sa sa 1092
BTEB-in və Mərkəzi Nəbatat Bağının Elmi şurasının birgə iclası keçirilib + Foto Dek 08, 2021 | 09:00 / Konfranslar, iclaslar

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının Mərkəzi Nəbatat Bağının Elmi şurası ilə birgə iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. O, 25-27 noyabr 2021-ci il tarixlərində Rusiya Elmlər Akademiyasının nümayəndə heyətinin Bakıya səfəri, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda BTEB-in institutlarının nümayəndələri ilə keçirilmiş görüş barədə məlumat verib.

Sonra BTEB-in Elmi şurasının sədri son dövrlərdə AMEA-da, o cümlədən Mərkəzi Nəbatat Bağında (MNB) həyata keçirilən genişmiqyaslı islahatlar, Natiq Allahverdiyevin MNB-nin rəhbərliyinə gətirilməsi ilə Bağın yenidən qurulması və inkişafı istiqamətində görülən işlər, gedən müsbət proseslər barədə məlumat verib. Nəbatat Bağının tarixi, mandatı və funksiyaları, Akademiya və Azərbaycan üçün mühüm əhəmiyyəti haqqında danışan akademik İradə Hüseynova qeyd edib ki, burada təsərrüfat fəaliyyətləri ilə yanaşı, elmi tədqiqatların da yüksək səviyyədə təşkili prioritet məsələlərdəndir.

Sonra akademik İradə Hüseynova AMEA prezidenti, akademik Ramiz Mehdiyevin sərəncamı ilə AMEA Mərkəzi Nəbatat Bağının icraçı direktoru vəzifəsinə təyin edilmiş biologiya elmləri doktoru, dosent Həsən Babayevi kollektivə təqdim edib. O, Həsən Babayevin həyat yolu, elmi və ictimai fəaliyyəti ilə bağlı yığıncaq iştirakçılarını məlumatlandırıb, bildirib ki, Həsən Babayev 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini Lenin təqaüdü ilə bitirib. 1987-ci ildə Azərbaycan SSR EA-nın Botanika İnstitutunda baş laborant kimi elmi fəaliyyətə başlayan Həsən Babayev 2016-cı ilə qədər həmin institutda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışıb. 2016-2020-ci illərdə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda aparıcı elmi işçi vəzifəsini tutub, 2020-ci ildən institutun Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasında baş elmi işçidir. Həsən Babayev 1999-cu ildə “Biokimya” ixtisası üzrə namizədlik, 2018-ci ildə elmlər doktoru dissertasiyalarını müdafiə edib, 2004-cü ildə dosent elmi adını alıb. Alim 220-yə yaxın elmi əsərin, o cümlədən 1 monoqrafiyanın müəllifidir. Həsən Babayevin elmi rəhbərliyi ilə 1 fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilib, 2 dissertasiya işi tamamlanıb, 2 iş üzərində tədqiqatlar davam etdirilir. Akademik İradə Hüseynova çıxışının sonunda Həsən Babayevin yeni vəzifədə də uğur qazanacağına əminliyini ifadə edib.

Sonra Həsən Babayevin MNB-nin Elmi şurasına daxil edilməsi və şuranın sədri seçilməsi, Elmi şuranın tərkibində digər dəyişikliklər, eyni zamanda biologiya elmləri doktoru, professor Elman İskəndərin sədrin müavini seçilməsi və s. məsələlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.

science.gov.az