Molekulyar Biologiya İnstitutunda “Dayanıqlı urban sistemləri: ekologiya, texnologiyalar və sağlamlıq vektorları” mövzusunda elmi sessiya keçirilib + Foto
May 15, 2026 | 11:00 / Konfranslar, iclaslar
AR Elm və Təhsil Nazirliyi (ETN) Molekulyar Biologiya İnstitutunda Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, AMEA və Molekulyar Biologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə və Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına həsr olunmuş “Dayanıqlı urban sistemləri: ekologiya, texnologiyalar və sağlamlıq vektorları” mövzusunda elmi sessiya keçirilib.
Tədbirdə AMEA Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) üzvləri, institutun rəhbərliyi, alim və mütəxəssisləri, gənc tədqiqatçılar və qonaqlar iştirak ediblər.
Elmi sessiyanı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, ETN Molekulyar Biologiya İnstitutunun direktoru v.i.e., akademik İradə Hüseynova müasir dövrdə şəhərlərin inkişafının yalnız memarlıq və infrastruktur məsələləri ilə məhdudlaşmadığını, eyni zamanda ekoloji təhlükəsizlik, biomüxtəlifliyin qorunması, enerji siyasəti, iqlim dəyişmələri və insan sağlamlığını birləşdirən kompleks elmi və strateji yanaşmaları əhatə etdiyini vurğulayıb.
Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Məqsədlərinin 11-ci məqsədinin məhz “Dayanıqlı şəhərlər və icmalar”a həsr olunduğunu bildirən AMEA-nın vitse-prezidenti qeyd edib ki, bu, urban inkişafın qlobal gündəlikdəki prioritet mövqeyini açıq şəkildə nümayiş etdirir. Şəhərlərin ekoloji vəziyyətinin birbaşa insan sağlamlığına təsir göstərdiyini deyən akademik İradə Hüseynova sessiyanın proqramının da məhz multidissiplinar yanaşmaya əsaslandığını diqqətə çatdırıb.
Akademik İradə Hüseynova çıxışında şəhərlərin florası və bitki örtüyünün yaşıllaşdırmada rolu, şəhər faunasının biomüxtəlifliyi, “ağıllı” şəhərlər və yaşıl enerji həlləri, şəhər ekosistemi və ekoloji təhlükəsizlik, iqlimədavamlı şəhər modelləri, eləcə də urban mühitin insan sağlamlığına təsiri kimi mövzuların vahid urban-ekoloji sistemin müxtəlif aspektlərini əks etdirdiyini qeyd edib.
Alim ölkəmizdə ekoloji və urban inkişaf siyasətinin son illərdə dövlət strategiyasının əsas istiqamətlərindən birinə çevrildiyini söyləyib. Bildirib ki, xüsusilə Prezident İlham Əliyev tərəfindən irəli sürülən “yaşıl enerji zonaları” konsepsiyası və Qarabağın “yaşıl enerji regionu” kimi inkişaf etdirilməsi təşəbbüsü ölkəmizin qlobal iqlim gündəliyinə fəal inteqrasiyasının mühüm göstəricisidir.
O, Azərbaycan reallığında şəhərlərin ekoloji inkişafının dövlət səviyyəsində sistemli xarakter almasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Ulu Öndərin təşəbbüsü ilə Bakıda parklar, xiyabanlar və yaşıllıq zolaqları salınıb, su infrastrukturu təkmilləşdirilib, “Bakını yaşıllıqlar diyarına çevirək” prinsipi dövlət siyasətinin mühüm istiqamətinə çevrilib.
Akademik İradə Hüseynova 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunmasını urban inkişafın yeni mərhələyə keçidini ifadə edən strateji qərar kimi dəyərləndirib. Eyni zamanda, Bakının 17–22 may 2026-cı il tarixlərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etməsinin Azərbaycanın beynəlxalq urban və ekoloji gündəlikdə artan rolunun bariz göstəricisi olduğunu qeyd edib. Vitse-prezident, bununla yanaşı, mövcud problemlərin də diqqətdə saxlanılmasının vacibliyini bildirərək, onların həllinin şəhər idarəçiliyində yeni, elmi əsaslı və innovativ yanaşmalar tələb etdiyini vurğulayıb.
Daha sonra elmi sessiyada Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Elşad Qurbanov “Şəhərlərin florası, bitkiliyi, onların yaşıllaşdırmada və landşaft dizaynının yaradılmasında rolu” mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında Abşeron yarımadasının quraq subtropik iqlim şəraitinin regionun bitki örtüyünün formalaşmasına həlledici təsir göstərdiyini deyərək, burada əsasən yarımsəhra və quru bozqır tipli bitki örtüyünün üstünlük təşkil etdiyini bildirib. Məruzəçi güclü küləklər, az yağıntı, şoran torpaqlar və antropogen təsirlərin Abşeron florasının spesifik xüsusiyyətlərini müəyyən etdiyini vurğulayıb. Elşad Qurbanov Abşeron florasının həm təbii, həm də introduksiya olunmuş dekorativ növlərlə zəngin olduğu, bu bitkilərin şəhər yaşıllaşdırılması və landşaft dizaynında mühüm rol oynadığını diqqətə çatdırıb. Eyni zamanda, 35 bitki növünün Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edildiyi və təbii bitki örtüyünün qorunmasının ekoloji sabitliyin davamlılığının təmin olunması baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Tədbirdə, həmçinin Genetik Ehtiyatlar İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov “Şəhər faunası və onun biomüxtəlifliyinin qorunması”, Molekulyar Biologiya İnstitutunun laboratoriya müdiri, biologiya elmləri doktoru Yaşar Feyziyev “Ağıllı şəhərlər və yaşıl enerjinin inteqrasiyası”, həmin institutun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Vəfa Həsənova “Şəhər ekosistemi və ekoloji təhlükəsizlik”, aparıcı elmi işçi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rasim Aslanov “Dayanıqlı və iqlimədavamlı şəhər modelləri”, eləcə də elmi işçi Mətanət Baxışova “Urban mühiti və insan sağlamlığı” mövzularında ümumi maraq doğuran məruzələrlə çıxış edib, iştirakçıların suallarını cavablandırıblar.
Çıxış edənlər müasir şəhərsalma proseslərində ekoloji tarazlığın qorunmasının, biomüxtəlifliyin davamlı idarə edilməsinin, yaşıl enerji həllərinin tətbiqinin və urban mühitin insan sağlamlığına təsirlərinin elmi əsaslarla qiymətləndirilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə multidissiplinar yanaşmaların zəruriliyini qeyd ediblər.
Akademik İradə Hüseynova çıxışlara yekun vuraraq bugünkü sessiyada dinlənən məruzələrin şəhərlərimizin flora və faunasının qorunması, ağıllı və yaşıl texnologiyaların tətbiqi, ekoloji təhlükəsizlik və insan sağlamlığı istiqamətində yeni elmi yanaşmaların formalaşmasına töhfə verəcəyinə əminliyini ifadə edib.