sa sa 195
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib + Foto İyn 18, 2021 | 16:07 / Konfranslar, iclaslar

Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Ümumi yığıncağı keçirilib.

Onlayn formada təşkil olunan yığıncağı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova ilk növbədə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin qəbulunun əhəmiyyətindən danışıb. Şuşa Bəyannaməsinin 15 İyun – Milli Qurtuluş Gününə və Qars müqaviləsinin 100-cü ildönümü tarixinə təsadüf etməsinin xüsusi məna daşıdığını vurğulayan akademik İradə Hüseynova bu sənədi ulu öndərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davan etdirilən siyasi xəttinin daha bir uğuru kimi qiymətləndirib.

Yığıncağın sədri daha sonra iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Birinci məsələ AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru vəzifəsinə seçkilərin keçirilməsi olub. Akademik İradə Hüseynova qeyd edib ki, AMEA prezidentinin təqdimatına və AMEA Rəyasət Heyətinin 8 yanvar 2021-ci il tarixli qərarına müvafiq olaraq, adıçəkilən vəzifəyə AMEA-nın müxbir üzvü Əlövsət Quliyevin namizədliyi irəli sürülür.

Akademik İradə Hüseynova namizədin həyat yolu, elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı yığıncaq iştirakçılarını məlumatlandırıb. O bildirib ki, Əlövsət Gülüş oğlu Quliyev 1973-2015-ci illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (Naxçıvan Dövlət Universiteti) müəllim və kafedra müdiri vəzifələrində çalışıb. 2015-ci ildən hal-hazıra kimi AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktorudur. Alim 2008-ci ildə aqrar elmlər doktoru elmi dərəcəsini, 2011-ci ildə professor elmi adını alıb, 2017-ci ildə AMEA-nın müxbir üzvü seçilib. Əsas elmi nailiyyətləri Naxçıvan Muxtar Respublikasının suvarılan torpaqlarında təkrar şorlaşma və ona qarşı mübarizə yollarına dair eksperimental nəticələr əsasında torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması olub. Azərbaycan kəhrizlərinin öyrənilməsində Əlövsət Quliyevin əhəmiyyətli xidmətləri var. O, 160-dan çox (49-u xaricdə) elmi əsərin, o cümlədən 12 kitabın, 2 dərsliyin müəllifidir.

Sonra aparılan müzakirələrdə akademik Cəmil Əliyev, akademik Tariyel Talıbov, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov, AMEA-nın müxbir üzvü Amin İsmayılov və başqaları çıxış edərək Əlövsət Quliyevin elmi və elmi-təşkilati fəaliyyətini yüksək qiymətləndiriblər.

Daha sonra AMEA-nın müxbir üzvü Əlövsət Quliyev açıq səsvermə yolu ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru vəzifəsinə seçilib və təsdiq edilməsi üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul olunub.

Sonra akademik İradə Hüseynova AMEA Rəyasət Heyətinin “AMEA-nın 27 may 2021-ci il tarixli Ümumi yığıncağının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətindən, çıxışlardan və qərarlardan irəli gələn vəzifələr haqqında” 10 iyun 2021-ci il tarixli qərarı haqqında məlumat verərək, bu mühüm qərarla bağlı bölmə institutlarının görməli olduqları işlər haqqında danışıb.

Sonra gündəlikdəki digər məsələlərin müzakirəsi aparılıb. Akademik İradə Hüseynova 20-21 may 2021-ci il tarixlərində bölmənin təşkilatçılığı ilə keçirilmiş “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bu günü və gələcəyi” mövzusunda onlayn konfransın böyük uğur qazandığı barədə məlumat verib, tezliklə işğaldan azad edilmiş ərazilərdə biomüxtəliflik, torpaq və su ehtiyatlarının genişmiqyaslı tədqiqinə başlanılacağına diqqət çəkib, bu sahədə hazırlanan planlardan danışıb.

Yığıncağın sonunda biologiya üzrə fəlsəfə doktoru İsmayıl İsmayılovun AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Proteomiks beynəlxalq laboratoriyasının müdiri vəzifəsinə təsdiqi, AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Elmi şurasının tərkibində qismən dəyişiklik haqqında qərarlar qəbul edilib.

science.gov.az