sa sa 1669
Azərbaycan Avropa Şurasının Bioetika Komitəsinin XVII iclasında təmsil olunub + Foto Noy 12, 2020 | 12:46 / Mühüm hadisələr

Avropa Şurasının Bioetika Komitəsinin (DH-BİO) XVII onlayn iclası keçirilib.

İclasda Azərbaycan nümayəndə heyəti adından AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin baş mütəxəssisi, Molekulyar Biologiya və Biotexnologiyar İnstitutunun böyük elmi işçisi Aytən Ağayeva və həmin müəssisənin aparıcı elmi işçisi Gülnarə Balakişiyeva iştirak ediblər.

İclasın ilk günündə yeni üzvlərin təqdim edilməsindən sonra açılış nitqləri dinlənilib. Daha sonra “yeni prioritetlər nəzərə alınmaqla Strateji Fəaliyyət Proqramının (SAP) həyata keçirilməsi” istiqamətində müzakirələr aparılıb, DH-BİO nümayəndə heyətlərindən COVID-19-la əlaqəli dəyişikliklərə dair şərhləri dinlənilib, SAP çərçivəsində planlaşdırılan prioritet tədbirlər üçün metodologiya və müddətlər, eləcə də biotibbdə insan hüquqları və texnologiyalar üzrə planlara münasibət bildirilib. Avropa Şurasının Büro və Katibliyi tərəfindən hazırlanmış ilkin layihə qiymətləndirilib və 2021-ci ilin iyun ayında yekunlaşdırılmasına qərar verilib. Həmçinin Avstriyanın Vyana Texnologiya Universitetinin professoru İna Vagnerin “Biotibb sahəsində insan hüquqları: gender bərabərliyi / bərabərlik perspektivinin inteqrasiyası” adlı məruzəsi dinlənilib.

Tədbirin ikinci günündə zehni sağlamlıq baxımından könüllü tədbirlərin təşviqinə yönəlmiş təcrübə nümunələrinin toplanmasında əldə olunan nailiyyətlər barədə məlumat verilib. Daha sonra psixi sağlamlıq xidmətləri daxilində məcburi yerləşdirmə və məcburi müalicə ilə əlaqədar insan hüquqlarının və şəxsiyyət ləyaqətinin qorunmasına dair əlavə protokolun hazırlanması istiqamətində şəhrlər dinlənilib, nümayəndə heyətləri protokol layihəsinin 2021-ci ilin iyun ayında səsverməyə qoyulmasına hazır olduqlarını bildiriblər.

Tədbirin üçüncü günündə “Genom redaktə texnologiyaları” və “Uşaqların sağlamlıqları ilə əlaqəli məsələlərdə qərar qəbul edilməsində iştirakı” mövzuları ətrafında müzakirələr aparılıb. Genom redaktə texnologiyaları mövzusunda aparılmış müzakirələr nəticəsində 13-cü maddənin (insan genomuna müdaxilələr) dəqiqləşdirilməsinə qərar verilib. Tədbir Dr. Annagrazia Altavia tərəfindən uşaqların sağlamlıqları ilə əlaqəli məsələlərdə qərar qəbul edilməsində iştirakı istiqamətində hazırlanmış konsepsiya sənədinin və anketin təqdimatı və müzakirəsi ilə davam edib.

İclasın sonuncu günündə vaksinlərin hamı üçün eyni dərəcədə əlçatan olması mövzusunda məruzələr dinlənilib, tövsiyə və qaydaların ilkin layihəsi qiymətləndirilib, nümayəndə heyətləri şərhlərlə çıxış edərək işi yekunlaşdırmaq məqsədilə təkliflər irəli sürüblər.

Daha sonra DH-BİO-ya səsvermə yolu ilə seçki keçirilib. Ritva Halila (Finlandiya) bir il müddətinə komitə sədri, Siobhan O’Sullivan (İrlandiya) sədr müavini, Rodica Gramma (Moldova), Pierre Mallia (Malta), Assunta Morresi (Italiya) isə DH-BIO Bürosuna iki il müddətinə üzv seçiliblər.

Sonda DH-BIO-nun XVII iclasında qəbul edilən qərarların siyahısı təsdiqlənib və növbəti iclasların tarixləri (1-4 iyun 2021-ci il (XVIII iclas) və 2-5 noyabr 2021-ci il (XIX iclas)) müəyyən edilib.

science.gov.az