sa sa 1165
AMEA-nın magistraturasında yay imtahan sessiyası başlayıb + Foto İyn 02, 2021 | 09:48 / Mühüm hadisələr

Məlum olduğu kimi, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 17 may 2021-ci il tarixli “AMEA-nın magistraturasında yay imtahan sessiyasının və magistrlik dissertasiyalarının müdafiəsinin təşkili haqqında” sərəncamına əsasən yay imtahan sessiyasının 2021-ci il iyunun 1-dən iyulun 5-dək keçirilməsi nəzərdə tutulub. AMEA-nın magistrantlarının ümumi və seçmə fənlər (“Ali məktəb pedaqogikası”, “Psixologiya” və “Fəlsəfənin əsasları”) üzrə imtahanlarının təşkili AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinə həvalə edilib.

İyunun 1-də AMEA-nın I kursda təhsil alan 55 magistrantı iki qrup üzrə “Ali məktəb pedaqogikası” və “Fəlsəfənin əsasları” fənlərindən imtahanda iştirak edib. AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin Magistratura sektorunun məsul əməkdaşlarının nəzarəti əsasında onlayn formada keçirilən imtahanlar müvəffəqiyyətlə başa çatıb. İmtahanda Təhsil şöbəsinin müdiri v.i.e., fizika üzrə fəlsəfə doktoru Qafil Dəmirov və Magistratura sektorunun müdiri Ramin Həsənov iştirak edərək magistrantlara sessiya müddətindəki bütün imtahanlarda uğurlar arzulayıblar.

Qeyd edək ki, “Fəlsəfənin əsasları” fənni üzrə imtahanın 4 iyun, “Psixologiya” fənni üzrə imtahanın 4 və 7 iyun, “Ali məktəb pedaqogikası” fənni üzrə imtahanın isə 7 iyun tarixlərində iki qrup halında keçirilməsi nəzərdə tutulur.

Müəyyən olunmuş qrafikə əsasən yay imtahan sessiyası ərzində AMEA-nın Fizika, İdarəetmə Sistemləri, Riyaziyyat və Mexanika, Radiasiya Problemləri, İnformasiya Texnologiyaları, akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri, akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya, Geologiya və Geofizika, akademik H.Əliyev adına Coğrafiya, Molekulyar Biologiya və Biotexnologiyalar, Botanika, Genetik Ehtiyatlar, Arxeologiya və Etnoqrafiya institutlarında və N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında imtahanlar keçiriləcək.

science.gov.az