sa sa 2206
Oktyabrın 23-də Bakıda İstedadlı və yaradıcı gənclərin III Respublika toplantısı keçirilib. + Foto ,Video Okt 24, 2018 | 14:06 / Konfranslar, iclaslar

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Sonra respublikamızda istedadlı və yaradıcı gənclərin fəaliyyəti, bu sahədə keçirilən tədbirlərlə bağlı videoçarx nümayiş etdirilib.

Toplantıda çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan gəncliyinin inkişafı üçün ölkəmizdə geniş yaradıcılıq mühitinin olduğunu vurğulayıb. Nazir ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizdə dövlət gənclər siyasətinin formalaşdığını, gənclərlə bağlı bir çox yeniliklərə imza atıldığını, yeni nazirliyin təsis olunduğunu, mühüm istiqamətlərin müəyyən edildiyini, Dövlət proqramlarının həyata keçirildiyini bildirib.

Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan nazir qeyd edib ki, dövlətimizin başçısının Sərəncamı ilə təsdiq olunan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı demək olar ki, ölkəmizin bütün sahələrini əhatə edən, gənclərə istiqamət verən mühüm sənəddir. Gənclər bu imkanlardan səmərəli istifadə etməli, ölkəmizin inkişafına öz töhfələrini verməlidirlər. Yaradıcı gənclər daim özlərini inkişaf etdirməli, müasir biliklərə yiyələnməli, müasir texnologiyaların imkanlarından yüksək səviyyədə istifadəni bacarmalıdırlar. Bütün bunlar yüksək yaradıcılıq tələb edən amillərdir.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, toplantı Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrasını təmin etmək məqsədilə keçirilir. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynadığını deyib. Qeyd edib ki, Prezident İlham Əliyevin “qara qızılı insan kapitalına çevirmək” konsepsiyası bu gün uğurla həyata keçirilir.  İntiqam Babayev  Əlilliyi olan istedadlı gənclərin yaradıcılıqlarının reallaşdırılması sahəsində görülən işlərdən danışdı.

Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, gənclərin himayədarı olan ümummilli lider Heydər Əliyev ölkəmizdə hərtərəfli inkişaf etmiş gənc nəslin yetişməsini dövlətin və cəmiyyətin mühüm vəzifəsi hesab edirdi. Azərbaycanda istedadlı gənclərin potensialının daha da artırılması, onların stimullaşdırılması, yaradıcı fəal gənclərin mükafatlandırılması, ali məktəblərə qəbul imtahanlarında yüksək bal yığmış gənclər üçün prezident təqaüdlərinin təsis olunması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev dinamik inkişaf edən Azərbaycanda gənclərimizin yüksək təhsil almaları üçün hərtərəfli şəraitin yaradıldığını vurğulayıb. Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun, Prezident Administrasiyasında gənclər siyasəti və idman məsələləri şöbəsinin yaradılması bu sahəyə göstərilən diqqət və qayğının bariz göstəricisidir.

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsi üçün Akademiyanın qarşısında duran vəzifələrdən danışıb. Son illər AMEA-nın bu istiqamətdə bir sıra mühüm tədbirlər həyata keçirdiyini deyən alim bildirib ki, Akademiyanın, Təhsil, eləcə də Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə Azərbaycanın gənc alimlərinin birinci qurultayı keçirilib.

İstedadlı və yaradıcı gənclərin III Respublika toplantısının rəsmi açılış mərasimindən sonra keçirilən bölmə iclaslarında dövlət və yaradıcı qurumların nümayəndələri, gənclər və ekspertlər müxtəlif yaradıcılıq istiqamətlərində təhlillər və müzakirələr aparıb, inkişaf perspektivlərinə nəzər yetiriblər.

Günün ikinci yarısında görkəmli elm və mədəniyyət xadimlərinin iştirakı ilə intellektual inkişaf, elm, təhsil, kino, teatr, ədəbiyyat, musiqi və rəqs, təsviri və dekorativ-tətbiqi sənət, foto və s. istiqamətlər üzrə paralel görüşlər keçirilib.

İstedadlı və yaradıcı gənclərin III Respublika toplantısında ölkəmizin bütün şəhər və rayonlarından ümumilikdə 500-dən artıq istedadlı gənc iştirak edib. Bu gənclər arasında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun gənc əməkdaşları da iştirak ediblər. Toplantıda  institutunun əməkdaşı, “Bioadaptasiya” laboratoriyasının böyük laborantı Abdullayeva Gülnar intelektual inkişaf, elm və təhsil bölməsinin ən fəal iştirakçısı seçildi və yekun iclasda bölmənin qısa hesabatı ona həvalə edildi.