sa sa 999
Cənubi Koreya alimləri: Azərbaycanlı alimin hazırladığı kokteyl peyvənd koronavirusun bütün variantlarına qarşı effektiv ola bilər Sen 13, 2021 | 16:32 / Mühüm hadisələr

AMEA-nın müxbir üzvü Tərlan Məmmədov: Azərbaycan dövləti tərəfindən COVID-19-a qarşı hazırladığımız, dünyada alternativi olmayan SARS-CoV-2-nin Nukleokapsid ve Spike proteinlərindən ibarət kokteyl peyvəndin istehsalına dəstək göstərilərsə ölkəmiz dünyada ilk dəfə olaraq COVID-19-a qarşı multigen, kokteyl peyvənd istehsal edən dövlət kimi tanına bilər”.

Cənubi Koreya alimlərinin nüfuzlu “Vaccines” jurnalında bu ilin sentyabrın 6-da dərc olunmuş icmal xarakterli məqaləsində Türkiyənin Səhiyyə Nazirliyinin Sağlamlıq İnstitutları Başkanlığının Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun COVID-19 əleyhinə kokteyl peyvəndi ilə bağlı geniş müzakirələrə yer ayrılıb.

Belə ki, “Bitki əsaslı COVID-19 vaksinləri: peyvənd namizədlərinin hazırkı vəziyyəti, quruluşu və inkişaf strategiyaları” (Plant-Based COVID-19 Vaccines: Current Status, Design, and Development Strategies of Candidate Vaccines) adlı icmal-məqalədə bildirilir ki, “Türkiyənin Akdeniz Universitetindən olan tədqiqatçılar tütün bitkisində S1 zülalını, RBD və N zülalını ekspresiya edərək immunogenliyi öyrəniblər. Tədqiqatçılar qrupu ilk dəfə olaraq N antigenlərini tək və ya S1 va RBD domein antigenleri ilə birlikdə istehsal (sintez) edib, halbuki əksər bitki mənşəli peyvənd istehsalçıları antigen olaraq RBD, S1 protein və S zülalını hədəf alırlar”.

İcmal-məqalədə, həmçinin qeyd olunur ki, T.Məmmədovun rəhbərlik etdiyi komandanın hazırladığı N+RBD kokteyl peyvəndi koronavirusun delta variantı da daxil olmaqla, bütün ortaya çıxan variantlara qarşı çox effektiv ola bilər, çünki bütün ortaya çıxan variantlarda “Nukleokapsid proteinin ardıcıllığı daha çox qorunub saxlanılır. Bildirilir ki, N kokteyl əsaslı peyvənd yanaşması, SARS-CoV-2 mutasiyalarının qlobal şəkildə ortaya çıxması və variantlara qarşı mövcud peyvəndlərin effektivliyinin azalması ilə tələb olunan mövcud S protein əsaslı vaksinləri tamamlayan yeni nəsil COVID-19 peyvəndlərinin hazırlanması üçün tətbiq oluna bilər.

Bu barədə açıqlama verən T.Məmmədov COVID-19-a qarşı hazırladığı peyvəndin dünyada alternativi olmadığını, multi antigenlərdən ibarət yeganə vaksin olduğunu vurğulayıb. T.Məmmədov bildirib ki bu texnologiya ilə əlaqəli patent üçün birbaşa ABŞ patent ofisinə 2020-ci ildə müraciət olunub və məqalə BioRxiv jurnalında dərc edilib.

T.Məmmədov bildirib ki, hələ 2020-ci ildə apardığımız bioinformativ analizlər zamanı müəyyən etdik ki, SARS-CoV-2-nin Spike proteinində az mutasiyalar getsə də, Nukleokapsid proteinin ardıcıllığı daha çox qorunub saxlanılır: "Bu səbəbdən onların hər ikisinin qarışığından ibarət N+RBD kokteyl peyvəndinin hazırlanmasına qərar verdik”.

Alimin sözlərinə görə, 1 kq bitkidən 25 milliqrama qədər, başqa sözlə 5 min insana kifayət edəcək qədər kokteyl peyvənd hazırlanması üçün texnologiyaya malikdirlər.

“Tez bir zamanda dövlət dəstəyi, və ya özəl təşkilatların dəstəyi olarsa COVID-19-a qarşı bu kokteyl peyvəndi istehsal etməyə hazırıq. Azərbaycan dövləti tərəfindən dəstək göstərilərsə ölkəmiz dünyada SARS-CoV-2 virusuna qarşı ilk dəfə olaraq multigen tipli peyvənd istehsal edən dövlət kimi tanına bilər”, - deyə T.Məmmədov bildirib.

Qeyd edək ki, “Vaccines” jurnalının impakt faktoru 4.422-yə bərabərdir.

aztibb.az