sa sa 160
Gəncədə beynəlxalq elmi konfrans keçirilib + Foto May 04, 2018 | 15:30 / Konfranslar, iclaslar

İnstitutumuzun əməkdaşları Gəncədə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfransda iştirak etmişlər (4-5 May, 2018). Rusiya, Türkiyə, Gürcüstan və Ukraynanın tanınmış alimlərinin iştirak etdiyi bu konfransda Molekulyar Biologiya və Biotexnologiyalar institutunu AMEA-nın müxbir üzvü, professor İbrahim Əzizov və institutun böyük elmi işçisi, b.ü.f.d. Ülkər İbrahimova təmsil etmişlər.

Ü.İbrahimova “Duz stresinin buğda bitkisində bəzi fizioloji və biokimyəvi parametrlərə təsiri” mövzusunda çıxış etmişdir. Gənc tədqiqatçı qeyd etmişdir ki, torpaq şoranlığı kənd təsərrüfatı üçün böyük təhlükə törətdiyindən duzun bitkilərə təsir mexanizmlərinin öyrənilməsi, duzadavamlı sortların yaradılması və seleksiya işlərində valideyn formalar kimi istifadə edilməsi çox vacibdir.

İ.Əzizov “NaCl-in müxtəlif qatılıqlarının yumşaq buğda (Triticum aestivum L.) cücərtilərində fotosintez piqmentlərinin sintezinə və ikinci fotosintezin fəallığına təsiri” mövzusunda çıxış etmişdir. Alimin təqdim etdiyi işin məqsədi yumşaq buğda genotiplərinin duza davamlılığının qiymətləndirilməsi olmuşdur. İ. Əzizov qeyd etmişdir ki, bitkilərin ekstremal şəraitə davamlılığı onların stresə qarşı olan müxtəlif fizioloji adaptiv cavab reaksiyalarının kompleksinin nəticəsidir.