sa sa 1057
“Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bugünü və gələcəyi” mövzusunda konfransın materialları çapdan çıxıb İyn 17, 2021 | 19:14 / Nəşrlər

AMEA-da 20-21 may 2021-ci il tarixlərində keçirilmiş “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bugünü və gələcəyi” mövzusunda onlayn konfransın materialları çapdan çıxıb.

Konfransın sədri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin “Ön sözü” ilə başlayan kitabda akademik Ramiz Mehdiyevin, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimovun və AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovanın plenar iclasın açılışında etdikləri çıxışların mətnləri yer alıb.

Konfrans materiallarına daxil edilmiş 118 tezis əsasən keçmişdə, sovetlər dönəmində aparılmış tədqiqatlar və son illərin peyk çəkilişləri, eləcə də regiona alimlərimizin son dövrlərdə etdikləri azsaylı, ərazi cəhətdən məhdud xarakter daşıyan səfərləri əsasında, ehtimal xarakterli proqnozlar verməklə yazılıb, bəzi tezislər isə son aylar ərzində regionda aparılmış real monitorinqlərin nəticələrini əks etdirir.

Kitabın konfrans materialları hissəsi plenar məruzələrin tezisləri ilə başlayır. Burada Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini, AMEA Botanika İnstitutunun aparıcı elmi işçisi, b.ü.f.d., dos. Vüqar Kərimovun “İşğaldan azad edilmiş ərazilərdə ekoloji terror və böyük qayıdışın ətraf mühit aspektləri”, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini, iqt.e.d., prof. Elçin Zeynalovun “İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafı”, Azərbaycan Respublikası Hidromexanika və Meliorasiya Elm-İstehsalat Birliyinin baş direktoru, a.e.d., prof. Ağamir Həşimovun “İşğaldan azad olunmuş ərazilərdə torpaq və su ehtiyatları, onlardan səmərəli istifadənin sosial-iqtisadi və ekoloji əsasları”, Azərbaycan Respublikası Energetika Nazirliyinin müşaviri, f-r.ü.f.d. Cavid Abdullayevin “İşğaldan azad edilmiş ərazilər üçün “yaşıl enerji zonası” konsepsiyası biomüxtəlifliyin qorunması aləti kimi”, Ümumdünya Vəhşi Təbiət Fondu Azərbaycan nümayəndə­liyinin rəhbəri, AMEA Zoologiya İnstitutunun elmi işçisi Elşad Əsgərovun “Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin fauna müxtəlifliyi və onun bərpa imkanları”, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, prof. Rəna Mirzəzadənin “Biomüxtəlifliyin qorunması: siyasi, hüquqi və mədəni-etik yanaşmalar” mövzusunda məruzələrinin tezisləri yer alıb.

Konfransın seksiyalarında edilmiş plenar və seksiya məruzələrinin tezisləri “Qarabağın flora, fauna və mikrobioloji müxtəlifliyi, meşə və otlaq ekosistemləri”, “Qarabağın genetik ehtiyatları və ərzaq təhlükəsizliyi”, “Herontoloji və arxeobioloji tədqiqatlar, ekoturizm”, “Qarabağın torpaq və su ehtiyatları, yaşıl iqtisadiyyat” ümumi başlıqları altında dərc edilib.

Qeyd edək ki, konfrans materiallarında toplanmış tezislərin müəllifləri respublikanın müxtəlif elmi tədqiqat və təhsil müəssisələrini, o cümlədən AMEA-nı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyini, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyini, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin elmi müəssisələrini, Azərbaycan Respublikası Energetika Nazirliyini, Bakı Dövlət Universitetini, Azərbaycan Dövlət Pedaqoji Universitetini, Azərbaycan Texniki Universitetini, Gəncə Dövlət Universitetini, Azərbaycan Tibb Universitetini və digər təşkilatları təmsil edirlər.

Konfrans materiallarının PDF variantı AMEA Biologiya və Tibb Elmləri Bölməsinin saytında  da dərc edilib.

Yeni vəsait Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları ilə bağlı gələcəkdə aparılacaq tədqiqatlar üçün baza rolunu oynayacaq.

science.gov.az