sa sa 2031
Azərbaycanda “Riyazi biologiya, bioinformatika” ixtisası üzrə ilk dissertasiya işinin müzakirəsi keçirilib + Foto ,Video Fev 18, 2021 | 14:32 / Mühüm hadisələr

Fevralın 17-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının böyük elmi işçisi Rəfiqə Məsməliyevanın 2424.01– “Riyazi biologiya, bioinformatika” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Atom yerdəyişmə parametrlərinin  statistik analizi və validasiyası” mövzüsunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. Dissertasiya işi İnstitutun Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının müdiri, Böyük Britaniya Kembric şəhərinin Tibbi Araşdırmalar Mərkəzinin professoru Qərib Mürşüdovun rəhbərliyi altında yerinə yetirilib. Zoom platforması üzərində keçirilən müzakirədə institutun elmi əməkdaşları ilə yanaşı, ABŞ-ın Birləşmiş Genom İnstitutu, Türkiyənin Akdeniz Universiteti, REA-nın Biologiyanın fundamental problemləri İnstitutu, AMEA-nın Genetik Ehtiyatlar, Botanika və Fiziologiya İnstitutlarının və Bakı Dövlət Universitetinin alimləri iştirak edib. Gənc tədqiqatçı dəfələrlə xarici konfranslarda şifahi məruzələrlə çıxış edib, əldə etdiyi elmi nəticələri yüksək impakt faktorlu jurnallarda nəşr etdirib. Dissertasiya işində ilk dəfə olaraq AYP paylanmasının statistik modeli validasiya üçün istifadə edilib, STQP-na ehtimalın maksimallaşdırılması alqoritmi tətbiq edilib, atomlara və liqandlara “Lokal analiz” adlandırdırılan metod tətbiq etməklə validasiya strategiyası hazırlanıb. Tədqiqat işinin əsas nəticəsi olan ToBvalid proqram təminatı zülal quruluşlarının ZVB-ə yerləşdirilməmişdən əvvəl istifadəçilər tərəfindən validasiya metodu kimi istifadə etməyə imkan verir. ToBvalid proqram təminatı açıq lisenziya ilə istifadəçilərin ixtiyarına verilib. Dissertasiya işi ətrafında geniş müzakirələr aparılıb. İlkin rəyçilər, AMEA-nın Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyev və ABŞ-ın Birləşmiş Genom İnstitutunun əməkdaşı, bioinformatika sahəsində dünyada tanınmış alim Asəf Salamov dissertasiya işinin yüksək səviyyədə yerinə yetirildiyini və beynəlxalq tələblərə cavab verdiyini qeyd ediblər. Akademik İradə Hüseynova, akademiyanın müxbir üzvləri Novruz Quliyev, İlham Şahmuradov, Tərlan Məmmədov, Xəlil Qasımov, biologiya elmləri doktorları, professorlar Səftər Süleymanov, İradə Əliyeva, Elimxan Cəfərov, fizika-riyaziyyat elmləri doktoru, professor Rövşən Xəlilov, biologiya üzrə fəlsəfə doktorları Ələmdar Məmmədov, Vaqif Əmikişiyev, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elman Yusifov dissertanta təklif və rəylərini bildiriblər. Sonda R. Məsməliyevanın dissertasiya işinin açıq müzakirəyə çıxarılması məqsədilə 2424.01– “Riyazi biologiya, bioinformatika” ixtisası üzrə birdəfəlik Elmi şuranın təşkil olunmasına icazə verilməsi üçün Azərbaycan Respublikası Yanında Ali Attestasiya Komissiyasına müraciət olunması barədə qərar qəbul olunub.