sa sa 1283
Rəyasət Heyətinin iclasında Prezident İlham Əliyevin İƏT-in Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısındakı çıxışından irəli gələn vəzifələr müzakirə olunub + Foto İyl 12, 2021 | 08:53 / Konfranslar, iclaslar

İyulun 9-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının rəhbəri və aidiyyəti şəxslər iştirak ediblər.

Yığıncağı giriş sözü ilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açıb.

Sonra AMEA-nın akademik-katibi, akademik Arif Həşimov gündəlikdə duran elmi-təşkilati məsələlər barədə məlumat verib.

Əvvəlcə AMEA-nın müxbir üzvü Rafiq Qasımova 90 illik yubileyi münasibətilə Akademiyanın Fəxri fərmanı təqdim olunub.

İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısındakı çıxışından irəli gələn vəzifələr müzakirə edilib. Bildirilib ki, cənab Prezident Zirvə toplantısındakı çıxışında Azərbaycanın Vətən müharibəsindəki şanlı qələbəsindən bəhs edib, İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın hərbi təcavüzü ilə bağlı Azərbaycanın ədalətli mövqeyini mütəmadi dəstəkləməsini yüksək qiymətləndirib. Həmçinin qeyd olunub ki, Prezident İlham Əliyev Zirvə toplantısındakı çıxışında ölkəmizin elmi və texnoloji potensialının gücləndirilməsinin başlıca prioritetlərdən olduğunu söyləyib, Azərbaycanın 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcəyini bildirib. Diqqətə çatdırılıb ki, respublikamızın növbəti onillik üçün sosial-iqtisadi inkişafına dair milli prioritetləri sırasında rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılması, innovasiyaların və startap ekosistemlərinin inkişafı ilə bağlı əməli addımların atılması kimi mühüm məsələlər də ölkə başçısının niqtində yer alıb.

Qeyd olunanları nəzərə alaraq AMEA Rəyasət Heyəti müvafiq qərar qəbul edib. Qərarda AMEA-nın elmi müəssisə və təşkilatlarının öz fəaliyyətlərində Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısındakı çıxışından irəli gələn vəzifələri rəhbər tutması, Akademiyanın 2023-cü ildə ölkəmizdə keçiriləcək Beynəlxalq Astronavtika Konqresində yaxından iştirakı, eləcə də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də AMEA-nın vəzifələrinin müəyyənləşdirilərək icrasının təmin edilməsi qərara alınıb.

Tədbirdə, o cümlədən “Azərbaycan Respublikasında 2022-2030-cu illərdə elmin dayanıqlı inkişafı üzrə Milli Strategiya”nın hazırlanması, həmçinin Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə əməkdaşlığa dair materialların arxivləşdirilməsi haqqında məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

İclasda müzakirə olunan növbəti məsələ AMEA-nın elmi müəssisə və təşkilatlarında maliyyə-təsərrüfat və inzibati-idarəçilik fəaliyyətinin mövcud vəziyyəti haqqında olub. Məsələ ilə bağlı arayışı mövcud vəziyyətin qiymətləndirilməsi üçün yaradılmış Komissiyanın sədri, AMEA Rəyasət Heyəti aparatının rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Seyfəl Həsənov təqdim edib.

Daha sonra kadr məsələlərinə baxılıb. Akademik Akif Əlizadə Geologiya və Geofizika İnstitutunun, akademik Fəxrəddin Qədirov Neft və Qaz İnstitutunun, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Respublika Seysmoloji Xidmət Mərkəzinin, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatov Rəyasət Heyətinin nəzdində Təbiət Tarixi Muzeyinin, akademik İradə Hüseynova Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Genetik Ehtiyatlar İnstitutunun, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov Dendrologiya İnstitutunun, AMEA-nın müxbir üzvü Pənah Muradov Mikrobiologiya İnstitutunun və biologiya elmləri doktoru, professor Ulduz Həşimova akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru vəzifələrinə təsdiqləniblər.

Bundan əlavə, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Riyaziyyat, Mexanika və Tətbiqi Tədqiqatlar İnstitutu adlandırılması haqqında AR Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmasına dair qərar qəbul olunub. Həmçinin akademik Möhsün Nağısoylunun 75, akademik Hacıbəy Sultanov və AMEA-nın müxbir üzvü Kərim Kərimovun 100, akademik Firuz Məlikovun isə 120 illik yubileyinin keçirilməsi haqqında qərar verilib.

Müzakirə olunan məsələlər ətrafında akademiklər İsa Həbibbəyli, İbrahim Quliyev, Rasim Əliquliyev, İradə Hüseynova, Arif Həşimov, Adil Qəribov və Fikrət Əliyev çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

science.gov.az