sa sa 1055
Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının 8-ci iclası keçirilib İyl 17, 2021 | 15:07 / Konfranslar, iclaslar

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının onlayn formatda 8-ci iclası keçirilib.

Şuranın Tibb seksiyası ilə birgə keçirilən iclası açan AMEA-nın vitse-prezidenti, problem şurasının sədri, akademik İradə Hüseynova gündəlikdə duran məsələlər barədə məlumat verib.

Daha sonra problem şurasının elmi katibi, biologiya elmləri doktoru, dosent Dilzarə Ağayeva dissertasiya mövzularının təsdiqi üçün 26 işin (tibb üzrə 20, biologiya üzrə 6) müzakirəyə çıxarıldığını bildirib. Tibb seksiyasının elmi katibi, tibb elmləri doktoru, dosent Rasim Cəfərli, seksiyanın üzvləri – tibb elmləri doktoru, dosent Emil İsgəndərov, tibb üzrə fəlsəfə doktoru Aynur Səfiyeva, tibb üzrə fəlsəfə doktoru Gülnaz Bədəlova tibb üzrə, dosent Dilzarə Ağayeva isə biologiya üzrə dissertasiya mövzularını təqdim ediblər.

Akademik İradə Hüseynovanın rəhbərliyi ilə keçirilən müzakirələrdə AMEA-nın müxbir üzvü Nuru Bayramov, professorlar Eldar Qasımov, Nizami Bağırov, tibb elmləri doktoru Əli Allahverdiyev, professorlar Səyyarə İbadullayeva, Elman İsgəndər, Rövşən Xəlilov, biologiya elmləri doktoru Süleyman Səftərov və başqaları iştirak ediblər.

Tibb seksiyasının üzvləri – professorlar Nizami Bağırov, Valeh Mirzəzadə, Cavanşir İsayev, Emma Ağayeva, Tahir Suleymanov, tibb elmləri doktorları Rasim Cəfərli, Şəymən Qədimova, Məlahət Sultanova, tibb üzrə fəlsəfə doktorları Yasmin Rüstəmova, Aynur Səfiyeva və başqaları çıxış edərək tibb üzrə müzakirə edilən mövzulara öz münasibətlərini bildiriblər.

Müzakirələrin gedişində qarşıya çıxan suallara aydınlıq gətirmək üçün iddiaçılar və müvafiq dissertasiya işlərinin elmi məsləhətçiləri və rəhbərləri “Zoom” proqramı üzərindən iclasa qoşulublar.

Tibb üzrə müzakirəyə çıxarılmış 19, biologiya üzrə 5 mövzu müsbət qiymətləndirilərək (bəzi mövzuların adında dəyişikliklər edilməklə) qəbul olunub, 2 iş təkrar baxılmaq üçün geri qaytarılıb.

science.gov.az