sa sa 3437
Alim adının və şəxsiyyətinin ucalığı Fev 01, 2026 | 12:27 / Nəşrlər

Fevral ayının 1-də akademik Cəlal Əlirza oğlu Əliyevin haq dünyasına qovuşmasından 10 il ötür. Onun həyat yolu və zəngin elmi irsi Azərbaycanın intellektual inkişafına, eləcə də sağlam ictimai-siyasi mühitinin formalaşmasına əvəzsiz töhfələr vermişdir. Cəlal Əliyev bütün şüurlu ömrünü elmə həsr etmiş, neçə gənc alim nəslinin yetişdirilməsində mühüm rol oynamış, fundamental biliklərə bağlılıq və yüksək elmi prinsipiallıq nümunəsi göstərmişdir. Azərbaycan fikir tarixində elmi və vətəndaşlıq ənənələrinin parlaq təcəssümlərindən birinə çevrilmiş alimin elmi fəaliyyətinin əsas istiqamətlərini fotosintez və bitki fiziologiyasının nəzəri problemləri təşkil etmiş, bu sahədə apardığı fundamental tədqiqatlar nəticəsində əldə olunan mühüm nəticələr praktik kənd təsərrüfatı nailiyyətlərinə uğurla tətbiq edilmişdir.

Elmi nəzəriyyə ilə laboratoriya və sahə təcrübələrinin vəhdətini yaradan akademik Cəlal Əliyev “yaşıl inqilab” ideyalarının ölkə və ətraf region miqyasında gerçəkləşməsinə mühüm töhfələr vermişdir. Böyük Müəllimin formalaşdırdığı elmi məktəb dünya səviyyəsində fundamental və tətbiqi tədqiqatların aparılması ilə seçilmiş, bu araşdırmalar klassik biologiya istiqamətləri ilə yanaşı, ölkəmizdə bioinformatika, molekulyar biologiya, molekulyar genetika, biologiyada rəqəmsal texnologiyalar və digər müasir elm sahələrinin təşəkkül tapmasına və inkişafına güclü təkan vermişdir. Akademikin rəhbərliyi altında yetişmiş yüzlərlə yüksək ixtisaslı alim və mütəxəssis bu gün Azərbaycanın elmi potensialının formalaşmasında fəal iştirak edir, eyni zamanda dünyanın aparıcı tədqiqat mərkəzlərində uğurla fəaliyyət göstərərək böyük alimin elmi irsini layiqincə davam etdirirlər.

Akademik Cəlal Əliyevin formalaşdırdığı bu elmi və intellektual mühit biologiya və bitki seleksiyası sahələrinin inkişafı ilə məhdudlaşmamış, bütövlükdə müasir Azərbaycan cəmiyyətinin düşüncə tərzinin, strateji baxışlarının və dövlət quruculuğu fəlsəfəsinin formalaşmasına da təsir göstərmişdir. Məhz bu cür intellektual əsaslar üzərində qurulmuş müasir Azərbaycan dövləti hazırda siyasi, hüquqi və ictimai baxımdan yeni və əlamətdar bir mərhələni yaşamaqdadır.

Bu xüsusda ötən ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının möhkəmliyini, milli suverenliyin dönməz və əbədi xarakter daşıdığını bir daha təsdiqləmişdir. Azərbaycan son illərdə ərazi bütövlüyünü və suveren hüquqlarını tam bərpa etmiş, eyni zamanda regionda sülhün, təhlükəsizliyin və beynəlxalq hüquq normalarına əsaslanan ədalətli münasibətlərin bərqərar olunması istiqamətində prinsipial və ardıcıl mövqe nümayiş etdirmişdir. Ölkəmiz bu gün Cənubi Qafqazda sabitliyin və əməkdaşlığın əsas təşəbbüskarlarından biri kimi çıxış edir, regional gücə çevrilmə yolunda inamlı və ardıcıl addımlarla irəliləyir.

Bu uğurların təməlində Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik konsepsiyası və bu konsepsiyanın cənab Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə qətiyyətlə və yaradıcı şəkildə davam etdirilərək daha da gücləndirilməsi dayanır. Prezidentin ABŞ başda olmaqla dünyanın aparıcı siyasi və iqtisadi gücləri ilə qurduğu dinamik, qarşılıqlı hörmətə və milli maraqlara əsaslanan münasibətlər Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə, ölkəmizin qlobal qərarların qəbulunda etibarlı tərəfdaş kimi tanınmasına mühüm töhfə vermişdir. Bu kontekstdə müstəqil dövlət institutlarının möhkəmləndirilməsi, demokratik idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və seçki proseslərinin bütün ölkə ərazisini əhatə etməsi Azərbaycanın siyasi yetkinliyinin göstəricisidir.

2025-ci ildə Azərbaycan elmi ictimaiyyətinin yaddaşına həkk olunan rəmzi və mənalı hadisələrdən biri də akademik Cəlal Əliyevin həyat və fəaliyyətinin əhəmiyyətli bir hissəsini həsr etdiyi Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi olmuşdur. Yubiley tədbirləri çərçivəsində Akademiyanın keçdiyi inkişaf yolu, formalaşmasında və elmi ənənələrinin qorunub saxlanılmasında mühüm rol oynamış görkəmli alimlərin xidmətləri xüsusi vurğulanmışdır. Bu kontekstdə akademik Cəlal Əliyevin də adı AMEA-nın elmi potensialının gücləndirilməsi və nüfuzunun artırılması istiqamətində göstərdiyi çoxillik və fədakar fəaliyyəti ilə daim xatırlanmışdır. Yubiley mərasimlərində böyük alimin Akademiyanın mövcudluğu, elmi istiqamətlərinin formalaşması və inkişaf strategiyalarının müəyyənləşdirilməsi yolunda gördüyü işlər xüsusi qeyd olunmuş, onun elmi irsinin AMEA-nın tarixi ilə üzvi şəkildə bağlı olduğu bir daha ön plana çəkilmişdir.

Dövlətin ideoloji dayaqlarının formalaşmasında, milli şüurun, elmi düşüncənin və intellektual müstəqilliyin möhkəmlənməsində akademik Cəlal Əliyev kimi böyük ziyalıların rolu həlledici olmuşdur. Onlar öz elmi fəaliyyəti, ictimai mövqeyi və prinsipial vətəndaş məsuliyyəti ilə müstəqil Azərbaycan dövlətinin ideya sütunlarını möhkəmləndirmiş, elmi biliklə dövlətçilik düşüncəsi arasında üzvi və davamlı bir körpü yaratmışlar. Məhz belə şəxsiyyətlərin fəaliyyəti sayəsində milli inkişaf strategiyası təkcə siyasi və iqtisadi uğurlarla deyil, həm də dərin elmi-intellektual məzmunla zənginləşmişdir.

Müstəqil Azərbaycan dövlətçiliyinin formalaşdığı həlledici tarixi mərhələlərdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə aparılan siyasi və hüquqi quruculuq proseslərində akademik Cəlal Əliyev hər zaman fəal mövqe tutmuş, konstitusiya əsaslarının möhkəmləndirilməsi və dövlət suverenliyinin qorunması istiqamətində prinsipial mövqeyi ilə seçilmişdir. Onun Azərbaycan Respublikasının müstəqilliyinin dönməz xarakter alması və milli təhlükəsizlik mühitinin möhkəmləndirilməsi yolunda göstərdiyi xidmətlər müasir tariximizin mühüm səhifələrində xüsusi yer tutur.

Görkəmli alim və ictimai-siyasi xadim kimi Cəlal Əliyevin mürəkkəb və sınaqlarla zəngin həyat yolu bu gün də gənc nəsil üçün mənəvi möhkəmlik, vətəndaş məsuliyyəti və əqidə bütövlüyü nümunəsi olaraq dəyərləndirilir. O, həm elmi fəaliyyətində, həm də ictimai mövqeyində həqiqətə sadiqliyi əsas prinsip kimi qəbul etmiş, bu mövqeyinə görə zaman-zaman siyasi və mənəvi basqılarla qarşılaşsa da, yüksək iradəsi, vətəndaş cəsarəti və ədalət duyğusu sayəsində üzərinə düşən tarixi missiyanı hər dəfə ləyaqətlə yerinə yetirmişdir.

Azərbaycanın biologiya, aqrar və ekoloji düşüncə tarixində yeni mərhələnin başlanğıcı məhz akademik Cəlal Əliyevin adı ilə qırılmaz şəkildə bağlıdır. Ölkədə ərzaq təhlükəsizliyinin elmi əsaslarla təmin olunması, təbii ehtiyatlardan məsuliyyətli və strateji istifadənin konseptual çərçivəsinin müəyyənləşdirilməsi, biomüxtəlifliyin etibarlı qorunmasını milli inkişaf strategiyasının ayrılmaz hissəsinə çevirən yanaşmaların formalaşdırılması böyük alimin çoxillik elmi və ictimai fəaliyyətinin əsas xəttini təşkil etmişdir. Bu sahələrdə atılan hər bir düşünülmüş addım, hazırlanmış hər bir elmi-praktik mexanizm konkret problemlərin həlli ilə yanaşı, bütövlükdə dövlətin gələcək dayanıqlılığına xidmət etmişdir. Elə bu baxımdan da akademik Cəlal Əliyevin adı təkcə elm tarixində deyil, milli inkişaf salnaməsində də xüsusi ehtiramla çəkilməlidir.

Sanki Ulu Tanrı bu böyük alimə vətəndaş məsuliyyəti ilə elmi fəhmin nadir vəhdətini bəxş etmişdi. Akademik Cəlal Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, milli idrakın intellektual sərhədlərinin genişləndirilməsi və xalqımızın elmi potensialının dünya miqyasında tanıdılması kimi ağır, lakin şərəfli bir missiyanın daşınmasında fəal şəkildə iştirak etmişdir. Ümummilli Lider Heydər Əliyevin irəli sürdüyü milli qurtuluş ideyasının həyata keçirilməsi uğrunda gedən tarixi mübarizədə akademik Cəlal Əliyev ideya və mövqe baxımından proseslərin ön sırasında dayanan ziyalı olmuşdur.

Bəlkə də elmə ictimai dəyər prizmasından yanaşmanın nəticəsidir ki, onilliklər boyu Azərbaycan ailələrinin süfrəsinin ən qiymətli neməti olan çörəyin arxasında akademik Cəlal Əliyevin alim zəhmətinin izi duyulmuşdur. Onun çoxşaxəli tədqiqatları canlı aləmin mövcudluğunun təməlində dayanan fotosintez fenomeninin dərin qatlarının öyrənilməsinə, bitkilərin həyat fəaliyyətinin molekulyar mexanizmlərindən başlayaraq bütöv aqrosistemlər səviyyəsinədək ardıcıl və sistemli şəkildə dərk edilməsinə yönəlmişdir. Məhz bu fundamental idrak yolunun məntiqi nəticəsi kimi yaradılmış yüksək məhsuldarlığa və uyğunlaşma qabiliyyətinə malik buğda sortları illər boyu halal zəhmətin, elmi düşüncənin və milli rifahın simvoluna çevrilmişdir.

Fitri zəka ilə yorulmaz zəhmətin, dərin məntiq ilə geniş dünyagörüşünün nadir vəhdəti akademik Cəlal Əliyevin elmi portretini müəyyən edən əsas cizgilərdən idi. O, incə elmi müşahidə qabiliyyəti və analitik təfəkkürünə söykənərək fotosintez və fototənəffüs kimi mürəkkəb bioloji proseslərin mahiyyətinə elə bir dərinliklə nüfuz etmişdi ki, əldə olunan nəticələr qlobal elmi fikrin inkişaf trayektoriyasını dəyişmiş, Azərbaycan elminin nüfuzunu beynəlxalq miqyasda yeni səviyyəyə yüksəltmişdir. Akademik Cəlal Əliyevin iştirakı və rəhbərliyi ilə aparılmış tədqiqatlar bütövlükdə milli elmi məktəbin dünya elm xəritəsində möhkəmlənən mövqeyinin göstəricisinə çevrilmişdir. Akademikin biologiya elmində yaratdığı yeni yanaşmalar illər boyu dəyişməz həqiqət kimi qəbul edilən, lakin mahiyyətcə yanlış olan bir sıra stereotiplərin elmi əsaslarla aradan qaldırılmasına imkan vermiş, müasir biologiyada paradiqmatik dönüş yaradan nailiyyətlər sırasına daxil olmuşdur.

Xüsusilə fotosintez və fototənəffüs proseslərinin uzunmüddətli, sistemli və müqayisəli tədqiqi nəticəsində akademik Cəlal Əliyev fundamental bir elmi həqiqəti üzə çıxarmışdır: fototənəffüs bitkilər üçün əlavə və ya “israfçı” mexanizm deyil, əksinə, onların həyat fəaliyyətinin davamlılığını təmin edən zəruri metabolik prosesdir. O, müxtəlif buğda genotipləri üzərində aparılmış çoxillik sahə və laboratoriya tədqiqatlarının nəticələrinə əsaslanaraq sübut etmişdir ki, məhsuldarlığın artırılması naminə fototənəffüsün süni şəkildə zəiflədilməsi cəhdləri nə elmi, nə də praktik baxımdan əsaslı deyildir. Akademikin gəldiyi qənaət biologiya elminin əvvəlki təsəvvürlərini kökündən dəyişmişdir: yüksək məhsuldarlıq yalnız fotosintezin intensivliyi ilə deyil, eyni zamanda fototənəffüsün optimal və fəal şəkildə baş verməsi ilə şərtlənir. Beləliklə, təkamül prosesində formalaşmış bu mexanizmin bitki həyatında tutduğu mühüm yer elmi dəlillərlə təsdiqlənmiş, dünya biologiyasında yeni düşüncə istiqamətinin əsası qoyulmuşdur.

Müxtəlif elmi istiqamətləri vahid konseptual çərçivədə, multidissiplinar zəncirdə birləşdirən tədqiqat strategiyası sayəsində akademik Cəlal Əliyev, ümumiyyətlə, fotosintez hadisəsinə baxışı köklü şəkildə yeniləyən elmi yanaşma formalaşdırmışdır. Onun “yaxşı fotosintez” anlayışı ətrafında irəli sürdüyü konsepsiya kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının və keyfiyyət göstəricilərinin yüksəldilməsi üçün proseslərin məqsədyönlü tənzimlənməsinə real elmi mexanizmlər təklif etmiş, bu yanaşmalar qısa müddətdə beynəlxalq elmi ictimaiyyətin diqqətini cəlb edərək geniş rezonans doğurmuşdur.

Xüsusi vurğulanmalıdır ki, böyük elm xadiminin uzun illərə söykənən tədqiqat təcrübəsi fotosintez probleminin “tam öyrənilmiş sahə” kimi qəbul edilməsinin elmi baxımdan əsassız olduğunu qəti şəkildə ortaya qoymuşdur. Əksinə, akademikin gəldiyi qənaət ondan ibarət idi ki, fotosintez canlı aləmin ən mürəkkəb və çoxsəviyyəli proseslərindən biri kimi daim yenilənən elmi baxış, daha geniş tədqiqat spektri və müasir metodoloji alətlər tələb edir.

Akademik Cəlal Əliyevin seleksiya sahəsindəki fəaliyyəti gənclik illərindən etibarən genişmiqyaslı və strateji xarakter daşıyırdı. Uzaqgörən alim intensiv tipli sortların yaradılması üçün ilkin şərt sayılan genetik müxtəlifliyin qorunmasını və zənginləşdirilməsini seleksiya elminin əsas dayaqlarından biri kimi qəbul edirdi. Məhz bu yanaşmanın nəticəsi olaraq, Cəlal Əliyev tərəfindən mənşəyi, bioloji xüsusiyyətləri və təsərrüfat əhəmiyyətli göstəriciləri baxımından kəskin fərqlənən on minlərlə buğda nümunəsini əhatə edən unikal milli genetik ehtiyat fondu formalaşdırılmışdır. Bu genefonda mədəni buğdaların yabanı əcdadları, yabanı formalar, minilliklər boyu xalq seleksiyası yolu ilə yaranmış qədim ənənəvi sortlar, nadir genotiplər və seleksiya baxımından yüksək dəyərə malik digər tədqiqat materialları daxil edilmişdir ki, bu da Azərbaycan buğda genefondunu Cənubi Qafqaz və Mərkəzi Asiya regionun ən zəngin elmi tədqiqat mənbələrindən birinə çevirmişdir.

Diqqətəlayiq məqamlardan biri də ondan ibarətdir ki, sözügedən genetik xəzinə təsadüfi yolla deyil, respublikanın bütün ərazilərini əhatə edən sistemli elmi ekspedisiyalar, beynəlxalq və ölkədaxili elmi əməkdaşlıq, məqsədyönlü hibridləşmə proqramları və müasir seleksiya üsullarının tətbiqi nəticəsində yaradılmışdır. Toplanmış materiallar böyük alimin təşəbbüsü və dəstəyi ilə yaradılmış Genetik Ehtiyatlar İnstitutunda, Azərbaycanın Milli Genbankında, AR KTN Əkinçilik Elmi-Tədqiqat İnstitutunda, eləcə də digər elmi müəssisə və ali təhsil ocaqlarında mövcud olan milli  kolleksiyalarda qorunub saxlanılmış, artırılmış və kompleks şəkildə tədqiq edilmişdir. Bu genefond akademik Cəlal Əliyevin öz tədqiqatları ilə yanaşı, onun elmi məktəbinin davamçıları tərəfindən seleksiya və bitki biologiyası üzrə aparılan araşdırmaların əsas istinad nöqtəsinə çevrilmişdir.

Xüsusi qeyd olunmalıdır ki, müvafiq fəaliyyətlərin praktiki təcəssümü kimi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında yaradılmış canlı tarla buğda genbankı mühüm elmi əhəmiyyət daşıyır. Burada yerli xalq seleksiyası sortları, Azərbaycan mənşəli tetra- və heksaploid buğda növlərinə aid nümunələr, eləcə də beynəlxalq mərkəzlərdən əldə edilmiş tədqiqat materialları təbii, əsasən də dəmyə şəraitində əkilib-becərilərək mühafizə olunur, davamlı elmi araşdırma və müşahidələrə cəlb edilir. Bu canlı kolleksiya genetik irsin qorunması ilə yanaşı, gələcək seleksiya proqramları üçün etibarlı elmi baza rolunu oynayaraq akademik Cəlal Əliyevin uzaqgörən elmi strategiyasının daim yaşayaraq inkişafda olduğunu canlı olaraq nümayiş etdirir.

Akademik Cəlal Əliyevin strateji elmi baxışı Azərbaycanın aqrar elmini qapalı milli çərçivədən çıxararaq qlobal tədqiqat məkanının fəal iştirakçısına çevirmişdir. Onun təşəbbüsü və prinsipial mövqeyi nəticəsində Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Məşvərət Qrupuna (CGIAR) daxil olan aparıcı elmi mərkəzlərlə qurulan davamlı və institusional əlaqələr ölkədə genetik ehtiyatların öyrənilməsi, seleksiya proqramlarının genişləndirilməsi və müasir aqrar tədqiqat metodlarının tətbiqi baxımından yeni imkanlar açmışdır. Bu əməkdaşlıq Azərbaycan aqrar elminə təkcə yeni materiallar deyil, həm də qabaqcıl elmi yanaşmalar, metodologiyalar və uzunmüddətli strateji düşüncə gətirmişdir.

Akademikin bilavasitə dəstəyi ilə Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin (ICARDA) və Buğda və Qarğıdalının Yaxşılaşdırılması üzrə Beynəlxalq Mərkəzin (CIMMYT) seleksiya pitomniklərindən əldə olunan buğda və digər dənli bitkilərə aid on minlərlə nümunə məhsuldarlıq potensialı, dən keyfiyyəti və stres amillərinə davamlılıq baxımından sistemli şəkildə qiymətləndirilmiş, milli seleksiya proqramlarının elmi bazasının ayrılmaz hissəsinə çevrilmişdir. Yerli genetik ehtiyatlarla beynəlxalq seleksiya materiallarının məqsədyönlü inteqrasiyası akademik Cəlal Əliyevin aqrar elmdə açıq və sinerji yaradan yanaşmasının bariz nümunəsi olmuşdur.

Qeyd etmək lazımdır ki, son onilliklər ərzində milli seleksiya nailiyyətlərinin ideya və metodoloji əsasını birbaşa akademik Cəlal Əliyevin fotosintetik məhsuldarlığın fizioloji, biofiziki, biokimyəvi və molekulyar-genetik mexanizmlərinə dair fundamental tədqiqatları, ideyaları təşkil etmişdir. Məhz zəngin genetik müxtəlifliyin dərin nəzəri biliklərlə uzlaşdırılması nəticəsində Azərbaycanda kənd təsərrüfatı biologiyası və bitki seleksiyası sahəsində yeni elmi konsepsiyanın formalaşması böyük alimin adı ilə bağlıdır. O, fotosintezlə bağlı qiymətli əlamətlərin irsiyyət qanunauyğunluqlarını dərinliklə araşdıraraq genotiplərin donor potensialını üzə çıxarmış, seleksiya prosesini təsadüfi empirik yanaşmadan çıxarıb elmi əsaslara söykənən məqsədyönlü sistemə çevirmişdir. Xüsusilə milli buğda genefondunun imkanlarından səmərəli istifadə etməklə Azərbaycanın torpaq-iqlim xüsusiyyətlərinə uyğun, “ideal genotip” konsepsiyasına yaxın sortların yaradılması bu fəaliyyətin əsas strateji xəttini təşkil etmişdir.

Cəlal müəllimin seleksiyaçı intuisiyası, geniş erudisiyası, yenilikçi ideyaları və yorulmaz zəhməti sayəsində ölkənin müxtəlif, çox vaxt mürəkkəb torpaq-iqlim şəraitinə malik bölgələri üçün yüksəkməhsuldar, quraqlığa və şaxtaya, xəstəlik və zərərvericilərə qarşı davamlı, həmçinin şoran və şorakətli torpaqlarda belə stabil məhsuldarlıq nümayiş etdirən sortlar yaradılmış, rayonlaşdırılmış və elmi əsaslara söykənən toxumçuluq sistemi formalaşdırılmışdır.

Xüsusi vurğulanmalıdır ki, akademik Cəlal Əliyevin formalaşdırdığı çoxşaxəli seleksiya konsepsiyası daxili məntiqə malik, elementləri bir-birini tamamlayan bütöv və dayanıqlı bir elmi sistemdir. Bu sistem ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində – ölkənin müstəqilliyə son dərəcə mürəkkəb və ağrılı keçid mərhələsində mövcud çətinliklərə, maddi-texniki çatışmazlıqlara, hətta böyük alimə və onun elmi məktəbinə qarşı yönəlmiş haqsız münasibətlərə baxmayaraq, fəaliyyətini dayandırmamışdır. Seleksiya proqramları bütün bu sarsıntılar fonunda belə öz strateji xəttini qorumuş, xalqın ehtiyaclarına xidmət etməyə, yüksək məhsuldarlığa malik buğda sortlarının yaradılması və ölkənin müxtəlif bölgələri üzrə rayonlaşdırılması istiqamətində ardıcıl şəkildə davam etdirilmişdir. Bu mənada əminliklə demək olar ki, son yarım əsrdə Azərbaycanın ərzaq təhlükəsizliyinin elmi əsaslarla təmin olunmasına akademik Cəlal Əliyevin rəhbərlik etdiyi milli seleksiya və genetik ehtiyatlar proqramları qədər sistemli, davamlı və təsirli töhfə verən çox az sayda sənəd göstərmək olar.

Akademik Cəlal Əliyev eyni zamanda Azərbaycanın bioloji müxtəlifliyinin öyrənilməsi, qorunması və məqsədyönlü istifadəsi üzrə uzun illər strateji rəhbərliyi həyata keçirmiş, bu sahədə də qiymətli, dərin və uzunömürlü elmi irs qoymuşdur. Təbiəti bir canlı sistem kimi dərk edən alim biomüxtəlifliyin mühafizəsini milli təhlükəsizlik və davamlı inkişaf məsələsi kimi qiymətləndirirdi. Onun təşəbbüsləri və rəhbərliyi ilə həyata keçirilmiş tədqiqatlar, yaradılmış institusional mexanizmlər və formalaşdırılmış elmi məktəb bu gün də Azərbaycanın genetik sərvətinin qorunmasına xidmət edir. Xüsusilə, mədəni bitkilərin yabanı əcdadlarına, qida kimi istifadə olunan yabanı bitki formalarına və xalq seleksiyası nəticəsində formalaşmış genetik nümunələrə seleksiya və bitki yaxşılaşdırılması proqramları üçün tükənməz və əvəzolunmaz resurs kimi yanaşması onun elmi dünyagörüşünün əsas cizgilərindən idi.

Onun rəhbərliyi ilə Azərbaycan biologiya elminin dünya elmi məkanına inteqrasiyası yeni məzmun və keyfiyyət qazanmış, aparıcı beynəlxalq elmi təşkilatlar, nüfuzlu xarici tədqiqat mərkəzləri ilə əlaqələr sistemli və davamlı xarakter almışdır. Bu əməkdaşlıqlar yalnız birgə layihələr və elmi mübadilələrlə məhdudlaşmamış, eyni zamanda ölkədə müasir elmi məktəblərin formalaşmasına, gənc tədqiqatçıların qlobal elmi mühitə çıxış imkanlarının genişlənməsinə şərait yaratmışdır. Məhz bu uzaqgörən təşkilatçılıq fəaliyyəti nəticəsində AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin, eləcə də respublika üzrə müvafiq elmi istiqamətlərin sonrakı inkişaf trayektoriyası müəyyən edilmiş, Azərbaycan elmi üçün uzunmüddətli strateji əsaslar formalaşdırılmışdır.

Onu da qeyd edim ki, 1980-ci illərdə SSRİ məkanında ümumi durğunluq yaşansa da, akademik Cəlal Əliyev Biologiya Elmləri Bölməsi üzrə elmi tədqiqatların intensivliyinin və səmərəliliyinin artırılması, layiqli alimlərin əməyinin yüksək qiymətləndirilməsi üçün əlindən gələni əsirgəməmişdir.

Akademik Cəlal Əliyevin elmin təşkili və istiqamətləndirilməsi sahəsində çoxşaxəli və dərin məzmunlu fəaliyyətinin daha bir xətti Azərbaycan Respublikası Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının Biologiya elmləri üzrə Problem Şurası ilə bağlı olmuşdur. Bu platformalarda Cəlal müəllimin elmi obyektivliyi, prinsipial mövqeyi və ədalət hissi xüsusilə aydın təzahür etmiş, o, hər zaman elmi həqiqətin, zəhmətin və istedadın tərəfində dayanmışdır. Gənc tədqiqatçılara, tələbə və doktorantlara göstərdiyi diqqət və qayğı formal rəhbərlik çərçivəsini aşaraq, mənəvi dayaq və müəllim məsuliyyəti səviyyəsinə yüksəlmişdir.

Akademik Cəlal Əliyevin elmi-təşkilati irsinin ən mühüm və uzunömürlü nəticələrindən biri, heç şübhəsiz ki, sonralar ölkənin aparıcı elmi mərkəzlərindən birinə çevrilmiş Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun formalaşdırılmasıdır. Bu institutun təşəkkül tarixi mərhələli xarakter daşıyır və bilavasitə böyük alimin uzaqgörən elmi strategiyası, sistemli təşkilatçılıq fəaliyyəti ilə sıx bağlıdır. Onun təşəbbüsü ilə hələ 1971-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Botanika İnstitutunda elmi-tədqiqat qrupu yaradılmış, qısa müddət ərzində bu qrup laboratoriya statusu almışdır. Daha sonrakı mərhələdə laboratoriyanın bazasında müasir biologiyanın aktual problemlərinə cavab verən bir sıra struktur bölmələri formalaşdırılmış, onları birləşdirən Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları şöbəsi təşkil olunmuşdur.

Zamanın elmi çağırışlarını qabaqlayan bu konseptual yanaşma 2005-2010-cu illərdə daha da dərinləşdirilmiş, akademik Cəlal Əliyevin təşəbbüsü ilə şöbə daxilində əlavə dörd laboratoriya yaradılmış, strukturun elmi profili əhəmiyyətli dərəcədə genişləndirilmiş və şöbənin adı “Bioloji məhsuldarlığın fundamental problemləri” kimi rəsmiləşdirilmişdir. 2012-ci ildə isə Azərbaycanda ilk dəfə olaraq bu şöbənin nəzdində iki beynəlxalq laboratoriyanın yaradılması milli biologiya elminin beynəlxalq elmi məkanla inteqrasiyası baxımından keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasının 30 iyun 2014-cü il tarixli Ümumi Yığıncağında həmin şöbənin bazasında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması barədə tarixi qərar qəbul edilmiş, institut 2016-cı il martın 1-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış və 2016-cı il iyulun 1-dən etibarən müstəqil elmi fəaliyyətə başlamışdır. Akademik Cəlal Əliyev həmin il vəfat etsə də, onun elmi ideyaları, müəyyən etdiyi inkişaf vektoru və formalaşdırdığı məktəb institutun sonrakı fəaliyyətində əsas istiqamətləndirici xətt olaraq qorunub saxlanılmışdır.

2025-ci ildə Azərbaycan Respublikasında elmi fəaliyyətin daha səmərəli təşkili və optimallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Nazirlər Kabinetinin müvafiq Qərarı əsasında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, Mikrobiologiya İnstitutunun və Biofizika İnstitutunun bazasında “Molekulyar Biologiya İnstitutu” publik hüquqi şəxsi yaradılmışdır. Bu yeni institutun elmi potensialı, kadr bazası və infrastruktur imkanları onun ölkə üzrə molekulyar biologiya sahəsində aparıcı elmi mərkəz kimi daha da güclənəcəyini deməyə əsas verir. Qeyd etmək lazımdır ki, bu institusional birləşmə mahiyyət etibarilə akademik Cəlal Əliyevin hələ onilliklər əvvəl irəli sürdüyü elmi inteqrasiya, multidissiplinar yanaşma və resursların səmərəli istifadəsi ideyalarının müasir dövrdə reallaşması kimi qiymətləndirilə bilər.

Akademik Cəlal Əliyevin zəngin elmi irsi ilə qidalanan institut, əldə etdiyi fundamental və tətbiqi nailiyyətlər, dünya miqyasında tanınan elmi kadr hazırlığı, eləcə də beynəlxalq əməkdaşlığın uğurla qurulması sayəsində yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

2025-ci ilin sonlarında və 2026-cı ilin əvvəllərində institutun strukturu optimallaşdırılmış, fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə müasir dövrün çağırışları və elmi idarəetmənin qabaqcıl prinsipləri nəzərə alınmaqla yeni şöbə və sektorlar yaradılmışdır. Aparılan institusional islahatlar çərçivəsində elmi-tədqiqat fəaliyyətinin daha çevik və nəticəyönümlü təşkili təmin edilmiş, idarəetmə mexanizmləri təkmilləşdirilmişdir. Yeni publik hüquqi şəxsin formalaşması prosesində akademik Cəlal Əliyevin elmə, elmin strateji inkişafına və onun təşkilatlanması məsələlərinə dair fundamental baxışları əsas götürülmüş, elmi ənənələrlə müasir yanaşmaların vəhdətinin qorunmasına xüsusi diqqət yetirilmişdir. Bu yanaşma institutun uzunmüddətli inkişaf konsepsiyasının formalaşmasına mühüm töhfə vermişdir.

Hazırda “Molekulyar Biologiya İnstitutu” PHŞ geniş beynəlxalq elmi əlaqələrə malikdir və dünyanın aparıcı tədqiqat mərkəzləri ilə davamlı əməkdaşlıq həyata keçirir. Bu əməkdaşlıqlar instituta həm elmi potensialın artırılması, həm də müasir molekulyar biologiya, aqrar elm və biotexnologiyalar istiqamətlərində qabaqcıl təcrübənin ölkəyə gətirilməsi baxımından böyük imkanlar yaratmışdır.

Beynəlxalq əlaqələr çərçivəsində institutda dünyanın tanınmış alimləri ilə elmi dialoq və birgə layihələr də davam etdirilir. Belə əməkdaşlıqlar sırasında fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı, Almaniyanın Maks Plank adına Təkamül Antropologiyası İnstitutunun (Leypsiq) Arxeogenetika Departamentinin rəhbəri professor Svante Pabo ilə, eləcə də Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, ABŞ-ın Şimali Karolina Universitetinin Biokimya və Biofizika fakültəsinin professoru Əziz Səncərlə əlaqələr xüsusi qeyd edilməlidir.

Molekulyar Biologiya İnstitutunda elmi kadr hazırlığına verilən xüsusi önəm, böyük alim Cəlal Əliyevin ideya və prinsiplərinin davamı kimi qəbul edilir. Bu məktəb yalnız bir ənənə deyil, eyni zamanda gələcək elmin dayağıdır. Gənc tədqiqatçılar yalnız yerli baza ilə kifayətlənmir, dünyanın qabaqcıl təhsil və tədqiqat mərkəzlərində formalaşır, beynəlxalq elmi mühitdə yetişirlər.

İnstitutun alim və mütəxəssisləri elm və təhsilin inteqrasiyası istiqamətində öz müəllimlərinin vaxtilə verdiyi dəyərli tövsiyələrə sadiq qalaraq yüksək fəallıq nümayiş etdirirlər. Onlar Bakı Dövlət Universitetində bakalavr və magistr pillələri üzrə, o cümlədən “SABAH” qruplarında ixtisas fənlərindən mühazirələr oxuyur, seminar və praktik məşğələlər aparır, eyni zamanda magistrant və doktorantların elmi-tədqiqat işlərinə elmi rəhbərlik edərək gənc tədqiqatçıların formalaşmasına mühüm töhfələr verirlər.

İnstitutun bir neçə əməkdaşı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən yüksək reytinqli alimlər kimi seçilərək xüsusi mükafatlandırma proqramına daxil edilmişdir və yaxın gələcəkdə bu siyahının daha da genişlənəcəyi gözlənilir.

Məhz akademik Cəlal Əliyev tərəfindən irəli sürülmüş “fundamental elm – müasir texnologiya – praktik nəticə” konsepsiyasının məntiqi davamı kimi, 12 iyun 2025-ci il tarixində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəz (ICARDA), Almaniya Federativ Respublikasının Osnabrük Tətbiqi Elmlər Universitetinin Bitkilərin Seleksiyası Departamenti və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə və AMEA-nın 80 illik yubileyinə həsr olunmuş “Rəqəmsal və GWAS əsaslı texnologiyaların tətbiqi ilə buğdanın yaxşılaşdırılması” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.

Akademik Cəlal Əliyevin elmi irsində xüsusi yer tutan məhsuldarlığın genetik və fizioloji əsaslarının müasir texnologiyaların istifadəsi ilə öyrənilməsi, fundamental biliklərin tətbiqi kənd təsərrüfatı nəticələrinə çevrilməsi ideyaları konfransın əsas məzmun xəttini təşkil etmişdir. 13 iyun tarixində konfransın məntiqi davamı olaraq AR KTN Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında keçirilən tarla seminarı zamanı əldə olunan elmi nəticələrin praktik sınaqları nümayiş etdirilmiş, akademik Cəlal Əliyev məktəbinin “elm-təcrübə-istehsal” vəhdətinə əsaslanan yanaşmasının bu gün də uğurla tətbiq olunduğu bir daha təsdiqlənmişdir.

Akademik Cəlal Əliyevin elmi irsinin müasir yanaşmalarla davam etdirildiyini nümayiş etdirən beynəlxalq konfransdan sonra, həmin elmi ənənələrin və ideyaların daha geniş tematik müstəvidə inkişaf etdirilməsi oktyabr ayında təşkil olunan növbəti mötəbər tədbirdə də öz əksini tapmışdır. Belə ki, 15-17 oktyabr 2025-ci il tarixlərində Bakıda “Enerji, qida, ətraf mühit və iqlim təhlükəsizliyi sahəsində çağırışlar” mövzusunda beynəlxalq konfrans böyük uğurla həyata keçirilmişdir. Qlobal miqyasda aktual olan bu problemlərin elmi əsaslarla araşdırılması akademik Cəlal Əliyevin “yaşıl enerji”, kənd təsərrüfatı, aqroeko- və biosistemlərin davamlılığı və məhsuldarlığın artırılması ilə bağlı irəli sürdüyü fundamental ideyalarla birbaşa səsləşmişdir.

Konfrans proqramının mühüm və xüsusi diqqət çəkən məqamlarından biri akademik Cəlal Əliyevin xatirəsinə həsr olunmuş növbəti “Cəlal Əliyev qiraətləri”nin keçirilməsi olmuşdur. Artıq ənənəvi xarakter almış bu elmi platforma beynəlxalq konfransın həm elmi məzmununu, həm də mənəvi dəyərini əhəmiyyətli dərəcədə artırmış, akademik Cəlal Əliyev elmi məktəbinin ideyalarının qlobal elmi diskursda yaşadıldığını nümayiş etdirmişdir. “Cəlal Əliyev qiraətləri” çərçivəsində Koreya Respublikasının Soqanq Universitetinin Bitki Gen Tənzimlənməsi laboratoriyasının müdiri, professor Byeong-ha Lee dəvətli məruzəçi qismində “Bitkilərdə abiotik streslərə davamlılığın artırılması strategiyaları” mövzusunda çıxış etmiş və məhsuldar elmi müzakirələr aparılmışdır. Bu müzakirələr bir daha göstərmişdir ki, akademik Cəlal Əliyevin irəli sürdüyü fundamental elmi prinsiplər dəyişən iqlim şəraitində dayanıqlı inkişaf baxımından bu gün də öz aktual əhəmiyyətini qoruyub saxlayır.

Akademik Cəlal Əliyevin elmi dühasının böyüklüyü haqqında danışarkən onun Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin, o cümlədən molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, riyazi və kompüter biologiyası, bioinformatikanın bünövrəsinin qoyulmasında, yaradılıb formalaşdırılmasındakı xidmətləri xüsusi qeyd edilməlidir. Bu istiqamətlər üzrə aktual problemlərin həllində, bütövlükdə biologiya və aqrar elmlərin inkişafında, həyatın mövcudluğunun əsası olan fotosintez prosesinin kompleks tədqiqində əldə etdiyi mühüm nailiyyətləri, fundamental və tətbiqi tədqiqatlarla yaratdığı zəngin elmi məktəb dünya elmi ictimaiyyəti tərəfindən də hər zaman yüksək qiymətləndirilmişdir.

Bu məqamda müasir yüksək texnologiyaların elmi fəaliyyətə transferi və tətbiqi məsələlərinə akademik Cəlal Əliyevin hələ illər öncə formalaşdırdığı uzaqgörən yanaşmanı xüsusi qeyd etmək yerinə düşür. Təsadüfi deyil ki, bu gün dövlət səviyyəsində rəqəmsallaşmaya və süni intellektin inkişafına göstərilən xüsusi diqqət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində səsləndirdiyi proqram xarakterli çıxışında əsas prioritetlərdən biri kimi vurğulanmışdır. Bu yanaşma, əslində, akademik Cəlal Əliyevin elmin gələcəyinə dair strateji baxışlarının müasir dövrdə institusional səviyyədə davam etdirildiyini göstərir.

Elm və təhsilin vahid və qarşılıqlı tamamlanan bir sistem daxilində fəaliyyət göstərməsi ideyası akademik Cəlal Əliyevin elmi və pedaqoji baxışlarının əsas sütunlarından biri olmuşdur. O, elmin davamlı inkişafının yalnız güclü təhsil bazası üzərində mümkünlüyünü, təhsilin keyfiyyətinin isə bilavasitə canlı elmi mühitlə qidalandığını prinsipial şəkildə müdafiə edirdi. Məhz bu yanaşmanın nəticəsi olaraq Cəlal Əliyev müxtəlif ali təhsil müəssisələrinin məzunları arasından biologiya, kimya, fizika, riyaziyyat, aqrokimya və digər sahələr üzrə seçilən istedadlı və yüksək hazırlıqlı gəncləri məqsədyönlü şəkildə ətrafına toplayaraq rəhbərlik etdiyi şöbə və laboratoriyalarda elmi-tədqiqatla pedaqoji fəaliyyəti üzvi şəkildə birləşdirən səmərəli mühit yaratmışdır.

Bu sistemli və uzaqgörən fəaliyyət nəticəsində təxminən 300-ə yaxın yüksək ixtisaslı elmi kadr hazırlanmış, akademik Cəlal Əliyevin bilavasitə elmi məsləhətçiliyi və rəhbərliyi altında 15 elmlər doktoru və 81 fəlsəfə doktoru hazırlanmışdır. Onun elmi məktəbinin yetirmələri bu gün yalnız Azərbaycanda deyil, eyni zamanda ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Yaponiya, Cənubi Koreya, Avstraliya, İsveç, Kanada, Almaniya və digər qabaqcıl ölkələrin nüfuzlu universitet və elmi mərkəzlərində tədqiqatçı və pedaqoq kimi fəaliyyət göstərir, müasir elmin inkişafına töhfə verməklə yanaşı, akademik Cəlal Əliyev məktəbini və bütövlükdə Azərbaycan elmini beynəlxalq miqyasda layiqincə təmsil edirlər. Xüsusilə qeyd olunmalıdır ki, bu alimlərin böyük əksəriyyətinin Vətənlə elmi və mənəvi əlaqələrini qoruyub saxlaması Böyük Müəllimin elmə yanaşmasında mühüm yer tutan etik dəyərlərə, vətəndaş məsuliyyətinə və mənəvi bütövlüyə sadiqliyin bariz göstəricisidir.

Akademik Cəlal Əliyevin elmi fəaliyyətinin əsasını təşkil edən ideyalar, nəzəriyyələr və tədqiqatlar dünya biologiyası üçün də mühüm töhfələrdir. Onun elmi irsi 800-ə yaxın elmi əsərdə, o cümlədən 25 fundamental monoqrafiya və kitabda sistemləşdirilmişdir. Eyni zamanda, 20-dən çox müəlliflik şəhadətnaməsi, elmi nailiyyətlərin praktik tətbiqini təmin edən yeni bitki sortları, elmi məktəbi, bu gün yeni ad altında fəaliyyət göstərən AR ETN “Molekulyar Biologiya İnstitutu” PHŞ akademikin elmi irsinin canlı və qabarıq göstəriciləridir.

Akademik Cəlal Əliyev artıq 10 ildir ki, fiziki olaraq aramızda olmasa da, elmi ictimaiyyət onun adını yüksək ehtiramla yad edir. Bu hörmətin ən bariz nümunələrindən biri Beynəlxalq Fotosintez Cəmiyyətinin (ISPR) akademik Cəlal Əliyevin şərəfinə “The Jalal Aliyev Lecture Award” adlı mükafat və medal təsis etməsidir. Bu addım Azərbaycan elminin dünya elmi məkanında layiqli yer tutduğunun və akademikin elmi məktəbinin qlobal səviyyədə qiymətləndirildiyinin əyani göstəricisidir. Qeyd etmək lazımdır ki, bu prestijli mükafat artıq iki dəfə fotosintez tədqiqatı sahəsində seçilən görkəmli alimlərə təqdim edilmişdir ki, bu da akademik Cəlal Əliyevin irsinin davamlı olaraq yeni nəsillər üçün ilham mənbəyi olduğunu göstərir.

Əminliklə demək olar ki, həyata keçirilən elmi-təşkilati tədbirlər, maddi-texniki bazanın möhkəmləndirilməsi və kadr hazırlığının müasir dövrün tələbləri səviyyəsində gücləndirilməsi nəticəsində yaxın illərdə böyük alimin yadigarı olan institutda Azərbaycanın dünya elmindəki mövqeyinə və reytinqinə ciddi təsir göstərəcək yeni, mühüm fundamental və innovativ elmi nailiyyətlər əldə olunacaq, akademik Cəlal Əliyev elmi məktəbinin inkişafına yeni-yeni sanballı töhfələr veriləcəkdir.

Akademik Cəlal Əliyevin zəngin irsi və nəhəng xidmətləri gələcək nəsillər üçün həm elmi yolgöstərici, həm də milli qürur mənbəyidir. Onun ideyaları əsasında formalaşan elmi məktəb bu gün də inkişaf edir və gələcəkdə daha böyük uğurlar qazanılmasına doğru irəliləyir. Bu da onu göstərir ki, Cəlal Əliyevin adı heç zaman unudulmayacaq, dühası ilə yandırdığı elm işığı sönməyəcək, əksinə, vəfatından sonra da davam edən əməlləri, ardıcıllarının hər yeni uğuru ilə daha da güclənəcəkdir.

İradə HÜSEYNOVA, AMEA-nın vitse-prezidenti, akademik