sa sa 161
Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının 5-ci iclası keçirilib + Foto İyn 28, 2021 | 13:04 / Konfranslar, iclaslar

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının onlayn formatda 5-ci iclası şuranın Tibb seksiyası ilə birgə keçirilib. İclası açan AMEA-nın vitse-prezidenti, problem şurasının sədri, akademik İradə Hüseynova gündəlikdə duran məsələlər barədə məlumat verib.

Daha sonra problem şurasının elmi katibi, biologiya elmləri doktoru, dosent Dilzarə Ağayeva dissertasiya mövzularının təsdiqi üçün 37 işin (tibb üzrə 16, biologiya üzrə 6, aqrar elmlər üzrə 15 iş) müzakirəyə çıxarıldığını bildirib. Tibb seksiyasının elmi katibi, tibb elmləri doktoru, dosent Rasim Cəfərli tibb üzrə, problem şurasının elmi katibi Dilzarə Ağayeva biologiya, problem şurasının sədr müavini, aqrar elmləri doktoru Mustafa Mustafayev isə aqrar elmlər üzrə dissertasiya mövzularını təqdim ediblər.

Akademik İradə Hüseynovanın rəhbərliyi ilə keçirilən müzakirələrdə Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının sədr müavini, AMEA-nın müxbir üzvü Nuru Bayramov, AMEA-nın müxbir üzvü İlham Şahmuradov, tibb elmləri doktoru, professor Adil Allahverdiyev, tibb elmləri doktoru, professor Eldar Qasımov, biologiya elmləri doktoru Aydın Əsgərov, biologiya elmləri doktoru Yaşar Feyziyev, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva, biologiya elmləri doktoru, professor Elman İsgəndər, fizika elmləri doktoru, professor Rövşən Xəlilov, biologiya elmləri doktoru, dosent Könül Baxşəliyeva, aqrar elmlər üzrə fəlsəfə doktoru Cavanşir Təlai, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Mirzə Musayev və başqaları iştirak ediblər.

Tibb seksiyasının üzvləri – AR Səhiyyə Nazirliyinin Milli Oftalmologiya Mərkəzinin aparıcı elmi işçisi, tibb elmləri doktoru, professor Nizami Bağırov, Azərbaycan Tibb Universitetinin kafedra müdiri, tibb elmləri doktoru, professor Tahir Suleymanov, Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun kafedra müdiri, tibb elmləri doktoru, professor Valeh Mirzəzadə, Azərbaycan Tibb Universitetinin müəllimi, tibb elmləri doktoru Şəymən Qədimova, Azərbaycan Tibb Universitetinin assistenti, tibb üzrə fəlsəfə doktoru Yasmin Rüstəmova, Azərbaycan Tibb Universitetinin professoru, tibb elmləri doktoru Emma Ağayeva və başqaları çıxış edərək tibb üzrə müzakirə edilən mövzulara öz münasibətlərini bildiriblər.

Müzakirələrin gedişində qarşıya çıxan suallara aydınlıq gətirmək üçün iddiaçılar “Zoom” proqramı üzərindən iclasa qoşulublar.

Tibb üzrə müzakirəyə çıxarılmış 13, biologiya üzrə 6, aqrar elmlər üzrə 13 iş müsbət qiymətləndirilərək (bəzi mövzuların adında dəyişikliklər edilməklə) qəbul olunub, digər mövzular təkrar baxılmaq üçün geri qaytarılıb.

science.gov.az