sa sa 1685
Akademik İradə Hüseynova Ermənistanın ekoloji terroru ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb Dek 01, 2020 | 18:02 / Mühüm hadisələr

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova biologiya, tibb və aqrar elmlər sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlara, müxtəlif ölkələrin Elmlər Akademiyalarının müvafiq bölmələrinin rəhbərlərinə, tanınmış elm mərkəzlərinə, görkəmli elm xadimlərinə erməni işğalçılarının Qarabağda törətdikləri ekoloji fəlakətin, regionun biomüxtəlifliyinə vurulan ziyanların miqyasları barədə bəyanat ünvanlayıb.

Sözügedən bəyanat 50-yə yaxın ölkə üzrə ümumilikdə 300-dən çox ünvana göndərilib.

Bəyanatda bildirilir:

Hörmətli cənablar və xanımlar!

Bildiyiniz kimi, Azərbaycanın zəngin biomüxtəlifliyi ilə seçilən Qarabağ zonası 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən işğal altında saxlanılmış və yalnız Azərbaycan Silahlı Qüvvələrinin 27 sentyabrdan başlayaraq həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində azad olunmuş, tarixi ədalət bərpa edilmişdir. Erməni qüvvələrinin regiona yaşatdıqları ekoloji fəlakətin miqyası ağlasığmazdır və görənləri dəhşətə gətirir. İşğalçılar tərəfindən Qarabağın flora və fauna aləminə, meşələrinə misli-bərabəri görünməmiş ziyanlıqlar vurulmuş, kənd təsərrüfatı sistemi tam şəkildə yerlə-yeksan edilmişdir. Ekoloji terror nəticəsində 10-dan çox qoruq və yasaqlıq, Azərbaycanın “Qırmızı Kitab”ına və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına daxil edilmiş olduqca qiymətli və nadir bitki və heyvan növləri, Azərbaycan və Qarabağ endemləri birdəfəlik məhv edilmişdir. İşğala qədər Qarabağ və ətraf ərazilərdə mövcud olmuş 280 min hektardan çox (13200 hektarı qiymətli ağac növləri) meşə fondunun, o cümlədən Avropada yeganə çinar meşəsinin əksər hissəsi, yaşı 120 ildən 2600 ilədək olan yüzlərlə ən qiymətli ağac – təbiət abidələri vəhşicəsinə talan edilərək Ermənistana daşınmış və ya yarımfabrikant şəklində xarici ölkələrə satılmışdır. Təbii bitkiliklər, meşə və bağ sahələri onlarda mövcud olmuş fauna növləri ilə birgə dəfələrlə yandırılmış, endemik heyvanlar yaşayış yerlərindən məhrum olmuşlar. Torpaqlar deqredasiyaya uğradılmış, su hövzələri bilərəkdən zəhərli maddələrlə çirkləndirilmişdir. Yarasaların və digər canlıların toplandığı mağaralar silah anbarlarına çevrilmişdir. İşğal altında olan ərazilərdə iri heyvanlar minaya düşərək şikəst olmuş və ya ölmüşdür. Cəbhə xəttindən çox kənarda yerləşən rayonların mütəmadi artilleriya atəşinə tutulması nəticəsində, hətta Ağgöl və Göygöl Milli parkları kimi qorunan ərazilərin canlı aləminə ciddi ziyan dəymişdir. Regionda yüzilliklər ərzində xalq tərəfindən yaradılmış bitki sortlarının əksəriyyəti işğal nəticəsində məhv olmuşdur. Ağdərə bölgəsində mövcud olmuş 1694 hektar torpaq sahəsinə malik Qarabağ Elmi Tədqiqat Bazası ermənilər tərəfindən zəbt edilmiş, orada olan cins mal-qara sürüləri (200 baş iribuynuzlu cins heyvan, camış hibridləri, 500 baş cins qoyun), meyvə, üzüm, subtropik bitkilərin genofond bağları (500 meyvə sortu), dənli bitkilərin dünya və yerli kolleksiya nümunələri, 200 mindən artıq çox qiymətli seleksiya materialı və s. talan edilmişdir.

Tək Azərbaycanın təbiətinə, biomüxtəlifliyinə deyil, həmçinin bütün dünyanın canlı aləminə qarşı törədilmiş qatı cinayətin hesabı Ermənistandan ən ciddi şəkildə sorulmalıdır. Yer kürəsinin heç bir yerində bu cür halların bir daha baş verməməsi üçün Sizi Azərbaycanın haqq səsinə səs verməyə çağırırıq.

Səmimi hörmətlə,

Akademik İradə Hüseynova, AMEA-nın vitse-prezidenti

science.gov.az