Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Elm Fondu” müsabiqə elan edir
İyl 20, 2025 | 11:00
Azərbaycan Respublikasında elmin inkişafına dövlətin xüsusi qayğısını rəhbər tutaraq ölkədə neft, neft-kimya və qaz sənayesi, alternativ və yaşıl enerji sahələri ilə əlaqədar fəaliyyət istiqamətləri (yataqlarının axtarışı, kəşfiyyatı, hazırlanması, işlənməsi, neftin, qazın, kondensatın hasilatı, nəqli, emalı, bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi və s.) üzrə tarixi, mədəni, sosioloji, fəlsəfi, ictimai, ədəbi-bədii, linqvistik, ekoloji və digər sosial-humanitar baxımdan önəm kəsb edən aktual məsələlərin müxtəlif aspektlərinin elmi-nəzəri tədqiqinin, praktiki həlli yollarının müəyyən edilməsi və təkliflərin formalaşdırılmasının, energetika sahəsi ilə əlaqədar dövlət siyasətinin, ixtisaslaşmış fəaliyyətin, peşənin təqdir və təbliğ edilməsinin, mühüm əhəmiyyətinə dair maarifləndirmənin təmin edilməsinin stimullaşdırılması məqsədilə
SOCAR-ın “Elm Fondu” Azərbaycan Milli Elmlər Akademiyasında (bundan sonra AMEA) çalışan alimlər və onlarla birgə layihələrdə icraçı qismində iştirak edəcək SOCAR-ın əməkdaşları üçün 2025-2026-cı illər üzrə müsabiqə
E L A N E D İ R:
‒ Heydər Əliyev və Azərbaycanın yeni enerji strategiyası;
‒ Alternativ və yaşıl enerjinin humanitar və ictimai aspektlərinin tədqiqi;
‒ Neft-qaz və neft-kimya sənayesinin tarixi və inkişaf mərhələləri;
‒ Ədəbiyyatda neft mövzusu;
‒ İncəsənətdə neftçi obrazları;
‒ Azərbaycan neft mövzusunda aparılmış tədqiqatların biblioqrafik sistemləşdirilməsi, dövrləşdirilməsi və rəqəmsallaşdırılması;
‒ Görkəmli neftçilərin həyat və fəaliyyətinin tədqiqi;
‒ “Neftçi” sosial peşə qrupunun dəyərlər sisteminin tədqiqi;
‒ Qədim əlyazmalarda Azərbaycan nefti ilə bağlı məlumatların araşdırılması;
‒ Azərbaycan elm tarixində neft mövzusunun tədqiqi;
‒ Xəzərin kiçik dərinlikləri və sahilyanı ərazilərindəki abidələrin arxeoloji tədqiqi;
‒ SOCAR-ın fəaliyyət istiqamətlərinin (yataqlarının axtarışı, kəşfiyyatı, hazırlanması, işlənməsi, neftin, qazın, kondensatın hasilatı, nəqli, emalı, ticarəti, yanacağın pərakəndə satışı, təbii qazın paylanması və s.) tarixi, mədəni, sosioloji, ictimai, iqtisadi, ekoloji və digər sosial-humanitar aspektlərinin araşdırılması;
‒ Energetika sahəsi üzrə fəaliyyətin (peşənin) təbliği, bu istiqamətdə maarifləndirmənin tədqiqi.
‒ Fondun İdarə Heyətinin və Müsabiqə Komissiyasının üzvləri müsabiqədə iştirak edə bilməzlər.
‒ Layihə rəhbəri və ya icraçı yalnız bir layihə üzrə müsabiqədə iştirak edə bilər.
‒ Layihə rəhbəri və icraçılar müsabiqədə iştirak etdiyi və layihənin həyata keçirildiyi dövrdə AMEA və ya SOCAR-la əmək münasibətində olmalıdır.
‒ Bir layihə üzrə iştirakçıların (layihə rəhbəri və icraçılar) ümumi sayı 5 (beş) nəfərdən çox olmamalıdır. İstisna hallarda İdarə Heyətinin qərarı ilə layihə iştirakçılarının sayı artırıla bilər.
‒ Müsabiqədə iştirakın xüsusi şərtləri pozulduqda;
‒ Digər mənbələrdən (dövlət büdcəsindən, kənar fondlardan və s. təşkilat və ya qurumlardan) maliyyələşdirilən (və yaxud maliyyə dəstəyi almış) analoji məzmunlu layihə təqdim edildikdə;
‒ Layihələr müsabiqədə iştirak üçün sənədlərin qəbulu günü bitdikdən sonra təqdim edildikdə;
‒ Tələb olunan elm və ya tədqiqat sahələrinə aid olmayan layihə təqdim edildikdə.
‒ Layihənin məzmununu, elmi istiqamətini, annotasiyasını və s. əks etdirən ümumi məlumatlar (Forma 2);
‒ Layihənin xərclər smetası (Forma 3);
‒ Layihə rəhbəri, icraçılar və onların çalışdığı qurum barədə məlumat (Forma 4);
‒ Layihə rəhbərinin və hər bir icraçının şəxsiyyət vəsiqəsinin, VÖEN-nin (əgər varsa) surəti və iş yerindən arayış.
SOCAR-ın “Elm Fondu”nun İdarə Heyəti