sa sa 19
“Elm” qəzetinin yeni sayı çap olunub Okt 16, 2020 | 16:46 / Nəşrlər

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin “Qarabağ Azərbaycandır!” şüarı ilə cari ildə 17-ci nömrəsi işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin “Kiber Kosmos buraxılışı” mövzusunda virtual 71-ci Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki müraciəti yer alıb.

Mətbu orqanın növbəti səhifələrində akademik Ramiz Mehdiyevlə müsahibə, AMEA prezidentinin Azərbaycanın elmi ictimaiyyəti adından dünya birliyinə, aparıcı beynəlxalq təşkilatların rəhbərlərinə müraciəti, həmçinin dünyanın bir sıra elmlər akademiyalarının və elmi mərkəzlərinin rəhbərlərinə ünvanladığı məktublar, eləcə də akademiya rəhbərliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun maddi-texniki bazası və burada yaradılan şəraitlə tanışlığı öz əksini tapıb.

Bundan əlavə, AMEA-nın elmi müəssisə və təşkilatlarının Silahlı Qüvvələrin Yardım Fonduna köçürdüyü vəsait, akademiklər İsmayıl Hacıyev, Fuad Əliyev, Nazim Məmmədov və AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədovun ölkə başçısına ünvanladığı məktublar, rusiyalı alimlər Nəbiyula Qiçiev, Sergey Kirsanov və çinli alim Yang Jinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın işğalçılıq siyasətini pisləyən açıqlamaları ilə tanış ola bilərsiniz.

Eyni zamanda, “XIX əsrin axırlarında İrəvan şəhərinin Azərbaycan mühiti və məhəllə adları”, “Azərbaycan arxeologiyasının fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsinə yeni baxış”, “Xocalının əsir abidələri” sərlövhəli məqalələr, Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımovla müsahibə, yeni nəşrlər və digər xəbərlər də oxuculara təqdim olunur.

16 səhifəlik qəzetdə, o cümlədən rus dilində maraqlı yazılar da yer alıb.

science.gov.az