sa sa 59
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib Sen 10, 2021 | 10:20 / Konfranslar, iclaslar

Azərbaycan Milli Elmlər Akademiyası Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Ümumi yığıncağı keçirilib. Onlayn formada təşkil olunan yığıncağı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Birinci məsələ Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, Rusiya Elmlər Akademiyasının üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli, tibb elmləri doktoru, professor Adilə Əvəz qızı Namazovanın anadan olmasının 95 illiyinin qeyd edilməsi ilə bağlı olub.

Akademik İradə Hüseynova görkəmli pediatr alimin həyatının, elmi, elmi-təşkilati və pedaqoji fəaliyyətinin əsas məqamlarını, tibb elminə və təhsilinə verdiyi töhfələr haqqında məlumatları toplantı iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru, tibb üzrə fəlsəfə doktoru, dosent Rauf Bəylərov, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının professoru, tibb elmləri doktoru Surxay Musayev, AMEA-nın müxbir üzvü Arif Məmmədov, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov, AMEA-nın müxbir üzvü Rafiq Qasımov, akademik Məhərrəm Babayev, akademik Validə Əli-zadə, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, akademik Tariyel Talıbov, AMEA-nın müxbir üzvü Novruz Quliyev və b. akademik Adilə Namazova ilə bağlı xatirələrini danışıblar.

Çıxış edənlər qeyd ediblər ki, Adilə Namazova 1959-cu ildə SSRİ Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda tibb üzrə namizədlik, 1965-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının Pediatriya İnstitutunda doktorluq dissertasiyalarını müdafiə edib, 1967-ci ildə SSRİ-nin Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adını alıb. Alim 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, 1983-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, 1993-cü ildə Rusiya Tibb Elmləri Akademiyasının (2003-cü ildən Rusiya Elmlər Akademiyasının) həqiqi üzvü seçilib.

Akademik Adilə Namazova 1965-2020-ci illərdə Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının müdiri vəzifəsində çalışıb.

Tanınmış alimin elmi fəaliyyətinin əsas istiqamətini uşaqlarda kəskin revmatizm zamanı ürək-qan damar sisteminin funksional vəziyyətinin öyrənilməsi, anadangəlmə ürək qüsurlarının diaqnostikası, diferensial diaqnozu, belə qüsurlar zamanı cərrahi əməliyyata göstəriş və əksgöstərişin müəyyənləşdirilməsi problemləri, uşaqlar­da hipertoniya və hipotoniya xəstəliklərinin epidemiologiyasının, kliniki əla­mətlərinin xüsusiyyətlərinin, təzahür formalarının öyrənilməsi, profilaktika və müalicə üsullarının işlənib hazırlanması və səhiyyə praktikasına tətbiqi təşkil edib.

Akademik Adilə Namazova 500-ə yaxın elmi əsərin, 32 monoqrafiya, dərslik və dərs vəsaitinin, 5 ixtiranın müəllifi olub. Tanınmış alim çox sayda beynəlxalq konqres, qurultay və simpoziumlarda Azərbaycan pediatriya elmini ləyaqətlə təmsil edib. Akademik Adilə Namazovanın elmi rəhbərliyi və məsləhətçiliyi ilə tibb üzrə 72 fəlsəfə və 12 elmlər doktoru hazırlanıb.

Akademik Adilə Namazova son illər biotibbi etika problemləri sahəsində çalışaraq ilk dəfə (Azərbaycan və ingilis dillərində) sanballı əsər, tədris vəsaitləri, kitablar, universitet və kollec tələbələri üçün təhsil proqramı hazırlanıb.

Akademik Adilə Namazova “Səhiyyə əlaçısı” döş nişanına, Azərbaycan Respub­li­kasının Dövlət mükafatına, “Əməkdar elm xadimi” fəxri adına, AMEA-nın “Akademik Mirəsə­dulla Mirqasımov adına mükafatı”na layiq görülüb, Azərbaycan Respub­li­kasının “Şöhrət” və “Şərəf” ordenləri, “Akademik M.A.Topçu­başov Mühazirələri” Fəxri Diplomu, Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksey tərəfindən “Müqəddəs Çar Dmitri Ordeni”, “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu”, Rusiya Pediatrlar Birliyinin “Akademik G.Speranski” medalı və s. ilə təltif edilib.

Çıxışlara yekun vuran akademik İradə Hüseynova ulu öndərin və cənab Prezident İlham Əliyevin akademik Adilə Namazovanın bir tanınmış həkim və gözəl insan kimi şəxsi keyfiyyətlərinə, elmi, elmi-təşkilati və pedaqoji fəaliyyətinə verdikləri yüksək dəyərə diqqət çəkib. Natiq iclasda iştiraklarına görə Azərbaycan Tibb Universitetinin nümayəndələrinə öz təşəkkürlərini bildirib.

Akademik İradə Hüseynova çıxışının sonunda deyib ki, xeyirxah və alicənab insan, görkəmli təbib və gözəl alim Adilə Namazovanın parlaq xatirəsi onu tanıyanların qəlbində daima yaşayacaqdır.

Növbəti məsələ AMEA Rəyasət Heyətinin “Azərbaycan Respublikasında 2022-2030-cu illərdə elmin dayanıqlı inkişafı üzrə Milli Strategiya”nın hazırlanması haqqında” 9 iyul 2021-ci il tarixli 15/2 nömrəli qərarı bu mühüm qərarla bağlı bölmə institutlarının görməli olduqları işlərlə bağlı olub. Akademik İradə Hüseynova “Milli Strategiya”da əks ediləcək məsələlərlə bağlı təkliflərin verilməsində fəallıq göstərməyin vacibliyini qeyd edib.

Sonra akademik İradə Hüseynova 27 sentyabr Anım günü ilə bağlı BTEB-in institutlarında tədbirlərin planlaşdırılması haqqında məsələni müzakirəyə çıxarıb və lazımi tapşırıqlarını verib.

Akademik İradə Hüseynova daha sonra AMEA-nın müxbir üzvü Mahmud Abdullayevin 80 illik yubileyi və bununla əlaqədar AMEA Biologiya və Tibb Elmləri Bölməsinin Fəxri fərmanı ilə təltif edilməsi haqqında iclas iştirakçılarına məlumat verib.

AMEA Mərkəzi Nəbatat Bağının Elmi şurasının tərkibində qismən dəyişiklik edilməsi, BTEB-in işində fəal iştiraklarına görə AMEA Genetik Ehtiyatlar İnstitutunun şöbə müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Vəli Qarayevin və AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Sübahət İsgəndərovun bölmənin Fəxri fərmanı ilə təlrif edilmələri, həmçinin AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun doktorantı Fidan Hüseynovanın və AMEA Genetik Ehtiyatlar İnstitutunun doktorantı Səbinə Fərhadovanın Fransa Respublikasının Monpelye Universitetində tədqiqat müddətlərinin uzadılması, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi işçisi Güman Qarayevin Fransa Respublikasının Grenoble Politexnik İnstitutunda təhsil alması haqqında məsələlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Daha sonra bir sıra kadr məsələlərinə baxılıb. Aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Sultan Hüseynovanın AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi katibi vəzifəsinə, biologiya üzrə fəlsəfə doktoru, dosent Yusif Zeynalovun AMEA Mərkəzi Nəbatat Bağının Nadir və nəsli kəsilməkdə olan bitkilər laboratoriyasının müdiri vəzifəsinə təsdiq edilmələri ilə bağlı məsələlərə baxılaraq müsbət həll olunub.

İclasın sonunda Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının 3-cü nəşrinin hazırlanması, işğaldan azad edilmiş ərazilərin tədqiqi və bərpası istiqamətində aparılan işlərlə bağlı müzakirələr aparılıb, müvafiq tapşırıqlar verilib.

science.gov.az