Ana səhifəElanlar sa sa 696
“Heydər Əliyev və müasir biologiya elminin inkişafı: uğurlar və çağırışlar” mövzusunda beynəlxalq konfrans keçiriləcək Noy 28, 2023 | 14:00

19-20 dekabr 2023-cü il tarixlərində Bakı şəhərində AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və müasir biologiya elminin inkişafı: uğurlar və çağırışlar” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir.

Konfransın əsas elmi istiqamətləri:

  1. Biologiya elmində qlobal çağırışlar və gələcək inkişaf perspektivləri;
  2. Genomiks, proteomiks, postgenom texnologiyalar biologiya elminin problemlərinin həllində;
  3. Gen, hüceyrə və zülal mühəndisliyi, transgenez;
  4. Biologiyada rəqəmsal texnologiyalar, maşınöyrənmə üsulları və süni intellekt;
  5. Bioloji müxtəliflik, ərzaq təhlükəsizliyinin təmin olunması, ekosistemlərin dayanıqlığı və ətraf mühitin mühafizəsində biologiya elminin iştirakı;
  6. Populyasiya genom tədqiqatları;
  7. Biorisk və biotəhlükələr, onların qiymətləndirmə, önləndirmə və aradan qaldırılma üsulları, bioloji sistemlərə antropogen təsirlər, özünütəşkil və özünübərpa məsələləri;
  8. Bioetika və sintetik biologiyanın problemləri.

Tezislər biol.prob.2023@gmail.com elektron ünvanına göndərilməlidir (tel.: (+994 50) 338 15 71, (+994 12) 463 63 27)

Konfransın dili: Azərbaycan və ingilis dilləri

Tezisin göndərildiyi məktubun mövzu yerində “H.Ə.-100” sözlərinin yazılması xahiş olunur.

Tezislərin göndərilməsi üçün son tarix 1.12.2023-cü ildir.

Tezislərin tərtibi qaydaları

Tezisin adından yuxarıda sağdan aid olduğu seksiyanın nömrəsi göstərilir və sonra bir sətir buraxılır.

Tezisin mətni:

Tezislər Word A4 formatında, Arial 12 pt şrifti ilə (sahələr: hər tərəfdən 2 sm qoyulmaqla), sətirlərarası 1.05 olmaqla, ən çoxu 2 səhifə həcmində olmalıdır.

Abzaslar arasında məsafə qoyulmur, mətn hər iki tərəfdən düzləndirilir.

Tezisin adı ortadan böyük hərflərlə BOLD (qara) şriftlə, bir sətir buraxdıqdan sonra növbəti sətirdə ortadan BOLD şriftlə tezisin məliflərinin ad və soyadları (ad açıq yazılır), bir sətir buraxdıqdan sonra otradan italik şrifti ilə hər müəllifin iş yeri, ölkəsi, korrespondent* müəllifin e-mail ünvanı verilir.

Bir sətir buraxıldıqdan sonra abzasdan (abzas - 1 sm) adi şriftlə əsas mətn başlanır.

Tezislərdə cədvəl, sxem və şəkillərdən istifadə edilmir. Ədəbiyyat siyahısı verilmir (Nümunə).

Tezislər orijinal tədqiqat işlərinin nəticələrini əks etdirməlidir. Tezislərin mətni plaqiat proqramı ilə yoxlanılacaqdır.

Tezis təqdim edən şəxslər konfransda mütləq çıxış etməlidirlər.

Tezislər təşkilat komitəsinin dəyərləndirməsindən sonra nəşr üçün qəbul ediləcəkdir. Tələblərə uyğun olmayan tezislər çap olunmayacaq.