sa sa 2165
11 oktyabr Beynəlxalq Qızlar Gününə həsr olunmuş tədbir keçirildi. + Foto Okt 10, 2019 | 13:32 / Tədbirlər

Oktyabrın 10-da   Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda  11 oktyabr  Beynəlxalq Qızlar Gününə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə Qadınlar şurasının sədri b.ü.f.d. Qasımova Fazilə açaraq Beynəlxalq Qızlar Gününün təsis olunması tarixi haqqında məlumat verdi.  BMT Baş Məclisi bu tarixi dünya ictimaiyyətinin diqqətini qızların hüquqlarına və onların qarşılarına çıxan özünəməxsus problemlərə cəlb etmək məqsədilə təsis edib. İlk dəfə 2012-ci ildə qeyd edilən Beynəlxalq Qızlar Günü bir çox ölkələr üçün aktual olan uşaq nikahlarına həsr olunub. Bu cür qızların üçdə biri 15 yaşına çatmamış nikaha daxil olub. Uşaq nikahı əsas insan haqlarının pozulması deməkdir və qızların həyatının bütün aspektlərinə mənfi təsir göstərir. Beynəlxalq qadınlar günü və qızlar gününün olması əslində, kişilərə qarşı ədalətsizlik demək deyil. Məsələnin görünməyən tərəfi ondan ibarətdir ki, bütün işlərin ağırlığı qadınların üzərinə düşür. Qadın həm də anadır. Sağlam ana həm dünyagörüşlü ailə,  həm də təhsilli cəmiyyət deməkdir. Bunların kökündə ana dayanır. Dünyada da daha çox qorunmağa ehtiyacı olan qadınlardır. Təhsil almaq, sağlam qidalanmaq, tibbi xidmət imkanı, sosial hüquqlar, habelə  zorakılıqdan və məcburi evlilikdən müdafiə olunmaq həmin problemlər sırasındadır.

Azərbaycanda qadın hüquqları qanunvericilikdə təsbit edilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə birgə vaxtaşırı monitorinqlər apararaq uşaqların məktəbdən yayındırılması faktlarını üzə çıxarır və bu cür halların qarşısını alır.

Tədbirdə həmçinin Xloroplastların fotokimyası laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d. Mayaxanım Xanışova , Molekulyar biotexnologiya laboratoriyasının elmi işçisi Aytən Ağayeva və Genomun quruluşu və ekspressiyası laboratoriyasının böyük laborantı  Leyla Mehdibəyli çıxış etmişlər. Onlar Azərbaycanda da qadın və qızların hüquqlarının qorunması üçün bir sıra tədbirlərin həyata keçirildiyini vurğulamış və qarşıya çıxan problemlərin həll edilməsinin labüd olduğunu qeyd etmişlər.

Sonda qadınlar şurasının F.Qasımova tədbir iştirakçılarına təşəkkür etmiş və qızların bayramını təbrik etmişdir.