək etmiş, burada bir sıra müştərək multidissiplinar tədqiqatların əsası qoyulmuşdur.

“Azərbaycan” qəzeti