sa sa 398
Sinqapurda çalışan azərbaycanlı alimin onlayn elmi seminarı keçirilib + Foto İyl 14, 2021 | 14:07 / Seminarlar

İyulun 13-də Sinqapur Elm, Texnologiya və Tədqiqat Agentliyinin Molekulyar və Hüceyrə Biologiyası İnstitutunun tədqiqatçı alimi, b.ü.f.d. Nailə Omar Xəyyam Əliyevanın “Regenerasiya tədqiqatlarına giriş (Insights into Regeneration Studies)” mövzusunda “Zoom” platforması vasitəsilə onlayn elmi seminarı keçirilib. Seminarda AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar (MBBİ), akademik Abdulla Qarayev adına Fiziologiya, Mikrobiologiya, Genetik Ehtiyatlar institutlarının, Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin və İran İslam Respublikasının Marağa Universitetinin təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova qeyd edib ki, hələ 90-ci illərin sonlarından başlayaraq xarici ölkələrin nüfuzlu elmi müəssisələrində çalşan azərbaycanlı alimlərin iştirakı ilə elmi seminarların təşkil olunması bir ənənə halını alıb. Son illərdə ADA Universitetinin rektoru, professor Hafiz Paşayevin təşəbbüsü və rəhbərliyi ilə Kembric Universitetinin (Birləşmiş Krallıq) Molekulyar biologiya laboratoriyasının Hesablama struktur biologiyası qrupunun rəhbəri, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının müdiri, professor Qərib Mürşüdov və Rusiya Elmlər Akademiyasının Bitki Fiziologiyası İnstitutunun (Moskva) laboratoriya rəhbəri, Biologiyanın Fundamental Problemləri  İnstitutunun baş elmi işçisi, Moskva Dövlət Universitetinin professoru, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiya beynəlxalq laboratoriyasınin rəhbəri, b.e.d. Süleyman Allahverdiyev tərəfindən ADA Universitetində, eləcə də digər elm və təhsil müəssisələrində verilən seminarlar Azərbaycanın elmi ictimaiyyətinin böyük marağına səbəb olub. Alim qeyd edib ki, bugünkü seminar da həmin ənənənin davamıdır.

Daha sonra akademik İradə Hüseynova həmyerlimizin elmi fəaliyyəti haqqında seminar iştirakçılarını məlumatlandırıb. O bildirib ki, Nailə Əliyeva 1992-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetini bitirib, 1999-cu ildə isə N.N.Bloxin adına Xərçəng Elmi Tədqiqat Mərkəzində biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Daha sonra tədqiqatlarını Moskva Dövlət Universitetində, ABŞ-ın Florida və Texas universitetlərində davam etdirən alim hazırda Sinqapur Elm, Texnologiya və Tədqiqat Agentliyinin Molekulyar və Hüceyrə Biologiyası İnstitutunda çalışır.

Akademik İradə Hüseynova sözü Nailə Əliyevaya verib. Nailə Əliyeva qeyd edib ki, Azərbaycan diasporunun bütün nümayəndələri kimi o da vətənində baş verən bütün mühüm hadisələrlə, təhsilin səviyyəsi, elmin inkişafı, təhsilə və elmə qızların cəlb edilməsi məsələləri ilə maraqlanır. Xüsusilə, Azərbaycan xalqının apardığı 44 günlük Vətən müharibəsi dövründə vətəndən uzaqda olan bütün azərbaycanlılar baş verən prosesləri çox diqqətlə izləyiblər. Alim bildirib ki, indiki silahlarla aparılan müharibələrdə insanların aldığı yaralar daha təhlükəli olur və bu baxımdan da onun regenerasiya sahəsindəki tədqiqatları aktualdır.

Sonra Nailə Əliyeva 60-dan çox alim və mütəxəssisin iştirak etdiyi seminarda elmi məruzə ilə çıxış edib.

Natiq öz çıxışında adi ilanbalığında (minoqa) regenerasiya və funksional bərpa prosesini dəstəkləyən molekulyar mexanizmlər və bu mexanizmlərin zamanla necə dəyişməsi barədə öz tədqiqat işlərini və alınmış mühüm nəticələri təqdim edib. Bundan əlavə, məruzədə onurğa beyinin zədələnməsindən sonra minoqada müəyyən genlərin ekspresiyası və transkript profillərinin təyin edilməsi, regenerasiya ilə əlaqəli genlərin müvəqqəti ekspressiya edilməsi halları barədə məlumat verib. Alim vurğulayıb ki, regenerasiya tədqiqatları mexanobiologiyadakı nailiyyətlərin əsas benefisiarıdır.

Böyük maraqla qarşılanan elmi məruzədən sonra Nailə Əliyeva akademik İradə Hüseynovanın, MBBİ-nin əməkdaşları – elmi işlər üzrə direktor müavini, b.ü.f.d. Ələmdar Məmmədovun, Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının kiçik elmi işçisi Güman Qarayevin, aparıcı elmi işçi, b.ü.f.d. Samirə Rüstəmovanın, Bionanotexnologiya beynəlxalq laboratoriyasının müdiri, professor Süleyman Allahverdiyevin, Proteomiks beynəlxalq laboratoriyasının müdiri, b.ü.f.d. İsmayıl Zülfüqarovun, kiçik elmi işçi Səbinə Ömərovanın, akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əməkdaşları – institutun baş direktoru, b.e.d., professor Ulduz Həşimovanın, laboratoriya müdiri, b.e.d. Arif Mehdiyevin, aparıcı elmi işçi, t.ü.f.d. Aliya Qaysinanın, Nərmin Məmmədovanın, İran İslam Respublikasının Marağa Universitetinin professoru Əziz Eftexarinin və başqa alim və mütəxəssislərin çoxsaylı suallarını cavablandırıb, çıxış ətrafında ətraflı müzakirələr aparılıb.

Sonda akademik İradə Hüseynova seminarın Azərbaycan elmi üçün əhəmiyyətli bir hadisə olduğunu söyləyib, məruzəçiyə minnətdarlığını bildirib. O qeyd edib ki, tanınmış xarici elm mərkəzlərində çalışan azərbaycanlı alimlərlə, o cümlədən də Nailə Əliyeva ilə əməkdaşlıq Azərbaycan elminin dünya elminə inteqrasiyası yolunda əhəmiyyətli nailiyyətlər qazanmağa imkan verəcək.

science.gov.az