sa sa 1587
Bakı Dövlət Universitetinin tələbələri AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda istehsalat təcrübəsi keçir. + Foto Mart 11, 2021 | 17:39 / Mühüm hadisələr

Bakı Dövlət Universitetinin Biologiya fakultəsinin “Biologiya” ixtisası üzrə təhsil alan 4-cu kurs tələbələri AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda istehsalat təcrübəsi keçirlər. İnstitutun Bioadaptasiya, Genomun quruluşu və ekspressiyası, Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası, Xloroplastların fotokimyası və Bitki biotexnologiyası laboratoriyalarında təcrübə keçən tələbələr biologiyanın müasir metodlarına yiyələnir və nəzəri biliklərini genişləndirirlər. Fevralın 16-dan başlayaraq aprel ayının 19-na kimi davam edəcək istehsalat təcrübəsində universitetin 22 tələbəsi iştirak edir.

Qeyd edək ki, Bakı Dövlət Universiteti ilə AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu arasında mövcud qarşılıqlı əməkdaşlıq nəticəsində hər il tələbələrin institutun laboratoriyalarında təcrübə keçmələri üçün şərait yaradılır. Tələbələrin AMEA institutlarında istehsalat təcrübəsi keçməsi elm və təhsilin inteqrasiyası üçün böyük əhəmiyyət kəsb edir. Tələbələrin müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarda aparılan təcrübələrdə bilavasitə iştirak etməsi onlarda elmi-tədqiqata marağın yaranması üçün zəmin yaradır.