sa sa 1783
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Böyük Qələbəyə həsr olunan Ümumi iclası keçirilib + Foto Noy 12, 2020 | 14:10 / Konfranslar, iclaslar

12 noyabr 2020-ci il tarixində AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Qarabağ müharibəsində Azərbaycanın tarixi qələbəsinə həsr olunan toplantı keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun direktoru akademik İradə Hüseynova bütün kollektivi bu Zəfər Günü münasibətilə təbrik edib. O bildirib ki, 10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında bu qələbəni təsdiq edən bəyanat imzalanıb. Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz dövlətimizin ərazi bütövlüyünü təmin edib. Rəşadətli Azərbaycan əsgəri sonsuz cəsarət və qəhrəmanlıq göstərərək torpaqlarımızı düşməndən təmizləyib. Bu gün üçrəngli bayrağımız ölkəmizin hər yerində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda – Şuşada, Füzulidə, Qubadlıda, Zəngilanda, Cəbrayılda da əzəmətlə dalğalanmaqdadır. Bu haqqın, ədalətin, Azərbaycan xalqının qələbəsidir. Bu Qələbə son illərdə Ali Baş Komandan, Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən, iqtisadi və siyasi arenada həyata keçirdiyi islahatların, quruculuq və idarəetmə işlərinin, siyasi birliyin nəticəsidir. Akademik İ.Hüseynova qeyd edib ki, bugünkü qələbəyə görə biz eyni zamanda Ulu Öndərimiz H.Əliyevə borcluyuq. Onun 1993-cü ildə hakimiyyətə qayıdışı bu qələbənin labüdlüyü üçün zəmin yaradıb. Akademik İradə Hüsüeynova eyni zamanda Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı alimlərin üzərinə düşən vəzifələrdən də söhbət açıb. Çıxışının sonunda akademik institutun kollketivi adından vətən uğrunda canından keçərək şəhid olanlara Allahdan rəhmət, yaxınlarına başsağlığı, yaralı əsgər və zabitlərimizə isə cansağlığı diləyib.

Sonra tədbirdə AMEA-nın müxbir üzvləri Novruz Quliyev, İlham Şahmuradov, institutun elmi işlər üzrə direktor müavini Ələmdar Məmmədov, ümumi işlər üzrə direktor müavini Natiq Allahverdiyev, biologiya elmləri doktoru Şahniyar Bayramov, 1-ci Qarabağ müharibəsinin iştirakçısı, biologiya üzrə fəlsəfə doktoru Nurməmməd Mustafayev, elmi işçi Könül Tağıyev çıxış edərək imzalanmış bəyanatı və ora daxil edilən bəndləri, xüsusilə mərhələ-mərhələ Ağdam, Kəlbəcər və Laçının qaytarılmasını, Dağlıq Qarabağa heç bir statusun verilməsinin nəzərdə tutulmamasını əks etdirən bəndləri ürəkdən bəyəndiklərini bildirib, bu tarixi qələbə sevincini bizə yaşadan müzəffər Ali Baş Komandanımıza, rəşadətli ordumuza sonsuz təşəkkürlərini ifadə ediblər.

Tədbirin sonunda institutun kollektivi adından ölkəmizin ərazi bütövlüyünün bərpası və tarixi Qələbə münasibətilə Ali Baş Komandan, Prezident İlham Əliyevə müraciət qəbul olunub.

 Toplantı qeyri-rəsmi hissə ilə öz işini davam etdirib.