sa sa 1237
Biologiya və Tibb Elmləri Bölməsinin onlayn Ümumi yığıncağı keçirilib İyl 09, 2021 | 10:58 / Konfranslar, iclaslar

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) onlayn Ümumi yığıncağı keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, BTEB-in Elmi şurasının sədri, akademik İradə Hüseynova açaraq ilk növbədə bölmənin üzvləri, AMEA-nın müxbir üzvü Rafiq Qasımovu 90 illik, AMEA-nın müxbir üzvü Maqsud Qurbanovu isə 80 illik yubileyləri ilə bağlı bir daha təbrik edib, onların AMEA-nın və BTEB-in Fəxri fərmanları ilə təltif olunduqlarını bildirib.

Sonra natiq yığıncaq iştirakçılarını gündəlikdə duran məsələlərlə tanış edib.

Birinci məsələ ilə bağlı akademik İradə Hüseynova çıxış edərək Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər və Enerji təminatı məsələləri üzrə işçi qruplarının 6 iyul 2021-ci il tarixində Ağdam şəhərində keçirilmiş birgə görüşü haqqında məlumat verib. O, həmin görüşdə özünün və AMEA Mərkəzi Nəbatat Bağının direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyevin iştirak etdiyini bildirib.

Gündəlikdə duran ikinci məsələ bölmənin 5 institutunun (Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Genetik Ehtiyatlar İnstitutu, Dendrologiya İnstitutu, akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu, Mikrobiologiya İnstitutu) baş direktorlarının seçkiləri ilə bağlı olub. Akademik İradə Hüseynova qeyd edib ki, AMEA prezidentinin təqdimatlarına və AMEA Rəyasət Heyətinin 8 yanvar 2021-ci il tarixli qərarına müvafiq olaraq, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru vəzifəsinə akademik İradə Hüseynovanın, Genetik Ehtiyatlar İnstitutunun baş direktoru vəzifəsinə AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun, Dendrologiya İnstitutunun baş direktoru vəzifəsinə AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun, akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru vəzifəsinə biologiya elmləri doktoru, professor Ulduz Həşimovanın, Mikrobiologiya İnstitutunun baş direktoru vəzifəsinə isə AMEA-nın müxbir üzvü Pənah Muradovun namizədliyi irəli sürülür.

Daha sonra hər bir namizəd özünün həyat yolu, elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı yığıncaq iştirakçılarını məlumatlandırıb.

Sonra aparılan müzakirələrdə akademiklər Tariyel Talıbov və Məmməd Salmanov, AMEA-nın müxbir üzvləri Rafiq Qasımov, Novruz Quliyev, Maqsud Qurbanov, Nuru Bayramov və başqaları çıxış edərək institutların baş direktorluğuna namizədlərin elmi və elmi-təşkilati fəaliyyətlərini yüksək qiymətləndiriblər.

Ayrı-ayrılıqda keçirilən səsvermələrlə akademik İradə Hüseynova, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov, biologiya elmləri doktoru, professor Ulduz Həşimova, AMEA-nın müxbir üzvü Pənah Muradov müvafiq institutların baş direktoru vəzifələrinə seçiliblər və seçkilərin nəticələrinin təsdiqi üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul olunub.

Sonra gündəlikdəki digər məsələlərin müzakirəsi aparılıb.

AMEA Botanika İnstitutunun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, dosent Xuraman Xəlilovanın 65 illiyi haqqında qərar qəbul edilib.

Ümumi yığıncağın sonunda bölmənin fəaliyyəti ilə bağlı digər məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul olunub.

science.gov.az