sa sa 1131
Biologiya və Tibb Elmləri Bölməsinin rəhbərliyi akademik Zərifə Əliyevanın qəbirüstü abidəsini ziyarət ediblər + Foto Apr 28, 2021 | 16:18 / Mühüm hadisələr

Aprelin 28-də AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin rəhbərliyi və bölmənin elmi müəssisə və təşkilatlarının direktorları görkəmli elm və səhiyyə xadimi, tanınmış həkim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümü münasibətilə I Fəxri Xiyabanda məzarını ziyarət edib, qəbirüstü abidəsinin önünə əklil və gül dəstələri qoyublar.

Sonra mərasim iştirakçıları akademik Zərifə Əliyevanın AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutundakı xatirə guşəsini ziyarət ediblər.

Burada təşkil olunan mərasimdə çıxış edən AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının sədri, akademik İradə Hüseynova bildirib ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, əldə etdiyi nailiyyətlər, bunların əsasında yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir. O qeyd edib ki, akademik Zərifə Əliyeva ölkəmizdə milli oftalmologiyanın əsasını qoyub, göz xəstəlikləri ilə bağlı bir çox yeni elmi ideyaların müəllifi kimi bütün dünyada tanınıb.

Akademik İradə Hüseynova diqqətə çatdırıb ki, akademik Zərifə Əliyeva eksperimental tədqiqatlar nəticəsində istehsalatda aşağı intensivli zərərli maddələrin görmə orqanına təsirinin mühüm qanunauyğunluqlarını aşkar edib, traxoma xəstəliyinin klinikası, kimya sənayesi müəssisələrinin işçilərində görmə orqanının vəziyyəti, herpetik göz xəstəlikləri, ağır virus konyunktivitləri, gözün hidrodinamik sisteminin fizioloji-anatomik xarakteristikası, terapevtik oftalmologiya və s. istiqamətlərdə mühüm tədqiqatlar aparıb.

Sonra çıxış edən Fiziologiya İnstitutunun direktoru, professor Ulduz Həşimova akademik Zərifə Əliyevanın bu müəssisədəki genişmiqyaslı fəaliyyətindən söz açıb. Qeyd edib ki, Zərifə xanım Əliyeva 1979-cu ildə Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyəti və Səhiyyə Nazirliyinin birgə qərarı ilə Fiziologiya İnstitutunda yaradılmış sahələrarası elmi-tədqiqat qurumu kimi fəaliyyət göstərən Görmənin fiziologiyası laboratoriyasına rəhbərlik edib. Vurğulayıb ki, akademik Zərifə Əliyevanın rəhbərliyi altında sözügedən laboratoriyada bir çox SSRİ və dünya miqyaslı tədqiqatlar aparılıb, mühüm nəticələr əldə olunub. Professor Ulduz Həşimova hazırda institutda laboratoriyanın fəaliyyətinin qismən bərpa edildiyini diqqətə çatdırıb.

Mərasimdə digər çıxış edənlər də akademik Zərifə Əliyevanın oftalmologiya sahəsindəki tədqiqatlarından, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı kimi ulu öndərə mənəvi dayaq olmasından, Prezident İlham Əliyevin insan və şəxsiyyət kimi formalaşmasında şəfqətli ana kimi həlledici rol oynamasından söz açıblar.

science.gov.az