sa sa 961
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib Noy 24, 2021 | 10:52 / Konfranslar, iclaslar

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının Ümumi yığıncağı keçirilib.

Yığıncağı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik İradə Hüseynova iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Akademik iştirakçılara 8-10 noyabr 2021-ci il tarixlərində AMEA-nın təşkilatçılığı ilə Zəfər Günü və şəhidlərin xatirəsinə həsr edilmiş II beynəlxalq Qarabağ – Tətbiqi Elmlər Konqresi, eləcə də AMEA ilə Türkiyənin 9 Eylül Universitetinin 19 noyabr tarixində birgə təşkil etdikləri elmi seminar, Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya, aqrar və tibb elmləri üzrə Problem Şurasının son iclasları barədə məlumat verib.

Sonra gündəlikdə duran məsələlər müzakirə olunub.

Müzakirəyə çıxarılan birinci məsələ AMEA-nın Mərkəzi Nəbatat Bağının baş direktoru vəzifəsinə seçkilərin keçirilməsi olub. Akademik İradə Hüseynova bildirib ki, AMEA prezidentinin təqdimatına və AMEA Rəyasət Heyətinin 8 yanvar 2021-ci il tarixli qərarına müvafiq olaraq, adıçəkilən vəzifəyə Natiq Allahverdiyevin namizədliyi irəli sürülür.

Akademik İradə Hüseynova namizədin həyat yolu, elmi-təşkilati fəaliyyəti ilə bağlı yığıncaq iştirakçılarını məlumatlandırıb. O qeyd edib ki, AMEA Mərkəzi Nəbatat Bağının direktoru vəzifəsini icra edən Natiq Allahverdiyev 1988-1991-ci illərdə Naxçıvan MR Sovxoz texnikumunda “Aqronom” ixtisası üzrə təhsil alıb, 2004-cü ildə Azərbaycan Beynəlxalq Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin bakalavr, 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin magistr pillələrini fərqlənmə diplomları ilə bitirib. 1995-2001-ci illərdə Biologiya Elminin Yeni Sahələrinin İnkişafı Fondunda İşlər müdiri, 2002-ci ildə AR İqtisadi İnkişaf Nazirliyinin Nəsimi rayon şöbəsində mütəxəssis, baş mütəxəssis, 2002-2005-ci illərdə həmin nazirliyin Səbail rayon şöbəsində müdir müavini, müdir əvəzi, şöbə müdiri, 2005-2008-ci illərdə Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin 1 saylı Regional şöbəsində baş mütəxəssis, 2008-2016-cı illərdə AMEA-nın Botanika İnstitutunda, 2016-2020-ci illərdə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda ümumi işlər üzrə direktor müavini (2021-ci ildən 0,5 ş. v. əvəzçiliklə), 2020-2021-ci illərdə AMEA-nın Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri, AMEA Rəyasət Heyəti İşlər müdirinin müavini vəzifələrində çalışıb. Natiq Allahverdiyev AMEA-nın Botanika və Molekulyar Biologiya və Biotexnologiyalar institutlarında çalışdığı müddətdə özünü bacarıqlı və yaxşı təşkilatçılıq qabiliyyətinə malik əməkdaş kimi göstərib, ona verilən bütün tapşırıqları keyfiyyətlə yerinə yetirib.

Sonra aparılan müzakirələrdə akademiklər - Qərib Məmmədov, Tariyel Talıbov, AMEA-nın müxbir üzvləri - Elşad Qurbanov, İbrahim Cəfərov, İbrahim Əzizov, Zeynal Əkpərov və başqaları çıxış edərək Natiq Allahverdiyevin təşkilatçılıq bacarıqlarını, qısa müddətdə AMEA-nın Mərkəzi Nəbatat Bağında apardığı fəaliyyətləri yüksək qiymətləndiriblər.

Daha sonra Natiq Allahverdiyev açıq səsvermə yolu ilə AMEA-nın Mərkəzi Nəbatat Bağının baş direktoru vəzifəsinə seçilib və təsdiq edilməsi üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul olunub.

Sonra AMEA-nın Mərkəzi Nəbatat Bağının strukturunda Sənədlərlə iş şöbəsinin yaradılması məsələsinə də baxılıb və müsbət qərar verilib.

Daha sonra akademik İradə Hüseynova 25-27 noyabr 2021-ci il tarixlərində Rusiya Elmlər Akademiyasının nümayəndə heyətinin Bakıya səfəri, 2021-ci il üzrə illik hesabatların keçirilməsi və s. məsələlər barədə məlumat verib.

science.gov.az