İyulun 5-də “Sağlamlıq elmləri və innovasiyalar” mövzusunda IV beynəlxalq konqres (Uluslararası Sağlık Bilimleri ve İnovasyon Kongresi) öz işinə başlayıb.
İki gün davam edəcək onlayn tədbirin təşkilatçıları Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD), AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və bölmənin strukturunda fəaliyyət göstərən Molekulyar Biologiya və Biotexnologiyalar, akademik Abdulla Qarayev adına Fiziologiya və Genetik Ehtiyatlar institutlarıdır.
Konqresin fəxri sədri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, sədri AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovadır. Elmi-təşkilat komitəsinə akademik Cəmil Əliyev, akademik Əhliman Əmiraslanov və digər tanınmış alimlər daxildir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ölkəmiz haqqında qısa videoçarx göstərilib.
İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun rəhbəri, Dr. Mustafa Letif Emek konqresi giriş sözü ilə açaraq sözü konfransın sədri, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovaya verib.
Akademik İradə Hüseynova iştirakçıları və qonaqları konqresin fəxri sədri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin adından salamlayıb. O, konqresin 18 ölkəni təmsil edən 300-dən çox alim və mütəxəssisi bir araya gətirən, pandemiya şəraitində keçirilən növbəti mühüm onlayn tədbirlərdən olduğunu vurğulayıb. Akademik İradə Hüseynova qeyd edib ki, yeni növ koronavirus pandemiyası müasir tibb elmini və səhiyyə sistemini çətin sınağa çəkərək onun zəif cəhətlərini, inkişafa ehtiyacı olan istiqamətlərini və ciddi surətdə nəzərdən keçirilməli bir çox problemlərini, xüsusən biotəhlükəsizliklə birbaşa əlaqəli amillərə diqqət yetirilməsinin zəruriliyi məsələsini aşkara çıxarıb.
Konqresin sədri müasir tibbin qarşısında duran ən mühüm istiqamətlərdən bəhs edərək, ilk növbədə ekspress və dəqiq diaqnostikaya imkan verən metodikaların, həmçinin bu metodikaların reallaşdırıldığı cihaz və aparatların yaradılması və təkmilləşdirilməsinin önəminə toxunub.
O, ölkədə mövcud vəziyyət və müvafiq tədqiqatlardan danışaraq, əhalinin sağlamlığının, tibb elminin və səhiyyənin inkişafının hər zaman müstəqil Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindən biri olduğunu deyib.
İ.Hüseynova AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) tibbə və biotibbə aid elmi istiqamətlərinin dünyada gedən tendensiyaları əhatə etməklə müəyyənləşdirildiyini bildirib. Qeyd edib ki, patologiyaların molekulyar səviyyədə tədqiqi, genomiks və proteomiks, irsi xəstəliklərin prenatal və neonatal təyini, bitki ekspressiya sistemlərindən istifadə etməklə əczaçılıq məhsullarının alınma texnologiyasının və dərman preparatlarının işlənib hazırlanması, kök hüceyrə texnologiyaları, uzunömürlülüyün və neyrodegenerativ xəstəliklərin fizioloji və molekulyar-genetik tədqiqi, nüvə tibbi, elektron tibb, yeni müalicə üsullarının araşdırılması və s. məsələlər həmin istiqamətlər arasında xüsusi yer tutur.
AMEA-nın vitse-prezidenti bugünkü tədbirin elmi ictimaiyyətin bir virtual məkanda toplanması, tədqiqat nəticələrinin yayılması, yeni elmi istiqamətlərin təbliği, gənc alim və mütəxəssislərin təcrübə toplaması, elmi əməkdaşlıq əlaqələrinin gücləndirilməsi baxımından böyük əhəmiyyətə malik olduğunu deyib. O, konqresdə dinləniləcək yüzlərlə məruzə və aparılacaq ciddi müzakirələrin elmi dairələrdə böyük maraq doğuracağına, tədbirin tibb elminin inkişafına real töhfələr verəcəyinə əminliyini ifadə edib.
Sonra Milli Məclisinin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxış edərək müasir dövrdə tibb elminin qabaqcıl innovativ texnologiyaların tətbiqi ilə ürək damar patologiyaları, onkoloji xəstəliklər, yoluxucu xəstəliklər, stomatologiya, orqan köçürülməsi, yeni nəsil dərman preparatlarının hazırlanması sahələrində mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb.
Akademik tibb sahəsində əldə edilən uğurların əsas səbəblərindən birinin elmi tədqiqatlar arasında mövcud olan məsafə uzaqlığının getdikcə aradan qalxması ilə bağlı olduğunu bildirib, fundamental elmi tədqiqatlar nəticəsində qazanılan elmi nailiyyətlərin qısa bir müddətdə tibbi təcrübə səviyyəsinə çatdığını vurğulayıb. Komitə sədri gələcəkdə, xüsusilə nanotibb, bio-materiallar, süni intellektin tətbiqi, teletibbin inkişafı, kök hüceyrələrinin daha müasir səviyyədə istifadə olunması ilə praktik təbabətdə böyük uğurlara imza atılacağına əminliyini bildirib.
Alim tibbdə innovativ texnologiyalara həsr olunmuş konqresin proqramında tibbin və səhiyyənin, insan sağlamlığının bütün sahələrini əhatə edən əhəmiyyətli mövzulara həsr olunmuş məruzələrin yer aldığını deyərək, bugünkü tədbirdə bütün dünyadan sahə üzrə mütəxəsisslərin iştirak etdiyini diqqətə çatdırıb, konqresin praktik sahəyə öz töhfəsini verəcəyinə inamını bildirib.
Tədbirdə çıxış edən akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova müasir dövrdə elmi fəaliyyətin məzmununda, tədqiqat metodlarında və alınan nəticələrin tətbiq texnologiyaları və istifadə üsullarında mütərəqqi xarakterli yeniliklərin tələb olunduğunu söyləyib. Qeyd edib ki, tibb elmində innovativ inkişaf insan sağlamlığının təmin edilməsini, o cümlədən sosial əhəmiyyətli məsələlərlə mübarizədə multidissiplinar yanaşmaların, innovativ diaqnostika və müalicə üsullarının işlənib hazırlanmasını nəzərdə tutur.
Alimin sözlərinə görə, son illər rəhbərlik etdiyi institutda aparılan tədqiqatlarda innovativ yanaşmaların tətbiqi qısa zaman ərzində qurumda beynəlxalq səviyyədə nailiyyətlərin əldə olunmasına imkan verib. Fiziologiya İnstitutunun BMT Malta Beynəlxalq Qocalma İnstitutunun region üzrə təmsilçisi olduğunu deyən U.Həşimova burada həyata keçirilən innovativ xarakterli layihələrdən bəhs edib. Bildirib ki, bütün istiqamətlər üzrə aparılan tədqiqatların nəticələri bugünkü konqresdə əməkdaşlar tərəfindən məruzələrlə təqdim olunacaq.
Daha sonra İKSAD-ın sədri Mustafa Latif Emek çıxış edərək konfrans iştirakçılarına uğurlar arzulayıb. Azərbaycan və Türkiyə arasında bir çox sahələrdə olduğu kimi, elm sahəsində də geniş əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirən M.L.Emek İKSAD-ın hər il Türkiyədə və dünyanın bir sıra digər ölkələrində müxtəlif elmi mövzulara həsr edilmiş beynəlxalq konfrans və simpoziumlar təşkil etdiyini diqqətə çatdırıb. O, bu günədək biologiya və tibb elmləri istiqaməti üzrə 3 beynəlxalq tədbirin dünyanın bir sıra ölkələrinin iştirakı ilə Türkiyədə böyük müvəffəqiyyətlə keçirildiyini vurğulayıb.
Sonra İKSAD-ın Azərbaycan üzrə baş təmsilçisi Əlvan Cəfərov tərəfindən konqresin komitəsinin üzvləri – fəxri sədr, akademik Ramiz Mehdiyev, sədr, akademik İradə Hüseynova və BTEB-in elmi katibi Afiq Məmmədova konqresin təşkil olunmasında göstərdikləri dəstəyə görə Təltifnamələr (plaketlər) təqdim edilib.
Daha sonra beynəlxalq konqres işini seksiya iclasları ilə davam etdirib.