sa sa 1172
“Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bugünü və gələcəyi” mövzusunda onlayn konfrans işini bölmə iclasları ilə davam etdirir May 21, 2021 | 09:20 / Konfranslar, iclaslar

Mayın 20-də AMEA-da “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bugünü və gələcəyi” mövzusunda onlayn konfrans öz işinə başlayıb.

Tədbirin rəsmi açılış mərasimi və plenar iclasdan sonra konfrans işini akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru, prof. Ulduz Həşimova və b.e.d., dos. Könül Baxşəliyevanın moderatorluğu ilə “Qarabağın faunası, herontoloji tədqiqatlar, ekoturizm”, eləcə də b.e.d., dos. Dilzarə Ağayeva və b.ü.f.d., dos. Zaman Məmmədovun moderatorluğu ilə “Qarabağın torpaq və su ehtiyatları, yaşıl iqtisadiyyat” adlı paralel bölmələr üzrə davam etdirib.

Birinci bölmə üzrə plenar iclasda AMEA-nın müxbir üzvü Rafiq Qasımovun “Qarabağ regionunun su hövzələrində biomüxtəlifliyin tədqiqinin perspektivləri”, AMEA-nın müxbir üzvü Pənah Muradovun “İşğaldan azad olunmuş ərazilərin mikobiotasının gələcək tədqiqat istiqamətləri”, prof. Ulduz Həşimovanın “Qarabağda herontoloji tədqiqatlar: mövcud vəziyyət və inkişaf perspektivləri”, b.e.d., dos. Dilzarə Ağayevanın “Qarabağın mikromiset müxtəlifliyi herbarilərdə” və digər mövzularda məruzələri dinlənilib.

İkinci bölmə üzrə plenar iclasda “Azərbaycanın işğaldan azad olunmuş torpaqları: problemlər, bərpa, səmərəli istifadə və GİS əsasında xəritələşdirmə” mövzusunda akademik Qərib Məmmədovun, “Qarabağ kəhrizlərinın tədqiqi, bərpası və istifadə perspektivləri” mövzusunda AMEA-nın müxbir üzvü Əlövsət Quliyevin, “GİS və peyk texnologiyalarından istifadə etməklə işğaldan azad edilmiş torpaqların kənd təsərrüfatı bitkilərinə yararlılıq vəziyyətinin elmi təhlili” mövzusunda AMEA-nın müxbir üzvü Amin İsmayılovun, eləcə də “Zəngilan rayonu ərazisinin kompleks radioekoloji monitorinqi” mövzusunda b.e.d. Elimxan Cəfərov və f-r.ü.f.d. Famil Hümbətovun həmmüəllifliyi ilə məruzələr dinlənilib, o cümlədən bölmə çıxışları olub.

Məruzə və çıxışlarda Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş Qarabağ ərazisinin ən müxtəlif problemlərinin araşdırılması ilə bağlı aparılacaq elmi tədqiqatlardan, ərazinin ekoloji vəziyyətinin qiymətləndirilməsi üçün aparılacaq monitorinqlərdən, bu bölgənin biomüxtəlifliyinin bərpası istiqamətində görüləcək işlərdən bəhs edilib.

Qeyd edək ki, bu gün - konfransın son günündə prof. Elman İsgəndər, b.ü.f.d. Samirə Bağırovanın moderatorluğu ilə “Qarabağın təbii florası, bitkiliyi, meşə və otlaq ekosistemləri” və b.ü.f.d., dos. Ələmdar Məmmədov, b.ü.f.d., dos. Mehrac Abbasovun moderatorluğu ilə “Qarabağın genetik ehtiyatları və ərzaq təhlükəsizliyi” paralel bölmələri üzrə plenar iclas və bölmə çıxışları nəzərdə tutulur.

science.gov.az