sa sa 69
Türkiyənin Dokuz Eylül Universiteti və AMEA-nın birgə təşkilatçılığı ilə ikitərəfli beynəlxalq onlayn elmi seminar keçirilib + Foto Noy 19, 2021 | 20:00 / Konfranslar, iclaslar

19 noyabr 2021-ci il tarixində Türkiyənin Dokuz Eylül Universiteti (DEU) və AMEA-nın birgə təşkilatçılığı ilə 5 elm sahəsini (biologiya, kimya, fizika, riyaziyyat, kompüter elmləri) əhatə edən ikitərəfli beynəlxalq onlayn elmi seminar keçirilib.

“Zoom” platforması üzərindən baş tutan tədbirin açılış mərasimində çıxış edən DEU-nun Fənn fakültəsinin dekanı, professor Aylin Alın tarix boyu Türkiyə və Azərbaycan arasında mövcud olan sarsılmaz dostluq və qardaşlıq münasibətlərindən danışıb, bu əlaqələrin bütün istiqamətlər üzrə əldə olunan nailiyyətlərdə özünü büruzə verdiyini diqqətə çatdırıb.

Professor Aylin Alın elmi seminarın Azərbaycan və Türkiyə arasında elmi əlaqələrin möhkəmləndirilməsi, birgə tədqiqatların aparılması, elmi problemlərin müzakirəsi baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib, tədbirin işinə uğurlar arzulayıb.

Daha sonra elmi seminarın fəxri sədri, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək AMEA-nın dünyanın bir çox ali məktəbləri, xüsusilə Türkiyə universitetləri ilə mövcud olan geniş əməkdaşlıq əlaqələri barədə məlumat verib. Türkiyənin bütün istiqamətlərdə hər zaman Azərbaycanın yanında olduğunu qeyd edən AMEA-nın vitse-prezidenti bildirib ki, İkinci Qarabağ müharibəsinin ilk günündən bu günə kimi Türkiyə Respublikasının Prezidenti bütün dünyaya mesajları, birmənalı və sərt açıqlamaları ilə Azərbaycana əlavə güc vermiş, bu addım qardaşlığımızın əbədiliyinin daha bir təzahürü olmuşdur.

Azərbaycan və Türkiyə alimlərinin dünya miqyasında elmi tədqiqatlar aparmaq potensialına malik olduğunu deyən akademik İsa Həbibbəyli biologiya, kimya, fizika, riyaziyyat, kompüter elmləri sahələrini əhatə edən bugünkü ikitərəfli elmi seminarda müzakirə olunan mövzular üzrə yüksək nəticələrin əldə olunacağına əminliyini ifadə edib.

O, elmi seminarın bir neçə il öncə DEU ilə AMEA arasında imzalanmış birgə əməkdaşlığa dair protokolun icrası istiqamətində atılan ilk addım olduğunu bildirib.

Vitse-prezident iki ölkə qarşısında yeni üfüqlər açan, yeni vəzifələr qoyan elmi seminarın Azərbaycan və Türkiyə arasında min illər ərzində davam edən qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi və genişləndirilməsinə elmi dəstək göstərəcəyini, birgə layihələrin həyata keçirilməsinə töhfələr verəcəyini vurğulayıb.

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova tədbirin Azərbaycan və türk dünyası üçün əlamətdar bir dövrə - işğalçı Ermənistan üzərində qazanılmış tarixi Zəfərin birinci ildönümü günlərinə təsadüf etdiyini deyib. O, Qələbənin əsas təməl daşlarından birinin Türkiyə dövləti və xalqının Azərbaycanın haqq işinə mənəvi dəstəyi olduğunu vurğulayıb.

Akademik İradə Hüseynovanın sözlərinə görə, türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycan arasındakı müttəfiqlik münasibətlərini yeni səviyyəyə qaldırmış, həmçinin elmi əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə zəmin yaratmışdır: “Bu əsasda Türkiyənin elm və təhsil müəssisələri ilə birgə bir neçə mühüm beynəlxalq və regional tədbir gerçəkləşdirilmişdir. Müvafiq tədqiqatların inkişafına töhfələr vermək, onlardan alınmış mühüm nəticələri bölüşmək və fikir mübadiləsi aparmaq, eyni zamanda gələcək əməkdaşlığa təkan vermək bu tədbirlərin ana xəttini təşkil etmişdir”.

Son illərdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə bu elm məbədində elmi fəaliyyətin səmərəliliyini artırmağa imkan verən islahatlar aparıldığını deyən İradə Hüseynova AMEA-da dünya elminin əsas inkişaf tendensiyaları nəzərə alınmaqla prioritet istiqamətlərin yenilənməsi, ölkə üzrə elmi tədqiqatların yeni inkişaf strategiyasının hazırlanmasına dair mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti qeyd edib ki, bu gün canlı həyatın və ətraf-mühitin öyrənilməsinə ən müasir elmi-texnoloji yanaşmaların tətbiqi, informasiya texnologiyaları, fiziki, kimyəvi və bioloji proseslərin modern riyazi və kompüter modelləşdirmələri, maşınöyrənmə və süni intellekt, molekulyar biologiya, gen redaktəsi, bio və nanotexnologiyalar, mikro- və neyrobiologiya, eləcə də digər sahələrdə tədqiqatların daha da dərinləşdirilməsi dövrün tələbidir. Akademik İradə Hüseynova əlavə edib ki, iki qardaş ölkənin alimlərinin fəal iştirakı həm dövlətlərimizin inkişafı, həm də dünya elminə mühüm töhfələr verilməsində birgə fəaliyyətlərin səmərəliliyi baxımından olduqca vacibdir.

“Qələbənin əsas təməl daşlarından biri Türkiyə dövləti və xalqının Azərbaycanın haqq işinə mənəvi dəstəyi olmuşdur”, - deyə alim bildirib.

Akademik İradə Hüseynova seminarın bir sıra yeni elmi əməkdaşlıq əlaqələrinin qurulmasına və elm qarşısında duran aktual problemlərin həllinə istiqamətlənmiş birgə tədqiqatların aparılmasına ciddi təkan verəcəyinə inamını ifadə edib, tədbirin işinə uğurlar arzulayıb.

Daha sonra çıxış edən DEU-nun rektor köməkçisi Uğur Malayoğlu Türkiyə və Azərbaycanın sarsılmaz ortaq dəyərlərə malik olduğunu bildirib, ölkələrimiz arasındakı münasibətlərin dəfələrlə tarixin ağır sınaqlarından uğurla keçdiyini diqqətə çatdırıb. O, elmi seminarda təqdim edilən məruzələrin biologiya, kimya, fizika, riyaziyyat, kompüter elmləri istiqamətləri üzrə mühüm perspektiv vəzifələrin həyata keçirilməsində böyük rola malik olduğunu vurğulayıb, tədbirin iki ölkə arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Sonra tədbirdə biologiya, kimya, fizika, riyaziyyat, kompüter elmləri sahələrinin hər biri üzrə 2 məruzə AMEA-dan, 2 məruzə DEU-dan olmaqla 4 məruzə, ümumilikdə 20 məruzə dinlənilib.

Qeyd edək ki, elmi seminarın sədrləri DEU-nun Fənn fakültəsinin dekanı, professor Aylin Alın və AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovadır. Fəxri sədrləri isə DEU-nun rektoru, professor Nüket Hotar və AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylidir.

science.gov.az