sa sa 468
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görkəmli alim və ictimai-siyasi xadim akademik Cəlal Əliyevin anadan olmasının 96-cı illiyinə həsr olunmuş konfrans keçirilib + Foto İyl 01, 2024 | 10:27 / Konfranslar, iclaslar

Böyük alim və ictimai-siyasi xadim akademik Cəlal Əliyevin doğum gününün elmi tədbirlərlə qeyd edilməsi ilə bağlı çoxillik ənənə bu il də davam etdirilib. 27-28 iyun 2024-cü il tarixlərində AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda həmin institutun, AR KTN Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə akademik Cəlal Əliyevin anadan olmasının 96-cı ildönümünə və “Yaşıl dünya naminə həmrəylik” ilinə həsr olunmuş “Qlobal iqlim dəyişiklikləri, fotosintez və dayanıqlı həyat” mövzusunda konfrans keçirilib.

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) akt zalında 2 gün ərzində gerçəkləşən bu mühüm konfransdan öncə Cəlal Əliyev məktəbinin davamçıları 1-ci Fəxri Xiyabanda görkəmli alimin məzarını ziyarət edib, ruhuna dualar oxuyaraq abidəsi önünə gül dəstələri qoyublar.

Sonra MBBİ-də konfrans iştirakçıları və qonaqlar akademik Cəlal Əliyevin həyat və elmi fəaliyyətinin əsas məqamlarını, özünün və yaratdığı məktəbin elmi nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar.

Konfransı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, MBBİ-nin baş direktoru akademik İradə Hüseynova tədbir iştirakçılarını salamladıqdan sonra qeyd edib ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən “Qlobal iqlim dəyişiklikləri, fotosintez və dayanıqlı həyat” mövzusunda konfrans çox aktual bir mövzuya həsr olunub. Alim son 100 ildə təbii sərvətlərdən səmərəsiz istifadə edilməsi, içməli su problemləri, torpaqların deqradasiyası, qlobal iqlim dəyişikliklərinin çox ciddi fəlakətlərə yol açdığını vurğulayıb.

Akademik İradə Hüseynova hazırda dövlətimizin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu problemlərin həllinə yönəlmiş fəaliyyətindən bəhs edib. O bildirib ki, COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərarın qəbulu dünya ölkələri tərəfindən Azərbaycana göstərilən etmadın bariz göstəricisidir. Azərbaycanda ağıllı kənd və qəsəbələrin salınması, “yaşıl enerji”yə keçid, alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi, ölkədə “yaşıl artım”ın təmin olunması istiqamətində aparılan işlərin miqyası çox genişdir. Akademik İradə Hüseynova, həmçinin bu konfransın təşkilinin digər mühüm səbəbinin iyunun 30-da böyük alim və ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin 96 yaşının tamam olması ilə əlaqədar olduğunu bildirib. Akademik İradə Hüseynova Cəlal Əliyev məktəbinin onun işini davam etdirdiyini xüsusilə vurğulayıb. Əsası akademik Cəlal Əliyev tərəfindən qoyulan Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda hazırda 5 laboratoriya fotosintez istiqamətində tədqiqatları davam etdirir. Böyük alimin bu istiqamətdə apardığı tədqiqatlar, bu tədqiqatlarda əldə etdiyi nailiyyətlər Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunmasında əvəzsiz rol oynayıb.

Sonra AR Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin şöbə müdiri biologiya üzrə fəlsəfə doktoru Cavanşir Təlai hazırda kənd təsərrüfatının qarşısında duran problemlərdən – əkinəyararlı torpaq sahələrinin və su ehtiyatının az olmasından, iqlim dəyişiklikləri ilə bağlı ekoloji və sosial problemlərdən, urbanizasiyanın mənfi təsirindən və gənclərin kənd təsərrüfatına cəlb edilməsi məsələlərindən bəhs edib. Natiq qeyd edib ki, akademik Cəlal Əliyevin yaratdığı sortlar bu gün də aqrar sahəyə öz töhfəsini verir.

Daha sonra akademik Cəlal Əliyevin uğurlu tələbələrindən biri – tədbirə onlayn qoşulan, Rusiya EA-nın Bitki Fiziologiyası və AR ETN-nin Molekulyar Biologiya və Biotexnologiyalar institutlarında laboratoriya müdiri, Rusiya Federasiyasının əməkdar elm xadimi, Rusiya EA-nın müxbir üzvü Süleyman Allahverdiyev müəllimləri ilə bağlı xatirələrini bölüşüb. O qeyd edib ki, Cəlal müəllim o zaman ali məktəblərdən istedadlı tələbələri şəxsən seçər, onların təhsili və inkişafı üçün bütün imkanları yaradardı. Akademik Cəlal Əliyev yüzlərlə azərbaycanlını keçmiş SSRİ-nin ən nüfuzlu universitetlərinə göndərərək Azərbaycan elminin gələcəyinə çox böyük töhfə verib.

YAP-ın Veteranlar Şurasının və AMEA Qadınlar Şurasının İdarə heyətinin üzvü Zərifə Quliyeva Cəlal Əliyevin adının bu gün çox böyük kürsülərdən səsləndiyini söyləyib. Zərifə Quliyeva Cəlal müəllimin çox cəsarətli, qorxmaz, əqidəli və bir o qədər də mülayim, ürəyiyumşaq olması kimi şəxsi keyfiyyətlərindən bəhs edib. O qeyd edib ki, Cəlal Əliyev yaddaşlarda təkcə böyük alim kimi deyil, həm də Ümummilli Liderin sədaqətli silahdaşı kimi qalacaq. Heydər Əliyev üçün və bütün Azərbaycan üçün çətin olan zamanlarda Cəlal Əliyev bir an belə tərəddüd etmədən Ümmummilli Liderimizin arxasında olub. Cəlal Əliyevin adı bizim qəlbimizdə yaşayacaq.

Sonra konfransın AMEA-nın müxbir üzvü Novruz Quliyevin moderatorluğu ilə keçirilmiş plenar iclasında Akademik Cəlal Əliyevin fotosintez tədqiqatları məktəbinin ilk nümayəndələrindən biri olan AMEA-nın müxbir üzvü İbrahim Əzizov “Müasir dövrdə ətraf mühit problemləri və onların həll yolları”, akademikin daha bir tələbəsi və bu yaxınlarda biologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüş Atabəy Cahangirov “Yumşaq buğdanın seleksiyasında morfoloji və biokimyəvi parametrlərin istifadəsi” mövzularında məruzələrlə çıxış ediblər.

İclasda daha sonra biologiya elmlər doktoru Yaşar Feyziyev “Fotosintezin ilkin reaksiyaları və bioenerji problemləri”, biologiya üzrə fəlsəfə doktoru Aynurə Paşayeva “Thylakoid membrane reconfiguration under light stress through PsbS-dependent phosphorylation and NPQ in rice plants” mövzularında təqdimatlarla çıxış ediblər. Bütün çıxışlar maraqla dinlənilib, onlar ətrafında müzakirələr aparılıb.

Konfransın ilk gününün sonunda akademik Cəlal Əliyevə həsr edilmiş “Əbədiyaşar alim” adlı fim nümayiş etdirilib.

Konfransın ikinci gününün birinci yarısında biologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Məmmədovun moderatorluğu ilə keçirilən iclasda biologiya elmləri doktoru, dosent Şahniyar Bayramovun “Rubisco, Rubiscoaktivaza fermentləri və global iqlim dəyişiklikləri”, biologiya elmləri doktoru, dosent Tofiq Allahverdiyevin “CIMMYT-dən introduksiya olunmuş yazlıq yumşaq buğda genotiplərinin fizioloji və aqronomik əlamətlərinin tədqiqi”, biologiya üzrə fəlsəfə doktoru Ülkər İbrahimovanın “Buğda genotiplərinin duz stresinə cavab reaksiyalarının xlorofil flüoressensiya vasitəsilə tədqiqi”, biologiya üzrə fəlsəfə doktoru Atif Zamanovun “Buğda bitkisinin müxtəlif orqanlarında CO2-nin assimilyasiyasına quraqlığın təsiri”, biologiya üzrə fəlsəfə doktoru Taliyə Orucovanın “Fototənəffüs və karbon qatılaşdırıcı mexanizmlərin təkamül aspektləri”, Mehriban Şabanovanın “Təkmilləşdirilmiş herbisid növlərinin sintezi üçün yeni sintez edilmiş kimyəvi maddələrin tədqiqi”, Turanə İsgəndərovanın “Antioxidant and ultrastructural alterations in wheat during drought-induced leaf senescence” adlı məruzələri dinlənilib.

Günün ikinci yarısı davam edən iclasa biologiya elmləri doktoru, dosent Tofiq Allahverdiyev aparıcılıq edib. Burada biologiya elmləri doktoru, professor Səftər Süleymanov “Qlobal iqlim dəyişiklikləri və fotosintez prosesi”, biologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Məmmədov “Xloroplast genomları: divergensiya, təkamül, duz stresinin struktur funksiyaya, genom nüsxələrinin sayına və transkript səviyyəsinə təsiri”, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Rüstəmova “Yumşaq buğdanın bütöv genomu üzrə fotosintez ilə əlaqəli vegetasiya indeksləri üçün assosiasiyaların tədqiqi”, biologiya üzrə fəlsəfə doktoru, dosent Ulduzə Qurbanova “Bitkilərdə karbon metabolizmi və iqlim dəyişikliyi”, aqrar elmlər üzrə fəlsəfə doktoru Qərib Novruzlu “Arpa sortlarının quraqlığa və duza davamlılığına görə seleksiyası”, biologiya üzrə fəlsəfə doktoru Nərgiz Bayramova “Effects of grapevine leafroll associated virus 3 infection on photosynthetic pigments, the structure of stomata and chloroplast in Vitis vinifera L. leaves”, Könül Cümşüdlü “Formiat ionlarının tilakoid membranlarında FSII-nin fotokimyəvi fəallığına təsiri” mövzularında məruzələrlə çıxış ediblər. Konfransda çıxışlar ətrafında geniş müzakirələr aparılıb.

Tədbir öz işini uğurla başa çatdırıb.

science.gov.az