sa sa 256
“Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bugünü və gələcəyi” mövzusunda onlayn konfrans başa çatıb + Foto May 23, 2021 | 15:05 / Konfranslar, iclaslar

Mayın 21-də AMEA-da “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bugünü və gələcəyi” mövzusunda onlayn konfransın bağlanış mərasimi keçirilib.

Əvvəlcə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova konfransın yekunları barədə ümumi məlumat verib.

Bağlanış mərasimində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək akademiyanın Biologiya və Tibb Elmləri Bölməsinin təşkilatçılığı ilə keçirilən konfransın ölkə Prezidenti İlham Əliyevin göstərişlərinə əsasən yaradılmış “Qarabağa dönüş” proqramı çərçivəsində icra olunan tədbirlərə dəstək verən irimiqyaslı layihələrdən biri olduğunu diqqətə çatdırıb. Əlavə edib ki, bu proqramla əlaqədar AMEA-da bir neçə istiqamət üzrə bütün Qarabağ ərazisini əhatə edəcək tədqiqatlar aparılır.

“Hesab edirəm ki, Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatlarına həsr olunmuş bu konfrans Qarabağla bağlı aparılacaq tədqiqatların başlanğıcıdır”, - deyə vurğulayan akademik İ.Həbibbəyli tədbirin elmi-praktiki əhəmiyyəti ilə yanaşı, siyasi baxımdan da vacibliyini qeyd edib.

Vitse-prezident AMEA-nın ölkənin müvafiq qurumları ilə eyni mövqedən çıxış edərək Qarabağla bağlı multidissiplinar elmi problemlərin həllinə nail olacağına inamını ifadə edib.

Azərbaycan Respublikası Kənd təsərrüfatı nazirinin müavini, iqtisad elmləri doktoru, professor Elçin Zeynalov konfransda təqdim olunan mövzuların gələcəkdə alimlərin araşdırma mövzularına çevriləcəyini vurğulayıb. Bu kimi konfransların keçirilməsinin əhəmiyyətindən danışan E.Zeynalov bildirib ki, işğaldan azad olunmuş ərazilərlə bağlı nazirlik və akademiyanın əməkdaşları tərəfindən aparılacaq multidissiplinar tədqiqatlar bu ərazilərdə kənd təsərrüfatı, aqrar və digər sahələrin inkişafına dəstək verəcək.

Daha sonra Azərbaycan Respublikası Ekologiya və təbii sərvətlər nazirinin müavini, AMEA-nın Botanika İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Vüqar Kərimov çıxış edib. O, yüksək səviyyədə təşkil olunmuş tədbirə görə AMEA-ya, xüsusilə Biologiya və Tibb Elmləri Bölməsinə minnətdarlığını bildirib. V.Kərimov nazirliyin bir çox istiqamətlər, o cümlədən azad olunmuş ərazilərimizlə bağlı AMEA ilə birgə bundan sonra da tədqiqatları davam etdirəcəyini qeyd edib.

Tədbirdə, həmçinin Azərbaycan Respublikası Hidromexanika və Meliorasiya Elm-İstehsalat Birliyinin baş direktoru, aqrar elmlər doktoru, professor Ağamir Həşimov, Azərbaycan Respublikası Energetika Nazirliyinin müşaviri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Cavid Abdullayev, AMEA-nın Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə, AMEA-nın müxbir üzvləri – Vaqif Novruzov, Saleh Məhərrəmov, Novruz Quliyev və Əlövsət Quliyev çıxış ediblər.

Konfransın bağlanışında, o cümlədən Zoologiya İnstitutunun direktoru, a.e.f.d., dos. Ələddin Eyvazov, Fiziologiya İnstitutunun direktoru, prof. Ulduz Həşimova, b.e.d., dos. Könül Baxşəliyeva, b.ü.f.d., dos. Vəli Qarayev, b.e.d., dos. Vahid Fərzəliyev, b.ü.f.d., dos. Zaman Məmmədov, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, b.ü.f.d., dos. Esmira Əlizayeva, eləcə də Avstraliyanın Macquarie Universitetinin professoru Aliakbar Rasouli və digərləri çıxış edərək konfransın fəaliyyətini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, tədbirdə səsləndirilən fikir və təkliflər Qarabağla bağlı fəaliyyət istiqamətlərinin müəyyən olunmasına öz töhfəsini verəcək.

Konfransa yekun vuran AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Qarabağın azad olunması, eləcə də bu ərazilərin yenidən tədqiqi üçün imkanların yaradılmasına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə təşəkkürünü bildirib.

İradə Hüseynovanın sözlərinə görə, iki gün ərzində “Qarabağın faunası, herontoloji tədqiqatlar, ekoturizm”, “Qarabağın torpaq və su ehtiyatları, yaşıl iqtisadiyyat”, Qarabağın təbii florası, bitkiliyi, meşə və otlaq ekosistemləri” və “Qarabağın genetik ehtiyatları və ərzaq təhlükəsizliyi” paralel bölmələri üzrə 16 plenar, 46 seksiya məruzəsi dinlənilib, 118 tezis təqdim olunub.

Tədbirin elmi fikirlərin mübadiləsi baxımından əhəmiyyətli olduğunu söyləyən AMEA-nın vitse-prezidenti azad olunmuş ərazilərlə bağlı elmi proqramların hazırlanmasının, Genetik Ehtiyatlar İnstitutunun Ağdərə rayonunda yerləşən, ermənilər tərəfindən məhv edilmiş Qarabağ Elmi Tədqiqat Bazasının bərpası istiqamətində işlərin görülməsinin zəruriliyinə toxunub. Akademik qeyd edib ki, konfrans Azərbaycan alimləri qarşısında ciddi məsələlər ortaya qoyub, bu ərazilərdə təbiət abidələrimizi, qoruq və yasaqlıqlarımızı, kənd təsərrüfatımızı bərpa etmək üçün tədqiqatlar aparılmasının əhəmiyyətini aşkara çıxarıb.

Çıxışının sonunda akademik İradə Hüseynova konfrans iştirakçılarına fəaliyyətlərində uğurlar arzulayıb. Alim Qarabağ bölgəsi ilə bağlı hərtərəfli multidissiplinar tədqiqatların uğurla aparılacağına əminliyini ifadə edib, pandemiyaya qalib gəlməklə, növbəti, daha mötəbər, beynəlxalq iştiraklı konfransın Şuşa şəhərində təşkil ediləcəyinə inamlı olduğunu bildirib.

Sonda konfrans iştirakçıları adından ölkə Prezidenti İlham Əliyevə Azərbaycan alimlərinin Qarabağda möhtəşəm qələbəmizə və azad edilmiş ərazilərdə elmi tədqiqatların bərpasına baxışlarını əks etdirən müraciət ünvanlanıb.

science.gov.az